DOSTUNU MƏNƏ GÖSTƏR...

FAİQ QİSMƏTOĞLU
137966 | 2014-06-28 03:41
Bilmirəm, dost haqqında kim necə düşünür, amma mənim fikrim belədir; dost qardaş qədər insana yaxın olmalı, onun çətin, ağır və sevincli günündə yaddan çıxarmamalıdır. Bəlkə də bəziləri elə düşünür ki, biriylə bir tikə çörək kəsdin, bir stəkan çay içdin, o dəqiqə bu dostluq deməkdir. Əlbəttə, bir tikə çörək kəsməklə, bir stəkan çay içməklə dost olmaq mümkündür, amma sadəcə olaraq, hər kəslə kəsilən çörək və içilən çay hələ dostluq demək deyil...
Günlərin birində çox imkanlı kişi övladını yanına çağırıb soruşur:
- Oğul, sənin dostun varmı?!
Oğlan başını qaşıyır və dillənir:
- Dostlarımın sayı-hesabı bilinmir.
Kişi yenidən oğluna deyir:
- Gərək dost seçəndə biləsən ki, o, sənin çətin günündə arxanda duracaq, yanında olacaq. Gəl bu dostlarının hamısını sınaqdan keçir, gör hansı sədaqətlidi. Sınağı da belə elə ki, guya kimisə öldürmüsən və meyiti kisənin içinə qoymusan. Hansı dost ki, sənin arxanda durdu və bu işi ört-basdır eləmək istədi, bil ki, o, əsl dostdur.
Oğul bir qoyunu kəsdirib onu kisənin içinə qoyur, dostlarını inandırmaq üçün bunu edir və bir-bir onların qapısını döyür, adam öldürdüyünü deyir və kisəni də onlara göstərir. Hamı bir bəhanə ilə aradan çıxır və ona kömək etmək istəmir. Axırda sədaqətlilərdən biri ona "qorxma" deyir və gedək həmin meyiti xəlvət bir yerdə dəfn edək. Bu sözdən sonra oğlan əsl dostunu tanıyır və bildirir ki, mən sizi sınağa çəkirdim. Kisədəki isə insan meyiti deyil, bir qoyunu kəsdirmişəm və onun içinə qoymuşam.
Hər iki dost kababxanaya gedir və kisədə qoyun cəmdəyini ora verirlər. Kababçı da bir göz qırpımında bir kabab bişirir ki, gəl görəsən. Beləliklə, sınaqdan çıxan oğlanla o dostluq edir və bu dostluq ömürlərinin axırına qədər davamlı olur.
Yəqin ki, çoxlarının dostluq elədiyi adamlar var, özü də hər yoldaşlıq elədiyin insana dost demək olmur.
Bir dəfə yaxınlarımdan biri çox fikirli-fikirli dilləndi:
- A kişinin oğlu, adamları tanımaq olmur. Qırx il çörək kəsdiyim, bir yerdə oturub-durduğum adam axırda mənə otuz min manat pul "atdı". Mən ona inanıb sonuncu qəpiyimi verdim, o isə mənim yumşaqlığımdan, sadəlövhlüyümdən istifadə elədi və aradan çıxdı. Elə oldu ki, günlərin birində onunla təsadüfən görüşdüm. Bax, onda "dost" dediyim adam bir rəng alıb bir rəng verdi. Qıpqırmızı xoruz kimi qızardı, dişimin dibindən çıxanı ona dedim, o da arsız-arsız hırıldadı... Pulumu da ala bilmədim, amma o gündən ona tüpürdüm. Yəni bütün əlaqələri kəsdim...g
Qəribə də olsa bir çoxlarımız dostluğa adi hal kimi baxırıq. Kimsə vəzifədə olanda, əli yaxşı pul gətirəndə hamı onun ocağının başına yığışır və şəninə tərif deyir. Hətta layiq olmadığı gözəl sözləri onun ünvanına yağdırırlar. Həmin adam da özündən çox razı halda ətrafını nəzərdən keçirir. Elə bilir ki, doğrudan da deyilən sözlər ürəkdən gəlir, amma hamısı boğazdan yuxarı səslənir. Aydındır ki, bu adam vəzifədə olanda nə dostunu tanıyır, nə də düşmənini. Çoxlarının işi ondan keçdiyinə görə elə bilir ki, hamısı onun dostudur. Səhər çörək yeyən, günorta nahar edən, axşam şam yeməyində bir yerdə olan adamı tanımaq olmur. Tanımaq olur ha, ancaq vəzifədən çıxanda. Elə ki vəzifədə olursan, ən yaxın qardaşından belə həmin adamlar özlərini sənə doğma hesab edirlər. Və düşünürsən ki, doğrudan da bu insanlar səni çox istəyirlər.
Günlərin birində elə ki, vəzifə kreslosundan səni aşırırlar, bax onda ətrafındakı bu adamların biri sənin gözünə dəymir. Hansı ki, xoş günlərində süfrənin başında əyləşib sənin sağlığına badə qaldırar, danışana aman verməzdi. O vaxt ki, gözünü açırsan, o vaxt ki ətrafına baxırsan, görursən ki, imkanlı vaxtında yaxşılıq eləmədiyin, əl tutmadığın adamlar sənin yanında durub. Belə ki, pulun çox olanda, sözün keçəndə gözün ayağının altını görməyib, indi də gözün ayağının altını görəndə ətrafındakıların aradan çıxdığını hiss edirsən və görürsən ki, yanındakılar sənə qarşı tam səmimi olan və təmənnasız insanlardı.
Ataların belə bir məsəli var: "Dostunu göstər, sənin kim olduğunu deyim". Bu məsələ çox qəliz bir məsələdir. Ən azından ona görə ki, dostun pisdirsə, demək sənin özün də o qədər də yaxşı insan deyilsən. Əgər dostun yaxşıdırsa, təmizdirsə, əməli-saleh adamdırsa, sənin özün də duru, pak adamsan. Amma indi gəlin görək sədaqətli dost tapmaq olarmı?
Birindən soruşurlar ki, sənin nə qədər dostun var, o da deyir ki, saymaqla qurtarmaz. Altmış yaşa çatanda isə yenidən həmin sualı ona ünvanlayırlar. Bu dəfə isə tam fərqli cavab səslənir. Çoxlu sayda dostlarımdan cəmi biri qalıb. Deməli, qalanları dost deyilmiş, arı kimi şirəyə gəlirmiş. O şirə də qurtaranda dost dediyin adamların hamısı aradan çıxıblar.
Dünyanın işini bilmək olmur. Bir də görürsən ki, çox kasıb bir adam dostluqda qat-qat varlı olan yoldaşından daha sədaqətli çıxır. Bax, onda düşünürsən ki, dostluq var-dövlətdən, imkandan, puldan və vəzifədən asılı deyil. Dostluq elə bir müqəddəs duyğudur ki, onu ancaq əsl dostlar hiss edə bilərlər. Bəzən ürəyinin sirrini, dərdini-qəmini, acısını ən yaxınlarına belə demək istəmirsən. Amma əsl dostundan bunu heç vaxt gizlətmirsən. O da görür ki, sən qəm dəryasının içində boğulursan, bax, onda sənə söykək olub çətin vəziyyətdən çıxmağa yol göstərir. Bu yolu göstərmək o qədər də asan deyil. Əsl dostlar yaxınlarını heç vaxt tənha buraxmırlar. Onlar kəsdikləri çörəyin, içdikləri suyun qədrini bilirlər. Bilmirəm, day başqaları necə düşünür, amma əsl dost tapmaq çox müşkül bir işdir. Bu elə bil ki, qaranlıqda iynə axtarmağa bənzəyir...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV