adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

SƏNi ALDADIRLAR, AY YUNESKO

OQTAY SALAMOV
22320 | 2007-06-13 05:44
Çox hörmətli YUNESKO, salamdan sonra ehtiram. Bizim tərəflərin vəziyyəti və havaları ilə maraqlansan, belə, miyanədir. Əslində "vəziyyət"dən "v"nı götürmüşük, qalanı bizimdir. Havalar da yerin məlum, günün yaxşı keçəndə hava da yaxşı olur. Son günlərdə bir az korlanıb. Havanı deyirəm. Ərk eləyib "sən" dediyimi irad tutma, daha bizdə hörmət "sən"lə, "siz"lə ölçülmür, sənin guya azaldığını iddia etdiyin nəsnə hörmətin əsl meyarıdır ki, söhbətim də elə bu haqda olacaq.
   
   Möhtərəm YUNESKO, bağışdaginən, cinsini də bilmirəm ki, sənə "bəy", "cənab" deyə müraciət eləyim, yoxsa "xanım", "madam" (bu yaşda "miss" olmaz, əgər evdə qalıb qarımayıbsansa). Qadası, bir erkək hesabat dərc eləmisən: "Məktəb və universitetlərdə korrupsiya: problemin həllinə dair təkliflər". Mən sənin danışdığın dili bilmədiyim üçün hesabatı da oxuya bilməmişəm. Sadəcə, hesabat haqda məlumatı oxumuşam. Ona görə də anlaya bilmədim ki, bu hesabat bizim məktəb və universitetlərə aiddir, yoxsa "voobşe", dünyada olanlara. Xəbərin tonundan bizdə olana oxşayır. Deyir, "hesabatda ali təhsil müəssisələri arasında tələbə köçürmələrində, imtahanlarda rüşvət alınmasının, korrupsiyanın digər formalarının təhsil sisteminə vurduğu zərər araşdırılıb. Belə məlum olur ki, sən bu hesabatı Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutunun bir neçə il ərzində apardığı tədqiqatlar əsasında hazırlamısan.
   
   Dərd orasındadır ki, mən heç Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutunun da harada olduğunu bilmirəm. Adama deyərlər ki, onu bilmirsən, bunu bilmirsən, bəs nəyi bilirsən, niyə yarım açıq məktub yazırsan? Darıxma, qadası, bildiyim də var.
   
   Babalı yazanların boynuna, sənin hesabatında deyilir ki, müəllimlərin işə götürülməsi zamanı rüşvət alınması müəllimlərin peşə səviyyəsinin aşağı düşməsinə səbəb olur. Yox, əzizim, bizdə müəllimlərin peşə səviyyəsinin aşağı olmasında başqa səbəblər daha çoxdur: pulnan girirlər, pulnan qiymət alırlar, lap axırda pulnan işə düzəlirlər. Ola bilsin ki, savadlı, bilikli müəllim işə götrmək üçün pul versin, amma Məşədi İbad demişkən, bu hələ onun səviyyəsinin aşağı olduğuna dəlalət eləmir. Maddə iki: Məktəbə qəbul zamanı rüşvətin alınması məktəblilərin orta təhsili yarımçıq qoymasının əsas səbəblərindən biridir. Qətiyyən doğru deyil (özümüzünkü olsaydın, yazardım ki, yalandır! Amma neffuizm anlayışından xəbərim var; bilirəm ki, "it balası" ifadəsini yumşaldıb "küçük" deyəndə adresat çox da incimir). Birinci sinfə gedəndə yaxşı müəllimə düşsün deyən pul verməyin təhsili yarımçıq qoymağa nə dəxli var ki? Valideyn görür ki, oxuyanın axırı nə olur, oxutmaq neçəyə başa gəlir- vaxtında uşağını göndərir pul qazanmağa. Nəticəsi, hələ savad mənasında bu gününə şükür etməli olacağımız Azərbaycan olacaq.
   
   Maddə üç: YUNESKO ekspertləri Azərbaycanda ali məktəblərə qəbul zamanı rüşvət alınması faktlarının minimuma endiyini bildirirlər. Atam balası, minimum nə qədərdi? Maksimum olanda bilirik ki, hamı rüşvətlə girir. Bəs minimumun ölçüsü nədir? Mən belə başa düşürəm ki, rüşvətlə ali məktəbə qəbul olunan var, amma azdır. Yəni bir cıqqan hamilə olmaq kimi şeydir, hə?
   
   Deyirəm, nə yaxşı ki, səbrim çatıb, sənin hesabatın haqda məlumatı axıracan oxumuşam. Sonda bilmişəm ki, tədqiqatlarda 60-a yaxın ölkənin nazirliklərinin, inkişaf agentliklərinin (görəsən, bizdə də varmı? İnkişafı demirəm, agentliyi soruşuram) və dövlət qurumlarının (bundan bizdə 100 faiz var, bəzi yerdə ona "his" də deyirlər) məlumat və analizlərindən istifadə olunub.
   
   Möhtərəm YUNESKO! O 60-a yaxının qalanlarını bilmirəm, amma bizimkilər səni aldadıblar, başqasının analizini soxuşdurublar. Rüşvət minimuma-zada enməyib, məktəblərdə də var, universitetlərdə də, qəbullarda da, işə düzələndə də. Təhsil Nazirliyinin sözçüsü deyir ki, konkret fakt göstərin!

TƏQVİM / ARXİV