adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Susan kitablar

SAMİRƏ ƏŞRƏF
41140 | 2014-06-28 04:31
Biz fəqirə axırı rəhm eləyib biganələr,
Açdılar mədrəsələr, klub, qiraətxanələr,
Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr,
Molla Nəsrəddin dedi hər həftə bir əfsanələr,
Müxtəsər hər bir əməl çıxartdılar oyanmadım.

("Molla Nəsrəddin" 27 oktyabr, 1906-cı il)

Bəli, nə qədər yazsalar da, pozsalar da, əlləşib vuruşsalar da biz oyanmadıq. Qəflət yuxusundan ayılıb silkələnmədik.
Demək ki, yazılanlar, deyilənlər hamısı bihudə imiş. 1906-cı ildən bəri nə qədər zaman keçsə də, cəhalətə qapananların sayı azalmadı ki, çoxaldı. Kişilər daha despot, mental düşüncələrə meyl etdilər, qadınlar da mütərrəqi, ziyalı olmaq yolundan çıxıb cəhalətin ortasına sürükləndilər. Qızlarımız yenə on dörd, on beş yaşlarından ərə getdilər, oğlanlarımız pis işlərə qurşandılar. Yenə ağzının danışığını bilməyənlər, əxlaqdan, mərifətdən uzaq olanlar məclislərin yuxarı başına keçib onlardan güclüləri, ağıllıları aşağıya doğru sürüşdürdülər.
İnsanlarımız günü-gündən təşəkkül tapan elmi yox, elmsizliyi seçdilər. Klublar toyxanaya, kitabxanalar oyunxanalara çevrildi. Kitab mağazları boş qaldı. Pisdən, yaxşıdan yazılan kitablar hamısı zamanın tozlu illərinə gömüldü. Oxumadıq, oxuyan xalq olmadıq. İstəmədik, ən əsası isə istəmədilər bizim oxumağımızı.
Onlar iki nəfər idilər. Hər ikisi universitet təhsilli gənclər idi. Adaşıydırlar. Günlərin bir günü bir çay məclisində oturub söhbət etdikləri zaman ağıllarına işıqlı bir ideya gəlir. Çiyin-çiyinə verib bir kitab mağazası açsınlar. Adını da "danışan kitablar" qoysunlar. İstədiklərini həyata keçirdilər. Qısa vaxt ərzində əllərindəki cüzi məbləği birləşdirib bir mağaza icarəyə götürdülər. Bahalı kitab rəfləri alıb mağazaya yerləşdirdilər. Sonra isə ən nəfis tərtibatda olan kitabları alıb gətirdilər.
İlk dəfə həmin mağazaya girəndə gözlərimə inanmamışdım. Mağazanın gözəlliyi, kitabların müxtəlifliyi, zənginliyi məni heyran etmişdi. Sevinmişdim ki, indi qəsəbədə yaşayan, kitab oxumaq istəyən gənclər kitab almaq üçün uzağa getməli olmayacaqlar. Elə ayaqlarının altında olan bu mağazadan istədiklərini əldə edəcəklər.
Lakin gün keçdikcə məlum oldu ki, sən demə bir ay ərzində bircə kitab belə almağa həvəsi olmayan toplumuq. Hər gün mağazanın önündən yüzlərcə insan keçsə də, heç kim belə bir mağazanın varlığı ilə maraqlanmaq istəmirdi. Onlar iki işıqlı gəncin necə böyük bir iş gördüklərini anlamaqdan çox uzaq idilər. Aylar keçdikcə mağazaya alıcı cəlb etmək üçün onun bir hissəsini uşaq oyuncaqları ilə bəzədilər. Ancaq bunun da heç bir xeyri olmadı. Gənclər maddi cəhətdən batdıqca batırdılar. Kitablar rəflərdə qalmaqdan saralıb əvvəlki təzəliklərini itirmişdilər.
Növbəti dəfə mağazaya gedəndə, "danışan kitablar"ı və onların cavan sahiblərini pərişan gördüm. Qərar verilmişdi. Mağazanın kitab hissəsi ləğv olunub kosmetik və bəzək əşyaları ilə əvəz olunmalı idi. Onların gənclik qüvvələri nəhəng və oxumağa lağ edib, nifrət bəsləyən cəmiyyət qarşısında çox gücsüz idi.
Gənclər kədərli idilər. Ona görə ki, başladıqları xeyirxah işi uğurla başa çatdıra bilməmişdilər.
Mənim sevimli müəlliflərimin kitabları isə susmuşdular. Onlara bu şəhərdə danışmaq qadağan olunmuşdu.

Samirə Mirəşrəf
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV