OT KÖKÜ ÜSTƏ BİTƏR

FAİQ QİSMƏTOĞLU
93339 | 2014-06-25 06:05
Dünyada hər insanın öz kökü, öz ocağı və öz yuvası var. Hər kəs də o kökə bağlanmaq və o soydan qida almaq istəyir. Aydındır ki, kökünə bağlı olan insanlar daha saf, daha duru və daha zəhmətkeş olurlar. Bu yazını təsadüfən qələmə almıram. Çünki vaxtilə tanıdığım, böyük hörmət etdiyim insanlar var ki, bu gün onların yolunu övladları davam etdirir.
Vaxtilə Horadizdə bir pambıqtəmizləmə zavodu var idi. O zavodun da direktoru Tiflis Ağayev idi. O Tiflis Ağayev ki deyirdilər, ondan uca Azərbaycanda insan yoxdu. Hətta bir dəfə nazirlikdə kollegiya iclası olanda təzə nazir onu tanımayıb deyib ki, əyləşin, o da ayağa qalxanda baxıb görur ki, bu kişi hamıdan hündürdü. Nazir əli ilə işarə edir ki, əyləşin. Vaxtilə Tiflis Ağayevin yanında çox yaxşı kişilər işləyiblər. Mənim atam Qismət kişi, Yusif Abbasov, Veysəl Behbudov və Cəlil Abdullayev həmin zavoda çalışıblar. Həmin dövrdə "tavaraved" işləmək elə də asan məsələ deyildi. Çünki pambıq yığımı vaxtı "tavaraved" ağına-bozuna baxmadan "pripiska" eləməli idi. Bu "pripiska"ya görə də çoxları cinayət məsuliyyətinə cəlb olunur və məhkəmənin hökmü ilə məhkum olunurdular.
Bax, o vaxtlar hər oğulun işi deyildi ki, sudan quru çıxsın. Amma mənim tanıdığım adamların hamısı sudan quru çıxdılar. Həm öz qürurlarını qorudular, həm də köhnə kişilər kimi adlarını tarixin yaddaşına yazdılar. Mən onda orta məktəbin 7-ci sinfində oxuyurdum. Rayonun birinci katibi pambıq zavoduna gəlib "tavaraved"lərə hərbə-zorba gəlirdi ki, pambıq planını doldurmaq üçün kolxozlara kömək olsun. Onda rəhmətlik Yusif Abbasov sinəsini qabağa verib katiblə əməlli-başlı "döyüşdü". Dedi ki, sən bizim balalarımızın başını niyə kəsmək istəyirsən? Birinci katibsən deyin nə gəldi eləyəcəksən?! Heç vaxt biz bu cür cinayətə qol qoyub balalarımızı pis vəziyyətə salan deyilik. Yusif kişi necə odlu-alovlu danışdısa birinci katib maşına əyləşib bir göz qırpımında aradan çıxdı. Yusif kişinin mərd adam olmasını, heç kimdən çəkinməməsini hamı yaxşı bilirdi. Bilirdilər ki, Yusif kişi hirsləndi gözünə Allahdan başqa heç kim görünmür. İstəyir birinci katib olsun, istəyir prokuror, o, mütləq haqq sözü deməli idi və bundan sonra sakitləşməliydi. Ona görə də Yusif kişidən çoxları çəkinirdi.
Elə mənim atamdan, Veysəl kişidən, Cəlil kişidən də yuxarılar ehtiyat edirdilər. Bilirdilər ki, bu adamlar heç vaxt haqsızlıq edib kiminsə balasının başını başqaları kimi pambıqla kəsməzdilər. Bir dəfə Yusif kişi axşam məni evlərinə qonaq aparmaq istədi. Atama dedi ki, icazə versən bu axşam uşağı bizə apararam. Səhər-səhər Allah qoysa gələndə özümlə gətirəcəm. Həmin axşam Yusif dayıgildə qaldım. Həyat yoldaşı əldən-ayaqdan gedirdi. Hələ uşaqları da balacaydı. Dedi ki, oğul, biz bu uşaqları və eləcə də səni gözüyaşlı qoyub ağır cinayətlər törədə bilmərik. Gözümüzü yumub "pripiska" eləsək, gərək onda hamımız gedib 10-15 il türmədə yataq.
Mən universitetə qəbul olanda Yusif dayı, Cəlil əmi və Veysəl əmi bizə gəlmişdilər. Özü də hərəsi mənə bir köynək hədiyyə gətirmişdilər. O vaxt jurnalistika fakültəsinə qəbul olunmaq hər adamın işi deyildi. Görürdüm ki, bu əmilərim mənimlə qürur duyur və fəxr edirdilər. Sonradan elə oldu ki, Cəlil kişinin və Yusif kişinin qızları da jurnalistikaya qəbul olundular və oranı bitirdilər.
Veysəl əmidə çox ağayana, ağsaqqal və sanballı bir adam idi. Görkəmində səliqə-sahman hiss olunurdu. Hiss olunurdu ki, Veysəl kişi ziyalı adamdı və yaxşı da ailə başçısıdı. Bu gün nə mənim atam, nə Yusif kişi, nə də Veysəl əmi var. Onlar dünyasını dəyişiblər. O dostlardan yeganə sağ qalanı Cəlil kişidir ki, o da bizi bir-birimizə yaxınlaşdırır və birləşdirir. Amma Yusif əminin ocağında çox bacarıqlı, savadlı və istedadlı övladları var. Onlar sözün həqiqi mənasında Yusif kişinin yolunu davam etdirirlər. İndi evin ağsaqqallığı Hüseyn Abbasovun üzərinə düşüb. Həmişə mənimlə görüşəndə ötən günləri yada salır, kövrəlir və gözləri dolur. Deyir ki, indi istəməsin, rəhmətlik dədəm sənin xətrini çox istəyirdi. Elə bu gün də bizim ailənin hamısının sənə böyük hörməti var. Xeyrimizdə-şərimizdə iştirak edirsən, tez-tez telefonla əlaqə yaradırsan. Bax, bütün bunlar bizə ləzzət edir.
Veysəl kişinin də yurdunda bacarıqlı, özü kimi ağsaqqal övladları var. Əlabbas və Ramiz demək olar ki, o kişinin yolunu çox ləyaqətlə davam etdirirlər. Bir də ki, yaxşı kişilərin həmişə yaxşı övladları da olub. O övladlar ki, atalarının şərəfinə, nüfuzuna və hörmətinə xələl gətirməyiblər. O övladlar ki, özləri nümunəvi və ağsaqqal hərəkətləri ilə atalarına bənzəyirlər. Hamı da deyir ki, o kişilərə Allah rəhmət eləsin, onların ocağını yandıran övladları layiqli insanlardır.
Layiqli insan olmaq, yurda, elə-obaya şərəf gətirmək elə də asan deyil. Çox imkanlı adamlar var ki, heç də övlad sarıdan yarımayıblar. Amma birmənalı olaraq deyə bilərəm ki, mənim atamın dostları olan Yusif Abbasov, Veysəl Behbudov, Cəlil Abdullayev həmişə el-oba arasında öz izlərini qoyublar. O izlər ki, bu gün övladları bu yolu davam etdirir. Bu yol isə hələ də uzanıb gedir. Yol uzanır, övladlarsa atalarının yollarını yaşadırlar...

Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV