... SONRA DA DEYiRLƏR Ki,

ƏBÜLFƏT MƏDƏTOĞLU
25149 | 2007-06-01 03:36
Salam əleyküm. Hər gün qarşılaşırıq və hər gün də sizin yazılarınız barəsində atüstü də olsa fikirlərimi deyirəm. Amma bu dəfə məcbur oldum ki, sözümü kağıza büküb, daha doğrusu, qəzetə köçürüb göndərəm. Ona görə ki, bunu atüstü demək daha mümkün deyil.
   
   Deməli, belə. Başlayaq sənin (yaşım imkan verdiyi üçün sən deyə bilərəm) yazılarından. Ən əvvəli, sən bir mövzunun içində beş-altısını qatıb-qarışdırırsan bir-birinə və hamısının da başının üzərində bir dənə "Radikal" zontiki tutursan, yəni çətiri. Belə çıxır ki, bütün o mövzuların hamısı o çətirin altında qol-boyun olurlar, doğmalaşırlar. Amma hansı səmtdən baxsam da, mövzularda yaxınlıq görsəm də, heç doğmalıq görmürəm. Çünki yeri gəldi-gəlmədi sərt danışırsan. O qədər sərt danışırsan ki, adam oxuduqca özündən şübhələnir. Bax, elə götürək dünənki yazını. Başlamısan ad məsələlərindən...
   
   Yazırsan ki, "Hacıbala" sözünün əvvəlində "hacı" sözü var, yəni həcc. Abutalıbı da özün bildiyin kimi şərh edirsən. Ruslarda bir məsəl var: "Çya bı korova mıçala, tvoya bı molçala". Sənin adlarla nə işin var? Yaxşı, bəs onda öz adına niyə fikir vermirsən? Axı sənin də adın Fikrətdi. Sonuncu dövlət çevrilişi yadından çıxıb? Qardaş, adam bir işə girişməmişdən əvvəl böyür-başına baxar, özündəkini götür-qoy edər, yoxsa belə olmaz. Durub yazırsan ki, Hidayət sözü də filan mənaları verir və yaxud da Hidayət Orucovun erməni dilində olan vizitkası tapılıb. Hə, nə olsun? Yadımdadı, Tuğda yaşayanda indiki Xankəndidə, yəni Stepanakertdə Qurgen Qabrelyan deyilən bir erməni uşaq şairi vardı, özü də bizim Yazıçılar İttifaqının üzvü idi. Mənim şerimi erməni dilinə tərcümə eləmişdi, mən də onu dəftərçəmin arasında gəzdirirdim. Şer də çıxmışdı "Sovetokan Karabax" ("Sovet Qarabağı") qəzetində. İndi bundan ötrü məni asmaq lazımdı? Hamı kimi Hidayət müəllimin Sovet xalqları dostluğundan bəhs edən kitabı da olubdu. Nə olsun ki, zaman belə idi və hər kəs də zamana uyğun yaşayır...
   
   Hələ yadımdan çıxmamış onu da deyim ki, çox hörmətli bir müəllimin - Xaliq Rzayevin "Azərbaycan atalar sözü" kitabına da qulp qoyursan. Deyirsən ki, burda çox biədəb sözləri, yəni dilə gətiriləsi mümkün olmayan sözləri əlifba sırasıyla (hələlik "A" hərfi nəşr olunub) toplayıb məktəb kitabxanalarına verdirir ki, uşaqlar istifadə eləsin. Kitabın da maliyyə dəstəyi çox hörmətli müsəlman dövlətlərindən biri və onun məscidləridi. Əşi, nə istəyirsən, dövlət müsəlman dövləti, məscid də müsəlman məscidi. Onsuz da uşaqlar pis şeyi daha tez öyrənirlər. Kitabdan olmasa da, küçədən öyrənəcəklər. Müəllim də bunu nəzərə alıb kitabı özü bəri başdan uşaqlara təqdim edib. Həm də bu kitab göstərir ki, bizim təkcə müdrik atalarımız yox, həm də baz, yeyib-içən atalarımız da olub, ağızlarına gələn hərcayı sözlərdən də məsəl düzəldiblər. Amma onu düz deyirsən ki, nahaq bunu başqa dillərə tərcümə edir - ingilis, ərəb, rus dilinə. Amma burda da müəllimi başa düşmək olar. Sovet ordusunu yadına sal, mənlə razılaşarsan.
   
   Hə, hörmətli Fikrət müəllim! (Adını yazanda fikrindən dövlət çevrilişi eləmək keçməsin ha). Hər yazından sonra xeyli fikirləşirəm və görürəm ki, doğrudan da zarafatsız-filansız sənin bu millətə, bu ölkəyə canın yanır. Amma yanğın o qədər güclüdür ki, radikallığın imkan vermir onu istiqamətləndirəsən və məcbur olub hamısını qatırsan bir-birinə. Qorxuram bir gün sən də vətəndaşlıq məsələsini atasan ortaya. Nəbadə, bu fikrə düşəsən. Allaha şükür, mövzun çox, yazmağa da guşən var. Amma bir az qatışdırma məsələləri. Nəyinə lazımdır ki, "Qaçqınkom"un sədri məmurları, qaçqınları hara çağırır. Bir də ki, bu adamlar çağırış eləyəndə də narazı qalırsan, eləməyəndə də. Bəs onda neyləsinlər, bəlkə yolunu göstərəsən?
   
   Sonda görürəm ki, məsələ çox uzanır, amma hava istidi, kompüterin arxasında adamın ürəyi sıxılır, ona görə kəsəcə bir söz deyəcəm, bizim 30 min erməni gəlinimizlə, onların qohum-əqrəbasıyla nəbadə işin olsun. İndi-indi Elmar Məmmədyarov məsələlərin yoluna düşəcəyini deyir, qoy görək başımıza nə gəlir. O gün Lavrov da gəldi-getdi, Merzlyakov da deyir ki, ermənilər artıq ağıllarını başlarına yığmalıdır. Eşidirsən də?!!
   
   Qarabağ yenə yanır!!!

TƏQVİM / ARXİV