adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SAMAN ÇÖPÜ

VƏSİLƏ USUBOVA
27003 | 2014-07-05 03:00
Yəqin ki, ümidin son işartısıdı Saman Çöpü. Son işartı isə əbədi qaranlığın soraqçısı, nişan verənidi. Nəhayətsiz maviliyin dibinə çöküncə gözlərinin görə biləcəyi yeganə rəngdi qaranlıq. Sudan yüngül, hətta ovcuna sığacaq qədər kiçik olan qurumuş ot parçasından yapışıb qurtarmaq istəyirsən səni dibinə çəkən zülmətdən. Məntiqsiz, məntiqsiz olduğu qədər də əbəs çabalarının bir bəhrə verəcəyinə özün də inanmırsan. Bəs, niyə əl-qolunu ata-ata, batıb çıxa-çıxa can atırsan ona?!.
Nədi səni ona-suyun üzündə yırğalanan barmaq boyda saman çöpünə sarı aparan?!.
Nədən Ümidin son ucunu saman çöpünə bağlayıblar?! Axı, onun əvəzinə suda üzən köklü-budaqlı ağacı, şalbanı, ya da adi taxta parçasını da misal çəkə bilərdilər. Nəyin ölçüsüdü Saman Çöpü?! Ümidin gücünü, yoxsa gücsüzlüyünü göstərəndi?! Bəlkə insan oğlunun son nəfəsinədək olacaqları, mütləqləri qəbul etməyə qadir olmadığını, boğula-boğula, qarala-qarala da olsa belə xəyallarla yaşamasını, özünü aldatmaqdan əl çəkə bilmədiyini izah edir?!
Səbəbini özün də bilmirsən. "Ümid, ümid" deyə-deyə doldurublar qulağını. Heç özləri də bilməyiblər nə olan şeydi bu ümid. Bəlkə edilən səhvlərdən qurtarmaqçın özünəbəraət təskinliyidi ümid deyilən şey?! Əl-qolunu tərpətmədən taledən sürprizlər gözləyən bir xəyalpərəstin uydurmasıdı?!
Bəlkə heç eşitdiyin, bildiyin deyil, içindən gələn bir səsdi?!
Bəlkə... bəlkə... bəlkə...
Ömrümüz əridi bu bəlkələrin içində...
İstədiklərimiz qaldı, istəmədiklərimizlə uğraşdıq bu bəlkələrin ucbatından...
Bəlkələrə bel bağlamaqdan ümid eləmək yaxşıdı. Ümid qətiyyətsizdi-əminlik, arxayınlıq yaratmır. Tanımadığın kimsənin təsəlli pıçıltılarına bənzəyir-zərifdi, kövrəkdi... amma yaşatma gücü var. Ürək isidən istisi var. Damarlarını donmaqdan, ürəyini partlamaqdan qoruyandı. Gözlərini nəhayətsiz üfüqlərdən yığılmağa qoymayan da odu...
Yaxşı sözdü Ümid! Gözəl sözdü! Bütöv mənasını, əsl qiymətini tapmayıb hələ. Tapması gərək də deyil. Elə qiymətsizliyi, bitib-tükənməzliyi də bundadı. Həmişə bol olsun, üzülməsin, yerin təkindən qaynayan, qaynağı bilinməyən bulaqlar kimi qurumasın...
Onsuz da insan övladı bütün istəklərinə yetmir. Bir ömür boyunca itirir də, qazanır da. Bəzən heç hansının çox, hansının az olduğunu da bilmir. Bilməsi də vacib deyil...
Ümid sarıdan toxdu həmişə...
Elə bu da az şey deyil...
Ümid həmişə yaxşılığa bəslənən, xoşluqlara tuşlanan duyğudu. "Ümidsiz şeytandı" fikri də ağlabatandı. Ümidini itirən kəsin qeyri-insani əməllərə baş qoşması da gözləniləndi... Şeytan da ümid edə bilmədiyinə görə həmişə bədxahdı, mərdiməzardı bəlkə. Qəlbində işıq, eşq olmadığından pisliklərdən zövq alır, insan əzablarından nəşələnir...
Ümid keçicidi, toxum kimi cücərəndi. Öz içində ümid işığı gəzdirənlər onu başqalarına da ötürə bilirlər...
Qəlbləri qaranlıqlardan, sıxıntılardan qurtarıb yerinə yaşantı qığılcımları səpəndi Ümid...
Hara getdinsə, nə etdinsə daima qulaqlarında musiqi kimi səslənər, ruhunu dincəldər, köksünü rahatladar...
Hər zaman həsrətində olduğumuz Sevgi pıçıltılarıdı ÜMİD...
Bəs, niyə saman çöpünə bənzədilir?! Belə yüngül, davamsız çöplə müqayisəsi də elə onun gücündən xəbər verir...
Ona tərəf üzürsənsə, ondan imdad umursansa, o kiçik saman çöpü bir yoğun ağac gövdəsinə, qayığa, lap elə gəmiyə də dönə bilər, demək... Sən də o ağacın üstünə çıxıb qayığa, gəmiyə minib xilas ola bilərsən...
Məsələ gözünün gördüyündə deyil, xəyalının yaratdığında, ümidinin böyütdüyündədi...
Hər şeyi gördüyümüz kimi qəbul etsək, ürəyimiz partlar o zaman...
Ümiddən üz döndərmək, küsmək, bezmək mümkünmü, görəsən?! Gərəksiz bir əşya kimi kənara tullamaq necə? Deyəsən, yox! Sən atsan da, o özü əl çəkməyəcək yaxandan. Səninlə yaşayacaq-sənin içində, qanında, canında olacaq... "Batan gəminin suya atılan yükü kimi atıram ümidlərimi..." deyən şair (Vaqif Səmədoğlu) sonra nələr çəkib, görəsən?! Yüngülləşib, yoxsa, peşiman olub?!.
Bəs, başqalarının ümidiynən necə, ehtiyatla davrana bilirikmi? "İnsanların ümidiylə oynama, bəlkə də tək sahib olduqları şey odur" deyirdi Konfutsi...
Doğrudanmı, biz bu qədər az şeyə sahibik?!

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV