adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DOLAMALAR

OQTAY SALAMOV
46299 | 2007-06-05 02:24
Bu yaxınlarda "Ələsalmalar" başlıqlı bir yazı yazmışdım. Bir-iki oxucu zəngi oldu, bir dostum da irad tutdu ki, bu qəzet ifadəsi deyil, kobud sözdür və ilaxır. Qətiyyən razılaşmıram, əgər ələ salmaq mərtəbəsindən və ranqından asılı olmayaraq, bütün zümrələrdə varsa və günü-gündən artırsa, mən niyə onun adını olduğu kimi yazmamalıyam? Belə çıxmasın ki, zəng edən oxucuların və dostumun acığına bu gün ifadəni bir az da sərtləşdirirəm. Yox, sadəcə olaraq ələsalanlar o qədər qudurub ki, artıq dolayırlar. Özləri də bütün çıxıntılarına dolayırlar. Qoy oxucu elə bilməsin ki, burada "dolama" deyəndə Ağsunun aşırımı, "pereval" yox, məhz bizi dolayanlar nəzərdə tutulur.
   
   "İlbiz kremi" haqda reklama baxmısınız? Belə sağaldır, belə təmir eləyir, bəyənməsən qaytara bilərsən və sairlə birbaşa işim yoxdur. Ağlı kəsən alsın, işlətsin. Mən həmin reklamın bizi dolayan iki məqamını göstərmək istəyirəm; deyir bu dəqiqə zəng vursanız, biz sizə birinin qiymətinə iki krem verərik. Niyə, atam balası, niyə birinin qiymətinə ikisini verirsən? Nədi, ala gözümə, qara qaşıma vurulmusan? ?öyçək, zədəsiz, yara-xorasız olsaydım sənin ilbiz kremin nəyimə lazımdı ki? Yaxşı, bəs onda özünə niyə ziyan edirsən? Canın üçün, başın üçün, nəyə inanırsan onun haqqı heç bir ziyan eləmirsən, sadəcə olaraq, məni ələ salmaq istəyirsən, dolayırsan. Bir az dərinə getsəm, deyəcəksən ki, istəmirsən alma, daha niyə əsəbiləşirsən. Əsəbiləşmirəm ey, havalanıram. Axı, sizə kim ixtiyar verib ki, bu milləti avam sayasınız, ona belə yuxarıdan aşağı baxasınız, millətin intellektinə şübhə yaradasınız? Xalq arasında bir deyim var: "dədəsinin də qiymətini malın üstünə qoyub". Deyəsən, birinin qiymətinə ikisi olanda kiminsə də qiyməti ortaya çıxır axı. Əzizim, sənin dədənin qiyməti mənə lazım deyil, elə normal qiymətə ilbizin kremindən birini ver, bəsimdir. Özləri demişkən, hələ bu da hamısı deyil. Deyirlər ki, hansısa səbəbdən krem xoşunuza gəlməsə onu qaytarıb pulunu ala bilərsiniz. Amma bir şərtlə: gərək qablaşdırmaya toxunmayasınız.
   
   Bu dolamaq deyilsə, bəs nədir? Qablaşdırmaya toxunmasam ondan razılığım, narazılığım haqda nə deyə bilərəm ki? Özü də bu dolama təkcə ilbiz kreminə aid deyil, az qala gəlinlik paltarını da birinin qiymətinə ikisini verəcəkləri ilə bizi şirnikləndirmək istəyirlər.Bir dəfə yazmışdım, bir də deyim olsun iki. Mağazanın şüşələrinə yazırlar ki, "70 faiz endirim". Alə, cüvəllağı, doğrudan da 70 faiz endirim eləsən heç tumanını da satasan ki, vergini, arendanı, işıqpulunu, dinməveri ödəyə bilməzsən. Deməli, malın üstünə təkcə dədənin yox, bütün nəslinin də qiymətini qoymusan, indi qayınananın, baldızının, bacanağının qiymətini çıxıb 70 faiz endirim eləyirsən. Onsuz da dədənin qiyməti yenə malın üstündədir. Dolama bala, dolama, dolanarsan...
   
   İbrahim Tatlısəs Bakıya gəlmişdi. Nüşabə Ələsgərlinin oğlunun sünnət toyuna. Bütün bomond, şou əhli yığışmışdı başına. İnanın ki, kameraların obyektivləri utandığından tərləmişdi. İbrahimin az qala şəklini də yalamaq istəyirdilər. Bununla mənim qətiyyən işim yoxdur. Heç "İmperator gəlişi ilə Bakını şərəfləndirdi" deyib sonra efirdə xarici müğənninin sünnət toyuna gəlməsinə dodaq büzənlərlə də işim yoxdur. Nüşabə xanımın qonaqlarına ərklə qışqırması, onları az qala "görməmiş" adlandırması ilə də işim yoxdur. Məni yandıran İbonun bizi dolamasıdır. Bizimkilər deyirlər ki, İbo ən aşağısı 100 min dollar pul alıb. Nüşabə xanım deyir ki, İmperator dost kimi gəlib və türklər demiş, bədava, yəni havayı oxuyub-oynayıb. Nüşabə xanım təkcə Tatlısəsin yolpulunu ödəyib. Ay səni İmperator, adam da dostdan yolpulu alar? Şəxsən bizimkilər borc alıb gedərdilər, amma belə iş görməzdilər. Bir dostum da deyir ki, hələ bilmək olmaz bizi dolayan kimdir, İbo, yoxsa...
   
   Bizim Dövlət ?ömrük Komitəsi Nazirlər Kabinetinə bir təqdimat verib ki, xaricdən alınan meyvə və onun məhsullarına, ət və onun məhsullarına, tütün və spirtli içkilərə və bir sıra başqa mallara baunt tətbiq edilsin. Bizi dolamaq istəyən birisi deyir ki, bu baunt deyilən şeyin adını səhv yazıblar; o ya bant olmalıdır, ya da baunti. Başa saldım ki, bizim rəsmilər çox ciddi adamlardır, zarafat -zad etmirlər, heç kimi də dolamırlar, baunt gömrük rüsumunun artırılması təklifidir. Tarif Şurası (ə.s.) da dolamaqla məşğul olmur, onunku qaldırmaqdır. D?K da elə nüfuzlu bir təşkilatdır ki, onun təklifini qəbul etməmək adamı dolamaq olardı. Baunt- gömrük həzzi!..
   
   İraqın kürd prezidenti Təlabani gedib Nyu-Yorka və ABŞ-ın amerikan prezidenti Corc Buşla görüşüb. Bu münasibətlə Bakının Buzovna qəsəbəsində təzə açılmış kafelərdən birinə Təlabaninin adı verilib. Biz heç kimi dolamırıq, sübut edirik ki, ABŞ-la Buş bizim dostumuzdur...
   
   Buş demişkən, Raket Əleyhinə Müdafiə Sistemləri ilə bağlı Buş Putinə dedi ki, qorxma! Putin də bunu dolamaq kimi qəbul etmədi, cavabında dedi ki, qorxmuram...
   
   Ərzaqdan zəhərlənmələrin sayı artıb. Dolayana min lənət, amma adamın dalağı sancır...
   
   Çində məmurların xaricdə əylənməsinə qadağa qoyulub. Köpəyoğlunun sosializmi belədi dəə, yaxşı qurtulduq ondan. Yoxsa, indi bizimkilər də bədbəxt olacaqdı...
   
   Bizim bir alpinistimiz - İsrafil Aşurov dünyanın ən uca zirvəsini-Everesti fəth eləyib. Ürəkdən təbrik eləyirik. Ona görə ikiqat sevinirik ki, erməni alpinisti yarı yolda qalıb. İsrafilə zirvəni fəth etməkdə Dəvəçi bəhməzi kömək eləyib. Erməninin bəhməzi olmayıb. Balam, bəs bəhməzi olmaya-olmaya erməni Qarabağı necə zəbt eləyib, hə?..
   
   Şahin Diniyev "Polşa sindromunu sındırmaq" istəyirdi. Özü də sındı, bizi də sındırdı. Xaş bişirə bildiyimiz kimi futbol da oynaya bilsək, qabağımızda bir komanda da dayana bilməz... Əh, mənim də başıma söz qəhətdi, yayda da xaş olar?..
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV