adalet.az header logo
  • Bakı 19°C

"MƏN BELƏ ƏSRARI QANA BiLMiRƏM"...

OQTAY SALAMOV
21123 | 2007-05-31 03:43
"Xural" qəzeti ilə "Bizim gündəm"in baş redaktorları bir-birinin qəzetinə köşə yazıları yazırlar. Əvəz Zeynallının "Razılaşma mədəniyyəti" adlı ilk yazısının sonunda bir İ.S. (sıravi yazarlar P.S.- Post Skriptum yazırlar, yəqin baş redaktorların P.S.-i İ.S. olur, amma hələlik mənasını bilmirəm - O.S.) oxudum və düzünü deyim ki, həsəd apardım. Əvəz müəllim konkret yazır: "Sabahkı sayda 30 iyun Sevgililər ?ünündən yazacağam". Xoşbəxt adam, sabah nə yazacağını bilir. Yəqin baş redaktorluğun bir məziyyəti də budur. Mən gündəlik çıxan qəzetdə işləyirəm və çox nadir hallarda bilirəm ki, sabah nə yazacam, nədən yazacam.
   
   Redaksiyanın planında olan, konkret mənə tapşırılan yazılar istisna olmaqla, mən əvvəlcədən yazı planlaşdıra bilmirəm. Əslində belə olmamalıdı, Sovet dövründə, planlı təsərrüfatda yaşamış, işləmiş adamam. İndi planlaşdıra bilməməyimin səbəbi çox şeyləri başa düşə bilməməkdən, olayı qanmamaqdan irəli gəlir. Baş sındırıb, düşünüb qanmaq ərəfəsində olanda da hadisələrin axarı dəyişir, əksinə və əvvəl ona düz deyənlər indi buna düppədüz deyirlər.
   
   Tələsməyin, mən oxu atıb yayı gizlədən deyiləm, fikrimi bacardığım qədər açıqlayacam. Amma əvvəlcə bir məsəl çəkim. Deyir, Molla Nəsrəddin şahın yanında dequstator işləyirmiş. Bir gün şah günortaya badımcan bişirməyi tapşırır və başlayır badımcanı tərifləməyə: "mədəni yumşaldır, ürəyə yaxşı təsir eləyir, görmə qabiliyyətini artırır"... Molla da başlayır cani-dildən badımcanı tərifləməyə. Yeməyi yeyəndən sonra əhvalı pozulan şah başlayır badımcanı pisləməyə: "mədəni qıcqırdır, ürəyi sıxır, görmə qabiliyyətini azaldır"... Molla badımcanı elə pisləyir ki, az qalır onu xalq düşməni çıxarsın. Şah mollaya acıqlanır:
   
   -Sən nə ikiüzlü, yaltaq adamsan, mən badımcanı tərifləyirəm, sən də tərifləyirsən, mən pisləyirəm, sən məndən də çox pisləyirsən...
   
   Molla əlini sinəsinə basıb itaətlə:
   
   -Şah sağ olsun, mən badımcana yox, şaha qulluq eləyirəm!..
   
   Deyəsən mən elə badımcana qulluq eləyirəm axı. Bilirəm ki, olanı deyilən kimi qanmaq lazımdır, amma mən olanı olan kimi qanıram. Onda da xiyar əyri bitir. Məsələn, azanın səsucaldanla verilməsinə qadağanı Hacıbala Abutalıbovun qoyduğunu heç cür qana bilmirəm. Şəxsən mən səsucaldanın birmənalı və qəti əleyhinə olsam da, bu məsələnin merin boynuna atılması mənim üçün qəti anlaşılan deyil. Mənim aləmimdə yaraşan iş deyil. Amma kimdir mənim aləmimi...
   
   Qəzetlər bəhsə-bəhsə düşüb yazırlar ki, 28 mayda atəşfəşanlıq ona görə olmayıb ki, meriya onun pulunu yeyib. O biri yandan da yazırlar ki, ARDNŞ bu dəfə atəşfəşanlığa pul ayırmayıb. Ay əzizlərim, ayrılmayan pulu necə yemək olar, hə? Amma qadasın aldığım atəşfəşanlıq pul yemək üçün doğrudan da yaxşı yerdi ha, sayan kimdi ki, neçə fişəng qalxdı. Yaz 150, burax 130-unu, 20-sinin pulunu qatla qoy cibinə. Bu sözü kompüterimdə oxuyan Hidayət Elvüsal elə şaqqanaq çəkdi ki, mənim qoltuğum qarpızlandı, düşündüm, yaxşı yazmışam. Sonra məlum oldu ki, mənim naşılığıma gülürmüş. 150-dən 20-sini qatla qoy cibinə, niyə 148-ini demirsən?..
   
   Mənim qana bilmədiyim zadlardan biri də budur ki, parlamentlərdə düşən dava-mərəkə niyə sensasiya kimi təqdim olunur? Nədi, deputatlar adam döyül, yoxsa onların öz şəxsi və sırf şəxsi maraqları yoxdu? Bineyi-qədimdən ciddi məsələləri danışıqdan dəfələrlə çox güc yolu ilə həll eləyiblər və həmişə də güclü haqlı olub. Odey, Türkiyənin parlamentində deputat Ümmət Kandoğan prezident Əhməd Nejdət Sezəri tənqid edib. AKP-ni dəstəkləyən deputatın bu tənqidi CHP-çilərin xoşuna gəlməyib və salıblar onu yumruqlarının altına. Deyir, atamı söydü dinmədim, anamı söydü, bacı-qardaşımı söydü dinmədim, amma yeznəmizi söyəndə dözə bilmədim. Adamın soyadı Kandoğan olanda prezidenti tənqid eləyər?..
   
   İran səfirliyi Nardarana köçürülür. Mən deyəsən hələ uzun müddət qanmaz qalacam...
   
   "Təhsil haqqında" qanun oradan kimin nə qədər gəliri olacağı tam dəqiqləşməyənəcən qəbul edilməyəcək. İstəyir yüz dəfə və yüz il müzakirə elə, dediyim məqam aydınlaşmasa, həmişə "çatışmazlıqlar" olacaq. Qandığım budu, deyirlər ki, səhv qanmısan. Bə indi nətəər olsun?..
   
   Türkmənistanda həkimlər də Hippokrat andının əvəzinə Türkmənbaşıya sədaqət andı içirdilər. İndi heykəlini uçurdurlar. Yaman naşükür millətdi bu türkmənlər. Amma qanmadığım odur ki, niyə mahnıda "türkmən uyğur, qırğız, qazax, azər bir soydur" oxuyurlar.
   
   Deyir, guya məmurlar, yaxşı pullular villalarını, göydələnlərini satmağa başlayıblar. Və guya bu səbəbdən də daşınmaz əmlakın qiyməti 20-30 faiz düşüb. Villasatanların öz mülklərini niyə satdıqlarını sabaha arxayın olmadıqları ilə əlaqələndirirlər. Öz işləridir, bizlik deyil, amma mən hələ qana bilmirəm ki, bunlar sabahlarına nə qədər arxayın olmamalıdır ki, villaların qiyməti nə qədər düşməlidir ki, orta güzəran səviyyəli adam həmin villanı almağı arzulamağa cürət eləsin...
   
   Nə isə, qanan olub başqasının dərdini çəkməkdənsə, qanmaz olub sənin dərdini çəkmələri daha sərfəlidir. Kaş qanmazlar həqiqətən qanmaz olaydı, adam özünü elə rahat hiss eləyərdi ki...

TƏQVİM / ARXİV