adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

TARiF ŞURASINA YAZIğIM ?ƏLiR

OQTAY SALAMOV
25309 | 2007-06-07 04:44
Müqəddəsləri həmişə çətin qəbul eləyiblər, bəzən heç qəbul eləməyiblər də. Bizim Tarif Şurası əleyhissəlam da müqəddəslərdəndi, ona görə onun əməllərini bəzən çətin qəbul eləyirik. Amma eləməmək haqda düşünə də bilmərik, ağzımız əyilər. Çətinliklə, zorla qəbul eləyirik, sonra öyrəşirik. Öyrəşməyib neynəyəsiyik ki?..
   
   Yadınızdadır, yanacağın qiyməti qalxanda hamı Tarif Şurasını lənətləyirdi. İş hətta o yerə çıxdı ki, daha mötəbər yerdən açıq tekstlə mesaj verildi: "Tarif Şurası bəyəm özbaşınadı ki, qiymət qaldırsın?". Özümüzün gününə ağlamağa Mərəzədən ağıçı çağırmağa imkanımız olmasa da, birinci dəfə onda Tarif Şurasına yazığım gəlmişdi. Amma sonra daha gəlmədi. Məndə belə bir təsəvvür yarandı ki, Tarif Şurası işlədiyini göstərmək üçün çox vaxt özü təşəbbüsdə bulunur, qalxmalı qiymətləri özü "podskazat" eləyir. Məsələn, telefon haqqları haqda söhbət çıxanda Rabitə (və İnformasiya Texnologiyaları yazıb vaxtınızı almıram - O.S.) Nazirliyi vaxt limiti məsələsini qaldırmışdı. Yəni ayda filan qədər vaxt (səhv eləmirəmsə 450 dəqiqə nəzərdə tutulmuşdu) pulsuz danışırsan, çənən qızışıb artıq danışmaq istəyirsənsə pulunu ödəyirsən. Çox ağıllı iş idi. Tarif Şurası (ə.s.) bəyənmədi. Dedi abunə haqqını qaldırıram, xariclə danışığın qiymətini endirirəm. Kişi kimi dediyini də elədi. Məsmə xala and içdi, qəsəm elədi ki, əgər Biləcəri xaric sayılırsa, xaricə ayda bir dəfə zəng eləyirəm ki, qızım gəlib pensiyamı alsın, kartdan başım çıxmır. Amma abunə haqqını əvvəl ayda 60 qəpik ödəyirdim, indi 2 manat istəyirlər. Qıza deyəcəm pensiyanı elə birbaşa telefon haqqına keçirsin, daha gəlməyə artıq vaxt sərf eləməsin...
   
   Nə isə, Tarif Şurasının (ə.s.) qiymətqaldırmalarına qarşı bir neçə dəfə mitinq mızıltısı oldu, sonra qorxdular ki, Şura Cinayət Məcəlləsində sroku da qaldırar - susdular. Adamın Allahı var, heç Tarif Şurası da məsələni çox açıb-ağartmadı, Məcəlləyə baxmadı da. Və əsl həngamə də bundan sonra başlandı.
   
   ?ecə yuxusunu qarışdıran, obyektinə yoxlama gələn, kartda uduzan, aşnası dostuna qoşulub Antalyaya gedən... qoltuğuna bir təkliflər papkası vurub üz tutdu Tarif Şurasına ki, bəs bunları qaldır. Tarif Şurası qurban olduğumuz reversi də işə salıb başladı bir qıraqdan qaldırmağa. Bəlkə də çox şeylər onun səlahiyyətində, imtiyazı daxilində olmasa da, qapqara camaat elə bilir ki, qalxan nə varsa Tarif Şurası qaldırır. Məsələn, iyunun birindən deputatların maaşı 25 faiz qaldırıldı və oldu 1800 dollar. Əlavə işlərsiz, ancaq deputat maaşını deyirəm. Fikir var ki, yaxınlarda 3000-ə qaldırsınlar. Özü də dollara inam azalıb, manatla 3000 olacaq. Olsun, istəməyən kor olsun. Neqr camaat elə bilir ki, maaşları da Tarif Şurası qaldırır və başlayırlar gileylənməyə ki, biz də varıq. Əlbəttə varsınız, siz olmasanız onların maaşlarını hansı hesabdan qaldırarlar, nöyüt yerdən özü-özünə çıxır?
   
   Müəllimlər və həkimlər yaman təlaş içindədilər. Hamısı YAP-çı, indi də xəbər gəzir ki, YAP-ın üzvlük haqqı 5 dəfə artırılıb. Qəribəsi budur ki, əslində savadlı, ziyalı sayılmalı həkim və müəllimlərin də içərilərində elələri var ki, YAP-ın üzvlük haqqını Tarif Şurasının qaldırdığını iddia eləyirlər. Yazıq Tarif Şurası...
   
   Mən bir dəfə yazmışdım ki, bu sürətlə getsək, yaxın vaxtlarda Azərbaycan Respublikasının adının qabağında bir Hacı sözü yazmalı olacağıq. Allah qoysa, hacılarımız o qədər çoxalacaq ki, məmləkətə Hacı Azərbaycan deyəcəklər. Deyəsən olmayacaq. Keçən il 4500 yer ayrılmışdı və avtobusla gedənlər 1350, təyyarə ilə gedənlər 2200 dollar verib hacı olurdular. Bu il 6 min yer ayrılıb. Amma... Daha nə amma, ziyarətin də qiyməti qaldırılır. Bu xəbəri Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov versə də, hacılıq növbəsində duranlar Tarif Şurasını qınayırlar.
   
   Qaldırhaqaldırdı. Vergilər Nazirliyi də qaldırır. ?əlir vergisi üzrə şkalanın yuxarı həddini. "Bunun üçün hesablamalar aparılmalıdır. Hesab edirik ki, bu məsələyə baxıla bilər". Bu sözləri vergi naziri deyib. Amma hamının fikrində Tarif Şurası canlanır. Çünki baxan və qaldıran odur.
   
   Əli Əlirzayev deyir ki, evlərin qiyməti yenə qalxacaq. Ehtiyac olan yerdə qiymətin enməsindən danışmaq yersizdir. Düz deyir keçmiş deputat. Ehtiyac da həmişə var, Tarif Şurası (ə.s.) qiymətləri qaldırdıqca ehtiyac da qalxır.
   
   Deyir əri evdən qovanı it də tutdu bir yandan. Məmləkətdə ilanlar baş qaldırıb. İkiayaqlıları demirəm, onlar çoxdan baş qaldırıblar, istilərin düşməsilə əsl, sürünən, zəhərli ilanlar baş qaldırıb. Bizdə də qaldırılan şey haqda danışanda Tarif Şurası yada düşür. Yadınızdadır, "Koqda qovorim Lenin, podrazumevayem partiyu. Koqda qovorim Partiya, podrazumevayem Lenin". Zır neqrlər üçün məna tərcüməsi: "Lenin deyəndə Partiya, Partiya deyəndə Lenin gözümüz önünə gəlir". İlanların baş qaldırması da Tarif Şurasından görülsə, doğrudan da yazıq Tarif Şurası əleyhissəlam. Müqəddəsləri həmişə çətinliklə qəbul edirlər. Bəzən heç etmirlər də...
   
   

TƏQVİM / ARXİV