BiR MƏSƏLƏNiN TƏRƏFLƏRi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
17067 | 2007-05-31 03:43
Bu günlərdə son dərəcə çox istədiyim insanlardan biri, yəni mənə özüm qədər doğma olanların sırasında xüsusi yeri olan bir kəslə söhbət zamanı söz-sözü çəkdi və dedim ki, inandığım, sevdiyim adamları görəndə, onlarla görüşə gedəndə elə bil ki, ziyarətə gedirəm. Sözüm ona qəribə gəldi və məni asilikdə suçladı. Olsun, mən yenə öz fikrimdə qaldım. İnsan valideyni ilə, inandığı ilə, ürəkdən bağlandığı hər bir kəslə əgər daxili bir sevgiylə, inamla görüşmürsə, baş-başa qalmırsa, burda səmimiyyətdən söhbət gedə bilməz. Lap hətta bir parça daşa, əl boyda ağaca da sevgin, inamın yoxdursa, o ünvan ocaq da olsa, pir də olsa, ora baş çəkmək, vallah, ziyarət deyil. Amma inanıb, sevib, biət edib getdiyin hər bir ünvan, qarşılaşdığın hər bir doğman elə bil ziyarətgahdı. Təki ona içindən gələn sevgin olsun, inamın olsun. Bu məsələnin bir tərəfi...
   
   Mən də bu torpaqda doğulmuşam və and olsun Allaha ki, mən bu torpağı, bu vətəni sevirəm. Qaçqın-köçkün olsam da, saysız-hesabsız problemlərlə baş-başa qalsam da, tam səmimi deyirəm, hətta bəzən baş götürüb getmək və yaxud intihar etmək istəsəm belə bu torpağı sevirəm. Mən onun bir parçası ola bilməsəm də, o mənim bir parçamdı və mənə elə gəlir ki, elə ayaq üstə gəzən vətənin bir parçası da mənəm. Yersiz-yurdsuz, adı yardım siyahısında, özü yaşam növbəsində... Yardım demişkən, bu saat Beyləqanın Haramı düzündə məskunlaşan doğmalarım günəş şüasının hansı dərəcədə onları qovurmasından asılı olmayaraq çörəkpulunun da vaxtını yaddan çıxarmayıblar, yardım gələcək günləri də qarışıq salmırlar. Ola bilsin ki, bu artıq vərdiş halını alıb. Amma hər halda bu belədir. Sadəcə, bu məsələnin ikinci bir tərəfidir...
   
   Əgər xatırlayırsınızsa, Sovet dönəmində hava haqqında məlumatlar yayımlananda ən yüksək temperatur 40 dərəcə həndəvərində olardı. Və həmin o 40 dərəcə istidə biz kənd adamları, lap elə Bakının özündə də hər kəs öz işi ilə məşğul idi. İndi isə hava haqqında məlumat yekunlaşan kimi dərhal əlini uzadırsan həblərə. Çünki adam heç dörd divar arasıdan çıxmaq istəmir. Adamın yadına şeytanı salırlar, sonra deyirlər ki, şeytandan özünü gözlə. Bu da məsələnin üçüncü tərəfi...
   
   Hə, bu ölkədə rəsmi məlumata görə, bir milyona yaxın qaçqın-köçkün var. Deməli, bu bir milyonun ən azı yarısının ürək-damar xəstəlikləriylə bağlı yüzdə yüz problemi var. Deməli, birbaşa efirdən həmin adamların xəstəliklərini yadlarına salırlar. Loru dildə desək, ürəklərini qırıb qoyurlar ayaqlarının altına. Və demirlər, indi yaşa görüm necə yaşayırsan. Digər tərəfdən bu cür məlumatlarla iddia edirlər ki, guya qabaqlayıcı tədbirlər görürlər, profilaktikadır, mən başa düşə bilmirəm ki, xəstənin üzünə qarşı deyəsən ki, sən xəstəsən və əlavə də eləyəsən ki, get özünü qoru. Əgər mən özüm-özümü qoruya bilirəmsə, həkimə niyə üz tuturam? Yox, burda söhbət həmin o müalicə üçün lazım olan həmin o dəva-dərmanın satılmağından gedirsə, elə hava məlumatının sonunda dərmanların adını sadalamaqla arifə bir işarə etmiş olarlar. Və hər kəs də cibinə və səhhətinin imkanlarına görə özünə gün ağlayar. Bu da məsələnin dördüncü tərəfi...
   
   İndi kompüter arxasında oturub bu yazını yazan Vüsalə xanım soruşur ki, müəllim, məsələnin neçə tərəfi qaldı. Mən də məcburam ki, sözümü kəsə deyəm, tay o biri tərəflər qalsın sonraya. Deməli, məsələ belədir. Bütün bu dediklərimin hamısı bu torpağa, bu millətə inamdan, sevgidən qaynaqlanır. İstəyirəm ki, mən də onun bir işinə yarayım və onu sevdiyimin milyonda bir hissəciyi qədər də ondan qarşılığını görüm. Təbii ki, sağlığımda. Amma neyləyim ki, mənim arzumla, istəyimlə, dediklərimlə gördüklərim, qarşılaşlıqlarım, şahidi olduqlarım, yaşamağa məhkum edildiyim məqamlar heç cürə uzlaşmır. Heç tərs mütənasib də deyil, ondan da o tərəfdədir. Və bu yerdə məcbur olub tərəflər məsələsinə nöqtə qoymaqla bir dostumun söylədiyi bir lətifəni xatırlamalı oluram: Deməli belə. Cavan ailədə ərlə-arvad dalaşır. Arvad qapını ərinin üzünə çırpıb deyir ki, rədd ol get. Ər soruşur hara? Arvad deyir ki, cəhənnəmə. Hə, ər tənbəllik eləməyib gəlib qayınatasının qapısını döyür. Qaynana qapını açır. Ər başını aşağı salıb, "evdə dalaşdıq" deyir. - Dalaşdınız lap yaxşı, bəs bura niyə gəlmisən? -Arvad dedi ki, get cəhənnəmə!!!
   
   Bəli, bilmirəm mənim dediklərimdən nəsə bir şey anladınız, yoxsa yox. Vallah, bu məmləkət mənim üçün ən cənnət guşəsidir. Bəlkə də elə cənnətin özüdür. Çünki bura Vətəndir, burda sevdiklərim, uğrunda ölməyə hazır olduqlarım yaşayıblar, yaşayırlar... Məni isə deyə bilmərəm...

TƏQVİM / ARXİV