adalet.az header logo
  • Bakı 16°C

Qulaq xoşbəxt olanda...

XURAMAN HÜSEYNZADƏ
26444 | 2014-06-28 04:11
Əvvəllər kişilər günü kimi 23 fevral-Hərbi Dəniz Donanmasının yarandığı tarix keçirilidi. Bu bayramlar uşaqlıq illərimə də təsadüf etmişdi. Məktəbdə oxuyanda biz oğlanlara corab, əl dəsmalı, odekolon verirdik ki, onlar da 13-14 gündən sonra bizim 8 martımızı təbrik etsinlər. Oğlanlar da, biz də həmin bayramları səbirsizliklə gözləyirdik.
Onlar da bizə it, pişik, dovşan oyuncaqları, ətir, əl dəsmalı alırdılar. Mən həmin hədiyyələri hələ də saxlayıram. İçərisində çay, əl-üz dəsmalları da var. Anamgilin gənclik illərinin məhsullarıdı. Güman ki, hədiyyə verməyə bir şeyləri olmayıb, anaları öz cehizlərini bizə göndəriblər. Ürəkağırıdan hədiyyələrdir. Adam baxanda kövrəlir.
O vaxt kişilər günü hədiyyəsinin mütləq maddi tərəfi olmalıydı. Vaxt keçdi, biz müstəqil olduq. Bu, o deməkdir ki, özümüzün milli bayramlarımız, əlamətdar günlərimiz təyin edildi. 23 fevralı sovet nostalgiyasından ayrıla bilməyənlər hələ də qeyd etsə də o gün artıq tarixə qovuşub. Öz kişilər günümüz var. Və bu, iki gün öncə qeyd edildi. Bilmirəm, dolanışığın ağırlığındandır, iqtisadi problemlərdəndir, ya nədəndir, öz Silahlı Qüvvələrimizin yaradılması tarixi sadə, maddi tərəfi düşünülmədən keçir. Hədiyyəsiz-filansız yəni... Belə daha yaxşıdı. Kişilər acıqlanmasın, o bayram ki, hədiyyələrlə müşayiət olunur, onları hədiyyəsiz təsəvvür etmək mümkün deyil, o cür bayramlar elə olmasa, yaxşıdı. İnsanların bir-birinə hədiyyə alması üçün bir ildə 365 gün var. Buyursunlar, hədiyyələşsinlər.
Nədənsə builki Silahlı Qüvvələr Günündə kişilərin qadınların həyatındakı rolu haqda çox düşündüm. Nə yaxşı ki, sevgi kimi gözəl, sözlə ifadəsi mümkün olmayan bir hiss var. Nə yaxşı ki, qulağımız sevdiyimiz kişinin pıçıltıları, gözəl sözləri ilə xoşbəxt olur...
Qadınına, sevgilisinə xəyanət edən, onun dəyərini bilməyən kişilər də bilməlidir ki, qadını, sevgilisi onun qolları arasında, isti sözləri ilə xoşbəxt olur. Adicə-pulla alınıb-satılmayan nəvaziş, xoş sözlər, mehriban münasibət... Çoxdur ki?
Facebook dostlarımdan biri builki kişilər bayramını da hədiyyəsiz keçirdiyindən şikayətləndi. Sonra növbəti statusunu yazdı: "O, məni ölənə kimi sevəcəyini, mənimlə xoşbəxt olduğunu dedi. Daha heç bir hədiyyəyə ehtiyacım yoxdu. Mən ona özüm qədər inanıram..."

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV