adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

LONDONDA GÖRüŞDüYüM CEYMS - BOND YOX, OLDRiC iDi

34590 | 2007-05-26 00:26
Müasir ingilis ədəbiyyatı ilə maraqlananlara yazıçı Ceyms Oldricin adı yaxşı tanışdır. Onun yaradıcılığı kimi, həyatı da cox maraqlıdır. 1918-ci ildə Avstraliyanın bir kəndində doğulan Ceyms 19 yaşında Londona köçüb. Gənc vaxtlarından yaradıcılığa meyl ğöstərib. İngiltərə və Amerika mətbuatında çalışarkən dünyanın qaynar nöqtələrinə ezam olunub. Oldric İspaniyada gedən döyüşləri görüb, II Dünya muharibəsi dövründə İtaliya, Misir, Finlandiya, Norveç, SSRİ kimi ölkələri dolaşıb müxtəlif materiallar hazırlayıb. 1942-ci ildə Amerikada dərc olunan "Taym" jurnalının hərbi müxbiri kimi Təbrizə səfər edib, "Qafqaz haqqında nəğmə" adlı məşhur poetik novellasını da orada yazıb. 1945-46-cı illərdə o, yenə Təbrizə gəlib, Cənubi Azərbaycanda gördüklərini, duyduqlarını "Diplomat" romanında qələmə alıb. Müəllifinə şöhrət gətirən bu əsər qırxa yaxın dilə, o cümlədən rus dilinə tərcümə edilib. Təəssüf ki, Sovet dövrünün ideoloji tələblərinə uyğunlaşan tərcüməçi əsərin müəyyən hissələrini "nəzərdən qaçırıb". Əsər azərbaycan dilinə orijinaldan yox, ixtisar olunmuş rus nəşrindən çevrildiyindən romanda bizim üçün cox əhəmiyyətli və qiymətli olan bəzi məqamlar kitaba daxil edilməyib. Tədqiqatcı alim, ingilis dilini, ədəbiyyatını gözəl bilən və C.Oldric yaradıcılığına yaxından bələd olan Şahin Xəlillinin köməyi ilə Sovet tərcüməcilərinin "unutduğu" təkcə bir abzası xatırlatmaq bu məqamda yerinə düşərdi:
   
    "...Həmin o botanika alimi İrəvandan gəlmiş erməniydi. Ermənistandan Moskva Universitetinə ezam olunmuşdu. üz-gözu kömür kimi qapqaraydi. Əsl erməniydi, amma ləngərli erməni ləhcəsi ilə rusca elə ötkəm danışırdı ki, Mək Qreqor ( "Diplomat" romanının baş qəhrəmanı, muəllifin prototipi. E.B.) onu zorla başa düşürdü. Nəhayət, onlar Azərbaycan barədə söhbət açdılar. Erməni professoru hay-küy qopardı ki, bəs yaxın günlərdə xəbər tutub: "qardaşı İranda 25 il sərgərdan ömür sürəndən sonra Qarsda olarkən, türklərin təqibindən güclə canını qurtarıb Sovet Ermənistanına pənah gətirib. Sonra professor bütün erməni əhlinin türkləri lənətlədiyini izhar etdi. Qars, Ərdəhan, Bitlisin adını cəkib yerindən dik atıldı. Bütün bədənini əsdirə-əsdirə, bağıra-bağıra danışdı ki, həmin torpaqlar erməni əyalətləri olubdur və bu yerlər Ermənistana qaytarılmayınca bir nəfər olsun belə erməni sakit dayanmayacaq."
   
   ("Diplomat", London, 1949-cu il nəşri, 17-ci fəsil, səh.266-67.)
   
    Maraqlıdır, deyilmi? Məhşur ingilis yazıçısının təsvir etdiyi erməni savadsız adam deyil, professordur. O, bəlkə də tarixi həqiqəti bizdən daha yaxşı bilir. Amma ona faktlar, gerçəklər yox, "Böyük Ermənistan" ideyasına faydalı ola biləcək nə varsa, həqiqət kimi yalnız o qəbuldur. Belələri ücün milli maraqlar tarixi sənədlərdən üstündür. Kütləvi epidemiya nəticəsində şovinizm və sərsəri ideyalar mərəzinə düçar olan insanlar hələ qırxıncı illərdə Ceym Oldricə SSRİ-də və İranda dəfələrlə rast gəlmişdi. Xəstə təxəyyüllü insanların ümumiləşdirilmiş obrazlarını "Diplomat" romanında ingilis yazıçısı məharətlə qələmə almışdı.
   
   İngiltərəyə ilk səfərim 1992-ci ildə olmuşdu. Londondaykən bir gün cənab Oldricə zəng çaldım. Dedilər Yunanstana gedib, üç gündən sonra qayıdacaq. Telefonda mənimlə danışan xanıma Azərbaycandan gəldiyimi və onunla görüşmək istəyimi bildirdim. Qaldığım mehmanxananın telefon nömrəsini söylədim. İmkan olsa məni aramasını rica etdim. Bir necə gün sonra o özü mənə zəng çaldı və evinə dəvət etdi.
   
   Ceyms Oldric şəhər mərkəzindən aralıda yaşayırdı. Maşınla xeyli getməli oldum. Özümlə milli suvenir, şirniyyat, bir də dostum Sahin Xəlillinin muəllifi olduğu "Ceyms Oldric və Azərbaycan" adlı kitabı da götürmüşdüm. Oldric bizi qapının önündə qarşıladı. Salamlaşandan sonra dediyi ilk sözlər bu oldu:
   
   - Xoş gəlmisiz. Mən Azərbaycanı, onun ədəbiyyatını, incəsənətini, insanlarını cox sevirəm. Oralar ücün cox darıxmışam. Sizin gəlişinizə və mənimlə görüşmək istəyinizə sevindim. Demək, məni Azərbaycanda tanıyırlar, unutmayıblar və yad edirlər.
   
   İlk dəqiqədən səmimi və qonaqpərvər insan olması diqqətimi çəkdi. Şəxsi kitabxanasındakı nadir kitabları göstərdi. Bax, - dedi, -Füzuli, Nizami, Nəsimi. Sonra Mirzə Ələkbər Sabirin bir şerini ingilis dilində oxumağa başladı. Çox məlumatlı adam olsa da, Azərbaycanla bağlı informasiya azlığından şikayətləndi. Mənə elə gəldi ki, bizimlə görüşdən əvvəl Azərbaycan haqda özündə olan kitabları təkrar gözdən keçirmişdi. özünə, müsafirinə hörmət edən, vaxtının dəyərini bilən insanlar, adətən belə olur. Azərbaycanla bağlı o qədər sual verdi ki... Dağlıq Qarabağı ermənilərin zəbt etməsini pislədi. Dedi ki, bu onların köhnə adətidir. Mən bunu yaxşı bilirəm. Hətta öz əsərimdə də vaxtilə bu barədə ətraflı yazmışam. Siz illər boyu bu haqda susmağa üstünlük verirdiniz, məsələyə Sovetlərin xalqlar dostluğu , beynəlmiləlçilik siyasəti konsepsiyasından yanaşaraq, heç yerdə erməni faşizmindən, terrorizmindən, onların sizə qarşı yürütdüyü əsassız torpaq iddialarından danışmazdınız. Yadımdadır, hətta mənim "Diplomat" əsərimin Moskva nəşrində bu məsələlərlə bağlı hissələrin bir qismi kitaba salınmamışdı. Ermənilərsə harda bir əcnəbi görsələr ilk tanışlıqdan sonra bir bəhanə tapıb mütləq bu mövzunu açardılar. İllər boyu ermənilər bütün dünyada əzabkeş xalq obrazı yaratmağa calışıblar və düzünü desək, məqsədlərinə yetərincə nail olublar. Hamını inandırmaq istəyirlər ki, ermənilərin ata-baba torpaqları əllərindən alınıb. Bir millət kimi təqiblərə, soyqırıma məruz qalıb, məcburiyyət üzündən vətəndən didərgin düşüb dünyaya səpələniblər. Həqiqətsə belə deyil, mən bunu yaxşı bilirəm. Oxuduğum tarixi materiallardan kifayət qədər məlumatım var. Amma Avropada, Amerikada erməni lobbisi öz işini görüb. Kütlə psixologiyasını yaxşı bildiklərindən lazımi məqamlarda ictimai fikri öz xeyirlərinə yönəltməyi, yaranan vəziyyətdən məharətlə istifadə etməyi bacarırlar.
   
   Cənab Oldric söylədiyi fikirləri təsdiq edən bəzi sənədləri mənə göstərdi. Avropada yayımlanan müxtəlif nəşrlərdə erməni yalanları geniş yer almışdı. Bunları göstərə-göstərə yazıçı dedi ki, mən Dağlıq Qarabağ hadisələri ilə əlaqədar bir kitab yazmaq istəyirəm. O üzdən xeyli material toplamışam. Bakıya gəlmək istəyimin əsas səbəbi də elə budur. Siz də artıq həqiqətləri dünya ictimaiyyətinə catdırmağın yollarını öyrənməlisiniz. Azərbaycanda baş verənlər barədə İngiltərənin özündə də cox az məlumat var. Bilinənlərin də hamısı həqiqət deyil. Hanı sizin bu mövzuda kitablarınlz, sənədlər toplularınız, filmləriniz, səlahiyyətli, nüfuzlu dairələrlə işgüzar əlaqə yarada bilən və azərbaycanlıların xeyrinə ictimai rəyin dəyişməsinə nail olmağa çalışan adamlarınız, lobbiniz? Biz onları buralarda görmürük. Ermənı emissarları isə hər yerdə var. Hətta Qarabağ xalılarını erməni xalq sənətinin nümunələri kimi Avropa ölkələrində sərgiləyirlər. Sonra bir qədər susub mənim onu necə böyük diqqət və maraqla dinləməyimi müşahidə etdi, yəqin ki, öz aləmində dəyərləndirdi.
   
   -Siz məni çox diqqətlə dinləyirsiz.Yəqin ki, dediklərimlə razılaşırsız? -deyə soruşdu.
   
   - Sizinlə razılaşmamaq olmaz, tamamilə haqlısız. Haqlı iradlarınız bir azərbaycanlı kimi məni məyus etsə də, bir şəxsiyyət kimi varlığınız, problemə yanaşma tərziniz, mövqeyiniz və sizinlə tanışlığım, göstərdiyiniz qonaqpərvərlik məni sevindirir.
   
   -Qəhvə soyudu, məncə təzələmək lazım - deyib mətbəxə keçdi.
   
   C.Oldric kimi nüfuzlu və dünyada tanınan ədibin içindəki Azərbaycan sevgisinin kökü, mənim qənaətimə görə, cox sağlam idi. Bu sevgi hec bir sponsor puluna, dəbdəbəli ziyafətlərə, bahalı hədiyyələrə bağlı olmayan, yalnız yazıçı müşahidələrinə, ziyalı fəhminə arxalanan yaradıcı insanın özü üçün çıxardığı nəticə idi. Yeni hazırlanan ətirli qəhvə ilə otağa daxil olanda o, yenə təkrar etdi:
   
   - Azərbaycana gəlmək istəyirəm. Bir vaxtlar toxunduğum mövzuya yenidən qayıtmaq arzusundayam. Qarabağa getmək niyyətim var. Qarabağ munaqişəsiylə bağlı mənim müşahidələrim, bildiklərim və deyəcəklərim coxdur. Onlar mütləq deyilməli, dünya ictimaiyyətinə çatdırılmalıdır.
   
    Bir neçə saatlıq söhbətimizdə mən ondan cox şey eşitdim, cox şey öyrəndim. Bu görüşün bəzi məqamlarını videolentə də cəkdim. Hətta Azərbaycan Dövlət Televiziyası üçün Ceyms Oldricdən maraqlı müsahibə də aldım. Yazıçı vətəni Avstraliyadan, Amerikadakı jurnalist fəaliyyətindən, Cənubi Azərbaycandakı müşahidələrindən, ərəb əsilli xanımla ailə qurmasından, əlamətdar görüşlərindən, müsahibələrindən danışdı. Qarabağ konfliktinə Londondan açılan panoramı öz sözüylə ifadə etməyə calışdı. Amma nə qədər qəribə olsa da, Bakıda bu müsahibəni efirə vermədilər... 1992-ci il idi. Dövlət Teleradio Şirkətində bir ağıllı mənə irad tutdu ki, Ceyms Oldric kimdir, nə yazıçıdır ki, onunla ayrıca müsahibəni efirə verək? O, kommunist yazıçı olmasaydı Beynalxalq Lenin mukafatına layiq görülməzdi. Müstəqil Azərbaycana kommunist ideologiyasının daşıyıcıları ilə reportaj lazım deyil. Nə isə...bu haqda heç danışmaq istəməzdim, amma dilim dinc dursa da, yenə qələmimi saxlaya bilmədim...
   
   Ceyms Oldric və xanımı Şahin Xəlillinin Azərbaycanda nəşr edilən kitabını qiymətli hədiyyə kimi qəbul etdilər. İndiyədək belə bir kitabın nəşrı haqda məlumatlı olmadıqlarını təəssüflə söylədilər. Bir cox şeyləri təəssüf ki, biz də sonradan təəssüflə qeyd edirik. Ceyms Oldrici Bakıya dəvət etmək olardı. Təəssüf ki, o zaman bu alınmadı. 1992-ci ildə baş tutmayan Azərbaycan səfərindən daha cox itirən görən kim oldu - görkəmli yazıçı Ceyms Oldric, yoxsa biz ?

TƏQVİM / ARXİV