...festivalın təzəsi

ETİBAR CƏBRAYILOĞLU
33220 | 2014-06-28 03:00
Ən yaxşı turizm filmləri Bakıda seçilir

Azərbaycan paytaxtında II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ötən ildən keçirilməyə başlayan festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran işlərini aşkara çıxarmaqdı. Beynəlxalq tədbirin ümdə məqsədlərindən biri də tarixi və mədəni irsin dünya səviyyəli mərkəzlərindən sayılan Azərbaycanın turizm potensialına diqqəti cəlb etməkdi.

Nazirdən iki dildə bir mövqe

"Nizami" Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının təntənəli açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, hələ ötən il bu işə start verəndə festivalın ənənəvi olacağı qərara alınıb. Verilən sözə sadiq qalan təşkilatçılar bu dəfə də ən yaxşı turizm filmlərini Bakıda seçir. Nazirin sözlərinə görə, iştirakçı ölkələrin və filmlərin sayındakı artım festivala marağın göstəricisi sayıla bilər. Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Azərbaycan dövləti turizmə prioritet məsələlərdən biri kimi baxır və bu sahənin inkişafına xüsusi diqqət ayırır.
Sonra nazir II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iştirak etmək üçün paytaxtımıza gələn çoxsaylı qonaqları nəzərə alaraq fikirlərini ingilis dilində çatdırdı. Azərbaycanda turizmin inkişafı üçün atılan addımlardan danışdı, belə festivalların əhəmiyyətini qeyd etdi. Əbülfəs Qarayev festivalın münsiflər heyətinin ədalətli seçim edəcəyinə inandığını bildirdi, onlara uğurlar arzuladı.
Əcnəbilərdən söhbət düşmüşkən, festivala 28 ölkədən 50 qonaq dəvət olunub. Onların bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən nüfuzlu turizm filmləri festivallarının direktorlarıdı.
Açılış mərasimində "Ölkə, region, şəhər" kateqoriyasından bir neçə film tamaşaçılara təqdim olundu. Azərbaycanlı rejissor Marina İbrahimovanın çəkdiyi "Azərbaycan: Şərqin Avropa cazibəsi", "Zərləri atın" (Belçika), "Krit: bütün dünya bir adada" (Yunanıstan), "Bütün fəsillərdə Kotor" (Monteneqro), "Bled-Cənnətin təsviri" (Sloveniya), "Argentina - bütün gözəlliklərə malik ölkəni təsəvvür edin" (Argentina) filmlərini mərasimə qatılanlar böyük maraqla izlədilər.

31 ölkədən 68 film

2013-cü ildən təşkil edilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil qərargahı Vyanada yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) üzv seçilib. Builki festivala 5 ölkədən 405 film göndərilsə də, təşkilat komitəsi seçim apararaq müsabiqə proqramını müəyyən edib. Filmləri seçilənlər arasında Almaniya, Argentina, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, İtaliya, Monteneqro, Serbiya, Yunanıstan, Türkiyə, İran və Rusiya kimi dövlətlər var. Müsabiqə üçün seçilən 31 ölkədən 68 film 6 kateqoriya üzrə yarışacaq. Müsabiqə proqramında Azərbaycan 7 filmlə iştirak edir. Festivalın davam etdiyi günlərdə tamaşaçılar Elvin Abdullayevin "Çox-çox uzaqlarda", Vasif Məmmədzadənin "Qala altında şəhər", Vüqar İslamzadənin "Ritmik gimnastika üzrə XXX Avropa Çempionatı" və "Şəmkir", Taleh İsmayılovun "Qızıltorpaq əfsanəsi", Elşən Zeynallının "Qubada payız" filmlərini izləyə bildilər.
Festival çərçivəsində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" layihəsi təqdim olundu, Polşa kinematoqrafçılarının master-klasları da keçirildi.

Seçimi seçilmişlər edir

Filmləri kinematoqrafçılardan, səyahət və turizm sahəsində tanınmış ekspertlərdən təşkil edilən 7 nəfərlik beynəlxalq münsiflər qiymətləndirir. Münsiflər heyətinin 3 üzvü Azərbaycandandı. Əməkdar incəsənət xadimi, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev, "Humay" mükafatı laureatı, "Yol", "Bura Azərbaycandı", "Sən də bacararsan" kimi populyar telelayihələrin aparıcısı Aynur Talıbova, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vüqar Şıxəmmədov beynəlxalq münsiflər heyətində ölkəmizi təmsil edirlər.
Münsiflər heyətinin türkiyəli üzvü tanınmış rejissor və prodüser Can Özbaturdu. Rusiyanın Əməkdar incəsənət xadimi Tofiq Şahverdiyev Moskva Beynəlxalq Universitetinin professorudu. II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinə seçilən Tofiq Şahverdiyev iki dəfə ölkəsinin ən ali kino mükafatı sayılan "Nika" mükafatına layiq görülüb. Münsiflər heyətinin digər bir tanınmış üzvü avstriyalı Aleksandr Kammeldi. O, "Beynəlxalq Kinoprokat"ın ABŞ və Avropada informasiya distribütorlarının beynəlxalq şəbəkəsinin prezidentidi. Spomenka Saraqa isə münsiflər heyətində Xorvatiyanı təmsil edir. Tanınmış rejissor Zaqreb Turizm Filmləri Festivalının direktorudu, bir neçə beynəlxalq tədbirdə mükafatlara layiq görülüb.
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının nüfuzlu münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerin - Qızıl mükafatın sahibinə diplom, mükafat və 2 min avro veriləcək. II yerin sahibi Gümüş mükafatçı sayılacaq və diplom, mükafat alacaq. III yeri tutan filmin müəllifi Bürünc mükafata, diploma və mükafata layiq görüləcək. Festivalın ən yaxşı filminə isə "Qran Pri", diplom və mükafat təqdim olunacaq. "Qran Pri"nin sahibi pulsuz qalmayacaq, qalib rejissor Bakını 4 min avro ilə tərk edəcək.
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına bu gün yekun vurulacaq. Qaliblərin adına da "Nizami" Kino Mərkəzində keçirilən bağlanış mərasimində aydınlıq gələcək.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV