adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SIRXAVƏNDLİ SAQQAL BAYRAM

MƏMMƏD DƏMİRÇİOĞLU
39399 | 2014-07-05 02:18
Bayramı dövrəyə alan döyüşçü dostları ətrafı diqqətlə izləyirdilər. Bayram isə sonuncu minanın şplintini çəkib hazırlıq vəziyyətinə gətirəndə əli partladıcı kapsula toxundu. Bu, minanın əldə partlaması demək idi. Bu, Bayram qarışıq 7 nəfərin parça-parça olub göyə sovrulması demək idi. Kapsul işə düşdü və iynəsinin partlayış verən zapala toxunmasına cəmi bircə saniyə qaldı.
Bu an, ölümlə həyat arasındakı bircə anlıq məsafə idi. Bayram əlinin mayası ilə minanın üst qapağına sərt bir zərbə endirdi. Qapağın, yivin açılma istiqamətinə tərəf sürətlə fırlanması bir göz qırpımında baş verdi. Bayram dizi üstündə quruyub qalmışdı. Zapal işə düşsə də partladıcı iynə hədəfə çatmamışdı. Mina partlayış verə bilmədi. Alnında puçurlamış tər damcıları yanağı aşağı selləndi. Xata sovuşmuşdu. Bayramı qoruyan ağ geyimli döyüşçülər yerlərində donub qalmışdılar. Belə bir möcüzənin baş verməsinə inana bilmirdilər.
Tezcə özünə gələn Bayramın üzünə təbəssüm qondu. O, yerdən bir xışma qar götürüb, alnını, üzünün tərini sildi:
-Anamız namaz üstündə imiş, yoxsa hər tikəmiz qulağımız boyda olacaqdı - deyib, əlindəki minanın yarı açılmış qapağını tam olaraq açdı, qurğunu yenidən işə salıb gözəgörünməz simə bağladı.

GÜNEY POSTU UĞRUNDA DÖYÜŞ


1991-ci ilin dekabrından başlayaraq ermənilər planlı şəkildə hücumlar edir, Qarabağın bütün bölgələrində hərbi zorakılıqlara əl atırdılar. Xocalıda baş verən soyqırımından sonra vəziyyət ciddiləşmiş, ermənilərin mənfur niyyətləri açıq-aşkar üzə çıxmışdı.
Ağdərə istiqamətində başlayan əməliyyatlar formatını dəyişmiş, geri çəkilən ermənilər Bakıda baş verən hakimiyyət çəkişmələrindən faydalanaraq iri masştablı əməliyyatlara başlayaraq bir neçə kəndi, şəhəri ələ keçirmişdi.
Sırxavəndin qonşu kəndləri olan Baş güneyi, Xatınbəylini, Tellibinəni, Məliklini, Orta pəyəni, Bəşirri və Qaraşdını ələ keçirərək Ağdam yoluna sahib olmaq niyyətindəydilər. Bu hücumları uğurla həyata keçirmək üçün erməni kəndləri olan Çıldıranın, Fərruxlu və Qazançının mövqeyini bərkitmək, adları sadalanan Azərbaycan kəndlərini mühasirəyə almaq və bununla da gələcək planlara yol açaraq Qarabağa sahib olmaq istəyirdilər.
Belə olduğu halda mühasirəyə alınmış kəndləri yandırmaq, əhalini gülləboran edərək yeni Xocalı faciələrini yaratmaq mümkün olacaqdı.
Düşmənlərin niyyəti tam aydın olduğundan, Dadaş Rzayev başçılıq etdiyi batalyonu fevralın 15-də Sırxavənd ətrafında yerləşdirdi. On beş tank və bir neçə BMP markalı zirehli döyüş maşınlarıyla əməliyyata başladılar. Milli qəhrəman Şirin Mirzəyevin komandanlığı altında silahlı dəstələri Fərrux və Qazançı kəndini darmadağın etdilər. Bu kəndləri itirən ermənilərin bəd niyyətləri, Sırxavəndi mühasirəyə salmaq cəhdləri baş tutmadı.
Dadaş Rzayevin bu taktiki gedişindən sonra ermənilər Vəng istiqamətindəki mövqeləri gücləndirmək üçün Xocavənddə yerləşən 366-cı alaydan bu istiqamətə 27 tank və çoxlu sayda BMP markalı zirehli texnika yerləşdirdilər.
Sırxavəndlilər nələr baş verdiyini və baş verəcəyini artıq anlayırdılar. Bütün bunlara baxmayaraq Sırxavəndi müdafiə edəcək özünümüdafiə dəstələrinin yetərincə silah-sursatı yox idi, güvəndikləri yeganə texnika Dadaş Rzayevdən qalmış BMP markalı zirehli maşın idi. O da xarab olduğundan atıb getmişdilər.
Kəndin baş mühəndisi olan Qüdrət Dostuyev qarajın baş ciləngəri olan İxtiyara tapşırmışdı ki, bu maşını təmir etsin, özü də idarə etməyi öyrənsin. Belə də olmuş, və dar günlərində həmin BMP işlərinə yarımışdı.
Erməni kəndi olan Kiçanın sağ cinahında yerləşən Güney postu, Kərimin postu, Təpə postu Sırxavəndi qorumaq üçün ən gərəkli mövqelərimiz idi. Odur ki, Sırxavəndlilər bu postları göz bəbəyi kimi qoruyur, baş qaldıran erməniləri yerlərindəcə susdururdular.
Vaxtaşırı ermənilərlə olan sərhədləri, yolları minalayan Bayramın minaları düşmənin bir neçə zirehli texnikasını məhv etmişdi. Sırxavəndlilərdən gözü qamaşan ermənilər bu kəndi ələ keçirmək üçün böyük planlar hazırlayırdılar.
Sırxavəndlilər üçün ən əlverişli mövqe olan Güney postuna Saqqal Bayram rəhbərlik edirdi. O, ağır çəkili PK pulemyotunu çiyninə alaraq döyüşçü dostlarıyla kürək-kürəyə verib, başını qaldıran ermənilərin üstünə od yağdırırdı.
Kəndin ən cəsur, qorxmaz və dönməz oğullarından biri də Səməd Fərzəliyev idi. Onun ermənilərlə xüsusi haqq-hesabı var idi. Qorxu anlayışının nə olduğunu bilməyən bu igid, sanki erməni qanına susamışdı. Gecələr yuxu yatmaz, sərhəd postlarını bir-bir yoxlayar, fürsət düşdükcə erməni yaraqlılarını qanına qəltan edərdi.
Ermənilər çox yaxşı bilirdilər ki, bir neçə Sırxavəndli cəngavər var ki, tək onlar bir erməni qoşununa bəs edər. Ona görə həmin adamları ələ keçirmək, öldürmək üçün xüsusi snayper dəstəsi yaratmışdılar. Onu da çox gözəl bilirdilər ki, Səmədin, Bayramın, Kamilin, Bilalın və bir neçə cəsur Sırxavəndlinin itkisi bütöv Sırxavəndin məğlubiyyəti idi. Odur ki, onları aradan götürmək üçün hər an fürsət axtarırdılar.
Fevralın 6-sı Sırxavəndə yeni atəşlər başladı. Odlu güllərlə kəndi atəşə tutdular və Şahverənin pəyəsini odladılar. Kəndə haray düşdü. Sırxavəndli döyüşçülər qana-qan almaqda mahir idilər. Bir itkinin əvəzini beşi ilə çıxmasalar rahatlıq tapmazdılar və Şahverənin odlanmış pəyəsinin əvəzinə Kiçan kəndinin 7 evini odlayıb, külünü göyə sovurdular.
Güney postunda PK-sını sinəsinə sıxmış Bayram Sırxavəndi atəşə tutan mövqeləri susdurur, Ratsiya ötürücüsü ilə əlaqə saxlayaraq başqa cinahlara tapşırıqlar verirdi. Elə bu ara xəbər verdilər ki, atan Ələsgər kişini vurdular.
Bayram Güneyi tərk etməzdən öncə xüsusi tapşırıqlarını verdi, postu göz bəbəyi kimi qorumağı tapşırdı.
Bayramgilin evini nəzarətdə saxlayan erməni snayperləri Ələsgər kişini Bayram bilib nişan almışdılar. Güllə əyilə-əyilə evinə tələsən Ələsgər kişinin belinin aşağı nahiyəsindən dəyib, ağzının içindən çıxmışdı.
Bayram Ələsgər kişini dövrəyə almış camaatı aralayıb atasının başını dizinin üstünə qaldırdı. Ağzından qan axan Ələsgər kişi mağmın-mağmın oğlunun üzünə baxdı, nəsə demək istədi, bacarmadı. Gecikmək olmazdı. Bayram atasını təcili Bakıya götürdü .
Bayramın yarı canı kənddə qaldı. Çox ağır bir vaxt idi. Ermənilər inadkarcasına hücumlar edərək kəndi güllə yağışına tutur, Ballı qayanın yüksəkliyində yerləşdirdikləri topla Bəşirri və Qaraşdar kəndini atəşə tuturdular.
Səməd Bayramın Bakıya getməsindən məyus olmuşdu. Ermənilər bunu bilsələr Güney postunu ələ keçirəcəkdilər. Odur ki, qüvvələri həmin posta göndərməli, oranın mövqeyini möhkəmləndirməli idi.
Fevral ayının 8-i, axşam tərəfi idi. Alatoran qış gecəsi qara qanadlarını bəmbəyaz qar örtüklü dağların, meşələrin, burma-burma tüstüsü buğlanan kənd evlərinin üstünə sərirdi. Aramsız güllə səsləri təkcə Xaçının şaqqıltı ilə axıb gedən səsini perikdirə bilmirdi. Hər şey oyaq idi. Hətta pəyədəki mal-heyvan belə gah tək-tək, gah da qatarla atılan güllə səslərindən diksinir, əli silahlı kişilər yatmağın nə olduğunu unutmuş, uşaqlar, qadınlar belə silaha sarılmışdılar.
Təpə postundan yenicə gəlmiş Səməd kənddə bir an belə qərar tutmadı, avtomatını çiyninə aşırıb Güney postunu yoxlamalı, oradan da Kərimin postuna adlamalıydı. Ayağının altında xırçıldayan qar qulaqlarını oxşayırdı sanki. Şahmalının evinin tininə çatanda ayağını saxladı, dərindən nəfəs alıb duman qarışıq alatoranda yoxa çıxan dağlara tərəf baxdı. Sonra üzünü təkəmseyrək ulduzları parıldaşan göy üzünə çevirib nəsə demək istədi. Elə bu an uzaqdan boğuq bir güllə səsi eşidildi. Səmədin alnında partlayan snayper gülləsi dəbilqəni başından qoparıb səmaya vızıldatdı. Alnından açılmış qara deşikdən qan şoşaqlanıb sifətində zolaqlandı. Əlini Şahmalının doqqazına uzatdı kı, yıxılmasın. Əli boşa keçdi. Gözləri heç nə görmədi, nitqi tutuldu. Amma yıxılmaq istəmirdi. Yıxılmaq olmazdı Səmədə. Səmədin yıxılmağı Sırxavəndin yıxılmağı idi...
Erməni snayperi Səmədi alnından vurmuşdu. Onun vurulması bütün kəndi ayağa qaldırdı. Bu böyük itki hamını göynədirdi. Qan ağlayan Sırxavəndlilər ən cəsur igidlərini itirmişdilər.
O gecə qara geydi Sırxavənd. Səhəri günü Səmədi Ağdamın şəhidlər xiyabanında dəfn etdilər.
Bayram atasının sağ qalmasına çox sevinirdi. Həkimləri heyrətləndirən bir möcüzə baş vermişdi. Kürəyin aşağı nayihəsindən girən güllə bütün bədən boyu hərəkət edərək, boğazından keçmiş, hətta dilinə belə ziyan vurmadan ağzından çıxmışdı. Üzünü Bayrama tutan həkim:
- Çox maraqlıdır ki, bütün bədən boyu yol gələn güllə atanın bir orqanını belə zədələməyıb. Harada boş yerlər var, orayla hərəkət edən güllə sanki ziyan vurmamaq üçün ən təhlükəsiz yerlərlərdən keçərək ağız boşluğundan çıxmışdır - deyərək, Bayramı təbrik etmişdi.
Bayramın sevinci çox sürmədi. Səmədin ölüm xəbərini eşdəndə dərin bir fikrə getdi. "Sırxavəndi alacaqlar" - deyib dodaqaltı pıçıldadı.
Ermənilər sanki plan üzrə hərəkət edirdilər. Səmədin vurulmasını bildilər, havaya vertolyot qaldırıb Güney postunun boş olduğunu gördülər və dərhal yaraqlılar postu ələ keçirdilər.
Başı Səmədin dəfninə qarışmış Sırxavəndlilər Güneyin tutulduğunu biləndə artıq gec idi. Ermənilər Güneydən atəşlər açaraq çamaatı evinin içində belə nişan ala bilirdilər. Güneyin alınması Sırxavəndin məğlubiyyəti idi. Odur ki, kənd ağsaqqaları, əli silahlı döyüşçüləri məsləhət-məşvərət etdilər ki, bir gün belə gecikmədən Güneyi ələ keçirmək lazımdı.
Qüdrət kişinin məsləhətiylə gecə yarıdan keçmiş bir neçə döyüşçü İşgə çayının içiylə Güney postunun sağ cinahında yermləşməli idilər. Əməliyyata rəhbərlik edən Bəhmən isə sol cinahda bir neçə döyüşçünü yerləşdirib özü isə postun arxa tərəfinə keçməli idi.
Səhərə yaxın idi. Uzaqdan xoruzların səsi eşidilirdi. Gecənin sükutunu pozan çaqqalların vaqqıltısı səngimiş, gah hürən, gah da zingildəyən itlərin səsi kəsilmişdi. Hərdənbir havaya atılan fişənglərin fışqırtı səsində yoxa çıxan İşgə çayının şırıltısı, yenidən dirilir, bu yeknəsək sükuta layla çalmaqda davam edirdi.
Bəhmən döyüşçülərə tam sakit olmaq əmri verdi. Bir neçə döyüşçü ilə Güney postunun arxa tərəfinə keçmək üçün şəlliklərin arxasıyla uzanan çəhlimlə yuxarı süründü. Qozdu dərəyə endikdən sonra rahatca yuxarı qalxıb Güneyin arxa tərəfinə keçdilər. Ayazıyan hava getdikcə işıqlaşırdı. Bəhmənin tapşırığına görə hava işıqlaşan kimi sol cinahdan posta atəş açmalı idilər.
Postun ətəklərini göyə sovuran güllələr erməniləri vahiməyə saldı. Cavab atəşləri gəldi. Ermənilər güllə açılan istiqaməti gülləboran etdilər, ardınca bir neçə qrantamyot mərmisi də atdılar. Elə bu ara sağ cinahdan hücuma keçən Sırxavəndlilər erməniləri çaş-baş saldı. Onların mövqeyi təhlükəsiz olduğundan hər iki cinahı güllə yağışına tutdular.
Bəhməndən xəbərləri olmayan ermənilər, bütün diqqətlərini postun sağ və sol cinahlarından edilən atəşlərə yönlətmişdilər. Bəhmənə də bu lazım idi.
O, Güneyin üst hissəsindəki qayalıqların arasında yerini rahatlayıb beşaçılanın mağazasını doldurdu. Barmağıyla erməni yaraqlılarını saymağa başladı. Boyu 2 metrdən uca olan neqr nayomniklə birgə 30 erməni idilər. Onun mövqeyi elə idi ki, ermənilər sanki ovcunun içində idi. Beşaçlanı sinəsinə sıxıb birinci olaraq qara həbəşi nişan aldı. Güllə açılan kimi həbəş yerindən havaya qıfcınıb, kürəyi üstə yerə səvərdi. İkinci güllə açıldı. Hər açılan güllə bir ermənini yerə uzadırdı. Təşviş içində parpıldaşan ermənilər əvvəlcə bir şey anlaya bilmədilər. Qısa zamanda Bəhmən 9 ermənini gəbərtmişdi. Bəhmənin mövqeyini atəşə tutan ermənilər postu tərk etmək məcburiyyətində qaldılar. Bəhmən yerini dəyişib aşağıdakı kolluğun arxasına yuvarlandı. Qüdrət kişi onun aşağı tərəfində idi. Bəhmənin yeri etibarlı olmadığından:
- Bəhmən, orada səni vuracaqlar - deyən Qudrət kişi onu xilas edə bilmədi. Sərrast atılan güllə Bəhmənin almacıq sümüyündən dəyib, boynunun arxasından çıxdı.

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV