AFTAFA GÖTÜRƏNLƏR...

FAİQ QİSMƏTOĞLU
26131 | 2014-07-05 03:07
... Vəzifədə olmaq çoxları üçün bir şansdır. Ən azından ona görə ki, vəzifə kreslosunda əyləşən bu insanlar özlərini çox rahat və xoşbəxt hiss edirlər. Bəs belə də olacaq da. Vəzifə elə bir şeydir ki, onun dadını ən çox o kresloda əyləşənlər bilirlər. Çünki insanın vəzifəsi olanda imkanı geniş olur, hər tərəfə əli çatır. Bunu da hiss edən ətrafındakılar pərvanə şamın başına dolanan kimi orada fırlanırlar. Çünki o fırlananlar vəzifə sahibindən xeyir görür, işini aşırır və çətin gündə özünə arxa tapırlar...
Belə baxanda vəzifədə olmağın heç bir qəbahəti yoxdur. Çünki əgər vəzifən varsa, işlərin "xod" gedəcək, qohum-əqrəban sənə "pir" deyib yapışacaqlar. O vaxta qədər ki, sən o vəzifə kreslosunda əyləşirsən, onların üstünə kölgən düşür və xeyrə-şərə yarayırsan.
Vay o günə ki, vəzifən əldən çıxa, imkanların məhdudlaşa və müflis olasan. Bax, onda əvvəllər yanında gördüyün və sənə "pir" deyib yapışan adamların heç biri gözünə dəyməyəcək. İllah da ki, ikiüzlü, yaltaq və məqsədli şəkildə sənə yaxınlaşmış adamlar bir göz qırpımında yoxa çıxacaqlar.
Bir dəfə vəzifədən çıxmış adamın atası rəhmətə gedir. Vəzifədə olanda ondan xeyir görən, pul qazanan və işini aşıran adamların heç birisi o yas məclisinə gəlib kişiyə başsağlığı da vermir. Atasını itirən sabiq vəzifə sahibinin gözləri çörək verdiyi, cibinə pul qoyduğu və arxa durduğu adamları axtarır. Gözləri nə qədər o insanları axtarsa da heç birini tapa bilmir. Özünü çox pis hiss edir və deyir ki, Allah-Təala mənə bir də vəzifə qismət eləsə, bax onda başqa cür addım atacam. Yəni nakişini kişidən mərdi namərddən ayıracam.
Elə olur ki, tale onun üzünə gülür və bu dəfə onu daha yüksək vəzifəyə təyin edirlər. Vəzifə kreslosunda əyləşən həmin insan yenidən ətrafına yığışan əvvəlki yaltaqları və ikiüzlüləri heç cür özündən uzaq edə bilmir. Yenə onlar onun məclisinin yuxarı başında əyləşirlər. Elə olur ki, bu dəfə də həmin vəzifəli şəxsin anası rəhmətə gedir. Şadlıq sarayında yas məclisi veriləndə adam əlindən tərpənmək olmur. Atasının yasına gəlib başsağlığı verməyənlər hamısı növbəyə durub anası rəhmətə getdiyinə görə ona dil-ağız eləmək istəyirlər. Bunu görən köhnə dostlarından biri vəzifə sahibinin qulağına pıçıldayır ki, bu adam sənin atanın yasında bir dəfə görünmədi, indi nə üzlə gəlib sənin dərdinə şərik çıxır? Vəzifə sahibi gülümsəyir və deyir:
- Onların heç bir günahı yoxdur. Mən bir dəfə birindən soruşdum ki, nə üçün mənə bu qədər yaltaqlanırsan və əldən-ayaqdan gedirsən? Bu yaltaqlığı hardan öyrənmisən? O da utanmaz-utanmaz hırıldadı və bildirdi ki, yaltaqlığı həyatın özündən öyrənmişəm. Məni bu günə salan yaşadığımız həyat, cəmiyyət və yaşayış tərzidir. Mənim iki çıxış yolum vardı: ya yaltaq olub bu qədər var-dövlətə yiyələnməliydim, ya da qürurumu saxlayıb ac-yalavac yaşamalıydım. O qədər qürurunu saxlayıb ac-yalavac yaşayan insanlar var ki. Mən o həyat tərzini seçmədim.
Bir gün nəvəmdən soruşdum ki, böyüyəndə kim olacaqsan? O da dedi ki, sənin kimi varlı adam olmaq istəyirəm. İstəyirəm ki, villam olsun, bahalı maşınlar minim. Bax, onda utanıb nəvəmə demədim ki, hər adam o var-dövlətin sahibi ola bilməz. Bunun üçün gərək kiməsə yaltaqlanmalı, kiminsə aftafasını götürməlisən. Böyüyəndə özü başa düşəcək ki, babası aftafa götürə-götürə bu var-dövlətin sahibi olub.
Vəzifəyə ikinci dəfə təyin olunan həmin adamın yenə gözünü var-dövlət örtmüşdü. Ətrafındakılar yenə həmin yaltaqlar, yenə həmin aftafa götürənlər və ona tərif deyənlər idi. Yas məclisində də əldən-ayaqdan gedənlər də bunlar idi. Camaat da elə bilirdi ki, bunlar vəzifə sahibinin qohum-əqrəbasıdı. Düzdür, onların arasında bəzi qohum-əqrəba da vardı, amma dar gündə və vəzifədən çıxandan sonra onun yanında olan adamlar kənarda durub bu hadisələri seyr edirdilər.
...Ürəyindən qara qanlar axan qohumlarından biri digərinə dedi: "Vallah, bu kişini tanımaq olmur. İşi çətinə düşəndə deyirdi ki, mən hamını dişimə vurdum, mərdlə namərdi tanıdım. Amma bu gün yenə qohumumuzun ətrafında həmin aftafa götürənlər, həmin yaltaqlar onun başına pərvanə kimi dolanırlar. Qoy dolansınlar, onsuz da bu dünyada heç nə əbədi deyil. Günlərin birində yenə həmin qohumu işdən çıxaracaqlar, indi başına pərvanə kimi dolananların heç biri gözə dəyməyəcək. Yenə onu arayıb-axtaran biz olacağıq".
...Beş ildən sonra həmin kişini vəzifədən çıxardılar. Şəkər xəstəliyinə tutulduğu üçün vəziyyəti daha da ağırlaşdı. Xarici ölkəyə müalicəyə getdi, orda da bir effekt vermədi. Bakıya qayıdandan iki ay sonra dünyasını dəyişdi. Bu dəfə yas məclisində yenə onun ətrafında fırlananların heç biri gözə dəymədi. Aftafa götürənlər, ondan istifadə edənlər bu qapını açmadı. Ağır günündə yenə bir-iki mərd qohum-əqrəbası onun yas məclisində iştirak elədi...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV