ERMƏNiLƏR SANKT-PETERBURQDA DA ÖZ AMPLUASINDAYDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
26420 | 2007-06-12 16:51
Hər kəsə bəllidir ki, ötən həftənin son günü Sankt-Peterburqda Dağlıq Qarabağ probleminin çözümü ilə bağlı sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə görüşüblər. Artıq bu görüş başa çatıb və görüşə böyük ümid bağlayan Dağlıq Qarabağın, eləcə də bütövlükdə işğal olunmuş rayonların sakinləri, bütövlükdə xalqımız son nəticədən xəbərdar olsa da, məsələyə tam aydınlıq gətirmək, baş verənlərdən xəbərdar olmaq üçün Dağlıq Qarabağ Azərbaycan İcmasının rəhbəri Nizami Bəhmənovla görüşdük.
   
   - Nizami müəllim, mətbuatdan bildiyimə görə, Sankt-Peterburq görüşü öncəsi ölkəmizə səfərə gələn ATƏT sədri, eləcə də Minsk qrupunun həmsədrləri müəyyən açıqlamalar verib və sizin də ATƏT sədri ilə görüşünüz olub. Bu barədə nə deyə bilərsiniz?
   
   - ATƏT-in hazırki sədri paytaxtımızda olanda bizimlə görüş üçün on dəqiqə vaxt ayırmışdı. Özünüz təsəvvür edin, bir milyon insanın müsibətlərini, Qarabağın, işğal olunmuş torpaqların faciəsini, müharibə dövründə və bu gün də orada törədilən vəhşilikləri çatdırmaq üçün on dəqiqə vaxt... İlk öncə mən buna etirazımı bildirdim. Protokola əsasən görüşdə Xocalının nümayəndəsi, ekspert Anar, Xocavənddən Ceyhun və Şuşadan Tural mənimlə birlikdə bu görüşdə iştirak edirdi. Onu da qeyd edim ki, hər üç ekspert yüksək intellekti olmaqla yanaşı, həm də bir neçə xarici dil bilir. İcma sədri kimi mən ATƏT sədrinə onu da xatırlatdım ki, bizim ən böyük problemimizi dinləmək üçün on dəqiqə vaxt ayırırsınız, müxalif partiya rəhbərləri ilə görüşə bir saat yarım. Həmçinin onu da xatırlatdım ki, nədənsə həm onun şəxsi nümayəndəsi Kasprşik, həm də Minsk qrupunun həmsədrləri Yerevanda, Xankəndində və Bakıda həmişə fərqli bəyanatlar verir və bununla da bir anlaşılmazlıq yaradırlar. Bu cür faktlar dəfələrlə olub, hətta Kasprşik bu gün törədilən yanğınlarla bağlı açıqlama verəndə cinayəti təbiət hadisəsi kimi təqdim edir. Problemlə bağlı məruzə hazırlayan nümayəndə isə öz növbəsində illərlədi ki, bu məruzə üzərində işləyir və onun məruzəsində də reallıq öz əksini tapmayıb. Baxmayaraq ki, həmsədr dövlətlər, eləcə də BMT, Avropa Şurası, bütövlükdə beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır, amma həmsədrlər öz bəyanatlarında nə bir dəfə konkret cinayətkarın, işğalçının adını çəkmir, nə də problemin çözümü ilə bağlı konkret bir təklif ortaya qoymur. Əksinə, Yuri Merzlyakov özünün sələfi Kazimirov kimi ikibaşlı oyun oynayır. Mən sizə konkret bir fakt deyim, bu heç harda öz əksini tapmayıb. Ulu Öndərimizin mahir siyasətçi qərarından biri də o oldu ki, bütün fəaliyyətin Qarabağ problemini uzatmağa, erməniləri bu oyunda öz istədiyi kimi oynamaq şəraitini yaradan məhz Kazimirov olmuşdu. Moskvada Arkadi Qukasyan, Zori Balayan və Kazimirov birlikdə süfrə arxasında olarkən onların şəkli çəkildi, bundan və digər faktlardan istifadə etməklə Heydər Əliyev Kazimirovu həmsədrlikdən uzaqlaşdırmağa nail oldu. Bu gün də hər kəsin böyük ümidlə gözlədiyi Sankt-Peterburq görüşü ərəfəsində rusiyalı həmsədrin açıqlaması dərhal Azərbaycan hökumətinin, onun təmsilçisi Araz Əzimovun sərt təpkisi ilə qarşılandı. Və əgər Merzlyakovun yayılan bəyanatı təsdiqini taparsa, o yəqin ki, ən yüksək səviyyədə cəzalandırılacaqdır. O ki qaldı Sankt-Peterburq görüşünə, üç saatdan artıq çəkən danışıqlarda konkret bir nəticə əldə olunmasa da, bəzi məsələlərin yenidən işlənməsi barədə razılığa gəlinib. Bütün bunlara baxmayaraq, paytaxtımızda qaçqın soydaşlarımız üçün salınmış yeni qəsəbənin açılışında ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənabları birmənalı olaraq Azərbaycan torpaqlarının bir qarışının da güzəştə gedilməyəcəyini, sülh danışıqları nəticə verməsə, problemin hərb yolu ilə həllinin də istisna edilmədiyini bildirib. Mən də məhz bu məsələni ATƏT sədrinə çatdırdım və bildirdim ki, beynəlxalq təşkilatlar, Minsk qrupu problemi çözə bilmirsə, çəkilsin kənara, iki dövlət öz problemini həll etsin. Azərbaycanın bugünki gücü öz torpaqlarını azad etməyə imkan verir.
   
   - Nizami müəllim, mətbuatda belə bir fikrə rast gəldim ki, Dağlıq Qarabağın Azərbaycan İcmasında parçalanma baş verir və hansısa böyük məbləğ barədə, hətta konkret rəqəm göstərilməklə məlumat təqdim olunub. Bu nə dərəcədə doğrudur?
   
   - Bilirsiniz, nədənsə müəyyən insanlar öz məkrlərini ya gizlədə bilmirlər, ya da bu məkr o qədər güclüdür ki, mütləq ayrı-ayrı şəxsləri və yaxud təşkilatları bütövlükdə xalqı ləkələməyə, ona çirkab atmağa vərdişkardılar. Öncə tarixə müraciət edək, Qarabağ Azərbaycanlı İcmasının yaranması təşəbbüsü ilə millət vəkilləri Həvva Məmmədova və Elman Məmmədov, o cümlədən də mən çıxış etmişəm, birlikdə sənədləri hazırlayıb, təbii ki, işçi qrupunun köməkliyi ilə Ədliyyə Nazirliyinə təqdim edib qeydiyyatdan keçmişik. Ancaq bundan öncə 1992-ci il mart ayının 24-də ATƏT-in Helsinkidə keçirilən toplantısında qərara alındı ki, aparılan danışıqlarda tərəflər - Azərbaycan və Ermənistan, iştirakçı isə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının nümayəndəsi olacaq. Həmin vaxt Milli Məclisin qərarı ilə həmin İcma yaradılıb, onun da sədri mən seçilmişəm. Tarixi indiki kimi yadımdadır, Şuşanın işğalından sonra iyun ayında Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ən böyük məntəqəsinin rəhbəri kimi icma rəhbəri təyin olunmuşam, bu günədək də icmanın fəaliyyəti yaxşı olub, pis olub bu başqa bir mövzudu. Amma hər halda görülən iş də göz qabağındadır, mən həmişə dövlətimin və təmsil etdiyim icmanın mövqeyini qorumuşam. Lakin müxalifət mətbuatı son günlər belə bir məlumat yayıb ki, guya sonradan bizim qeydiyyatdan keçirdiyimiz icmada parçalanma var. Buradan iki sual ortaya çıxır: biz bu icmanı niyə yaratdıq və niyə yenidən qeydiyyatdan keçirtdik? İlk öncə ona görə ki, danışıqlar prosesinin indi elə mərhələsidir ki, sabah Dağlıq Qarabağın status məsələsi müzakirə ediləndə bu, azərbaycanlı və erməni icmasına şamil olunacaq. Həmin prosesdən kənarda qalmamaq və orada ermənilərlə birlikdə yaşamalı olan insanların hüquqlarını qorumaq üçün özünün iş yeri, işçi qrupu, ekspertləri, rəhbərliyi olan və beynəlxalq aləmin qəbul edə biləcəyi bir icmaya ehtiyac var idi. Ona görə də işğal olunmuş ərazilərdən seçilmiş və bilavasitə Qarabağ icmasını təmsil edə biləcək, hər birimizin tanıdığı Elman müəllim və Həvva xanımla birlikdə bu məsələ qaldırıldı və artıq problem də həllini tapıb. Bu gün icmanın yüksək intellektli, bir neçə dil bilən ekspertləri var. Özü də bilavasitə Dağlıq Qarabağın nümayəndələridirlər. Müxalif mətbuatın qabartdığı parçalanma məsələsi ilk sualınıza cavabda dediyim kimi, onların protokol qaydalarını bilməməsindən irəli gəlir. İddia edirlər ki, niyə görüşdə millət vəkilləri iştirak etməyib? Axı protokol var, biz də həmin protokola əməl etmişik, on dəqiqəlik görüş protokolu.
   
   - Bəs onda qabardılan 50 milyon dollar...
   
   - Mən elə o məsələni qeyd etmək istəyirəm. Beynəlxalq Bankda icmanın bank hesabı var. Maraqlana bilərsiniz, əgər müxalifət qəzetlərinin yazdığı kimi, dövlət, eləcə də hansısa qarabağlı iş adamı həmin hesaba əllicə manat pul köçürübdüsə, buyursunlar mən, eləcə də icmanın bütün üzvləri öz əmək haqqımızı bu faktı təsdiq edə biləcək jurnalistə verə bilərik. Ancaq çox ciddi şəkildə bildirirəm ki, bununla icmaya ləkə atan, o cümlədən də məni, icmanın digər iki millət vəkili olan təmsilçisini üz-üzə qoymaq istəyən müəllifi məhkəməyə verəcəyəm. Bağışlamaq, güzəştə getmək söhbəti olmaz. Yetər, insanların əsəbləri ilə oynamaq. Hansı yollara əl atmırlar, məqsədləri də məni gözdən salmaqdı, ancaq istəklərinə nail ola bilməyəcəklər. Qarabağın azərbaycanlı icması, dövlətimiz, ölkə rəhbərliyi mənim işimdən də xəbərdardır, şəxsiyyətimdən də. Sadəcə, bu cür çirkablar adamı təbdən çıxarır və yadıma Sankt -Peterburq görüşü ərəfəsində Yerevanda görüşü pozmaq cəhdi ilə edilən çıxışlar düşür. Burda da öz ermənilərimiz icmanı gözdən salmaqla bizi bir-birimizlə qarşı-qarşıya qoymaq, hakimiyyətlə icma arasında problem yaratmaq, əlimizi işdən soyutmaq istəyirlər. Mən sona qədər bu yolda bacardığımı edəcəyəm və Şuşaya da qayıdacağıma inanıram.
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV