adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QARAVƏLLi

ƏBÜLFƏT MƏDƏTOĞLU
29335 | 2007-05-25 00:04
Əvvəlcə özümüzdən başlayım. Özümüzdən deyəndə ki, qəzetimizdən. Qəzetimiz də deyəndə ki, konkret Oqtay Salamovun yazılarından. O yazılardan ki, hansı birinin birinci cümləsini sapından tutub çəkirsən, görürsən ki, altından ayrı şeylər görünür. Bilmək olmur ki, niyə üstüylə altı ayrı-ayrı dillərdə danışır. Bu qaravəlli, yəni əyri-üyrü yazı niyə belə sakitcə bir şəkildə öz işini görməkdədi. Və öz işini gördükcə də onun məna və məzmunu bir-biriylə niyə üz-üzə mehriban, altda küsülüdürlər. Bu bunun burası. Keçək ikinci məqama...
   
   Bu gün hökumətimizin gözəl-göyçək bir Tarif Şurası var. Adam hərdən az qalır ki, ona həsəd aparsın, həm də o "tarif"i "tarix" kimi oxusun. Çünki qəbul etdikləri qərarların hamısı tarixi bir önəm kəsb edir. Çiynində zaman yükü aparır. Hələ mən bu zaman yükünün çəkisini, ağırlığını qoyuram bir tərəfə, o yükün bir tayı olan, yəni ağırlıq qanadı sayılan bizlərin sosial durumunu demirəm. İndi özünüz fikirləşin, görün Tarif Şurası nə qədər dözümlü, dəyanətli, qabiliyyətli, cəsarətli, məharətli və ləyaqətli bir duruma, görkəmə malikdir. Zarafat deyil e. Bu boyda məmləkətin yükü çiynindədir. Çiynini çəksə, yük qarışıq bilirsiniz də nələr olar. Bu da bunun burası. Deməli, Tarif Şurası əslində tarix şurası kimi yaddaşlarımızda qalacaq və tarixə köçəcəkdir. Deyə bilərsiniz ki, təkcə sadaladığım keyfiyyətləriylə, yoxsa?..
   
   Bəli, həm sadaladağım keyfiyyətləriylə, həm də indi deyəcəyim müəyyən detallarla. Və çalışacam ki, onları da çox açıb-ağartmayım. Çünki bir az dərinə gedəndə görürsən ki, məsələlər, bəziləri demiş, alayı cür olur (Ceyhun Musaoğlu demişkən). Bəli, Tarif Şurası qəbul etdiyi qərarlarla nəyisə qaldırır, nəyisə endirir. Ən azı onun əlində sehirli çubuq var. Lap elə axırıncı qərarıyla telefon danışıqlarının qiymətlərinə öz hökmünü verdi. Yəni, ölkə daxilində tay oturub saatlarla telefonları məşğul etməyə o qədər də yəqin ki, ehtiyac, daha doğrusu, imkan olmayacaq. Çünki hamısı puldu axı. Bunun əvəzinə xariclə nə qədər istəyirsən danış. Lap Ermənistana da zəng vura bilərsən. Hökm deyil ki, Vazgennən danışasan. Danış hansısa bir QHT ilə, adını da qoy xalq diplomatiyası və yaxud ABŞ-la, Fransayla, lap elə Moskvayla, bir sözlə ürəyin harayla istəyir - danış. Özü də lap arxayınca danış...
   
   Bəzi ağzıgöyçəklər deyir ki, Tarif Şurası camaatı düşünmür, fikirləşmir. Tay bundan yaxşı necə düşünsün, necə fikirləşsin. Deyir azadlıqdı, nə qədər istəyirsən danış da xariclə. Ürəyin atlanmırdı, buyur, bu xaric, bu da sən. Di boşalt ürəyini. Ölkə daxilində də danışmaq istəyəndə ya keç qonşuya, ya da min marşruta kimlə danışmaq istəyrdinsə get bir stəkan çayını iç, hal-xoş elə, həm onun könlü xoş olsun, həm də sənin. Heyif deyil, üzbəüz oturub söhbət eləyəsən. Həm də gediş-gəliş mehribançılıq əlamətidir. Mehribançılıq olan yerdə də xeyir-bərəkət olur. Bax, indi görün bizim Tarif Şurası nələri fikirləşir. Vallah, adamın onlara ürəyi ağrıyır. Yazıqlar bizim yolmuzda əldən-dildən düşürlər (Hərdən öz-özümə deyirəm ki, necə yəni Tarif Şurasında bilirlər ki, el üçün ağlayan... qalır. Öz qədirlərini bilib niyə özlərinə gün ağlamırlar ki? Onların ailəsi, uşağı yoxdur bəyəm? Barı özlərini də fikirləşsinlər də!). Onsuz da biz həmişə narazı olmuşuq və bundan sonra da narazı olacağıq. Bineyi qədimdən belə gəlmişik, belə də gedirik. Heç razı qaldığımız məqam olmayıb.
   
   Yay qəflətən özünü göstərdi. Əslində heç yaz yerini təhvil verib qurtarmamışdı. Hava dəyişikliyi ailəmi qatıb bir-birinə. Birdən-birə yağışlardan sonra istilərin başlanması adamlara, ən çox da ürək-damar problemləri olanlara göz ağardıb. Qurban olduğum elə bil biznən məzələnir. Ovuc içi boyda bir dövlətik, 9 iqlim qurşağını keçirib bizdən, bilmirsən neynəyəsən. ?ah yağış yağdırır, gah od ələyir - qalırsan tıncıxa-tıncıxa. İndi özünüz fikirləşin, bu millət neynəməlidir? Qız-gəlin lüt-üryan gəzir - onları qınayırıq, tay demirik ki, yazıqlar istidən üst-başlarına bir şey geyinə bilmirlər, yoxsa durub kimdir ki, bir belə açıq-saçıqlıq edən, ayrı cür də mümkün deyil. ?eyinirsən istidi, geyinmirsən deyirlər geri qalıb (daha doğrusu milli mentaliteti tapdalayırıq. Sözə bax e, mən ölüm). Bax bu yerdə adam bilmir kimə üz tutsun. Yenə ümid qalır Tarif Şurasına. Bəlkə bu məsələyə də bir baxalar. Yazığıq axı?! Heç olmasa vaxtı-vaxtında havanın necə olacağını, hansı geyimlərə ehtiyac olduğunu, ürək-damar problemləri olduğunu, dava-dərman məsələsini, ən vacibi isə evdən çölə çıxıb-çıxmamağı bir balaca qanun şəklində bəyan eləsə, biz də qanuna tabe adamlarıq, başımızı salıb aşağı Allah verən qalan ömrümüzü bir təhər başa vurarıq.
   
   Bazarda vəziyyət o qədər də yaxşı deyil. Yaxşı deyil deyəndə ki, naşükür, zad deyiləm, bazar istədiyin məhsullarla doludur. Üstəgəl yarmarkalar da bir yandan. Amma 3-cü mikrorayonun bazarında satılanla Yasamal yarmarkasında satılanın arasında nə çeşidində, nə qiymətində heç də fərq yoxdu. Bu çox yaxşı haldı. Bir tərəfdən ona görə ki, nə adamlara (vallah, yarmarkadakı satıcılarla bazardakı satıcıların sifətləri bir-birinə o qədər oxşayır ki, elə bil bir almanı yarı bölmüsən), nə də satılan məhsullara fərq qoymaq düz deyil. Hamı bu torpağın, bu millətin övladıdır, məhsuludur. Və hamıya bir gözlə baxsaq, daha yaxşı olar. Bir də hərənin öz görmə qabiliyyəti də var, eynəyi də. Ondan istifadə eləsin. Bununla da məsələ həll olunub qaldırılsın ortadan. Yoxsa fərqli yanaşmalar effekt vermir. Çünki dəyirman öz işində...
   
   Hər gün istənilən sahədə yenilik axtarırıq. Yenilik də ən çox ya mətbuat səhifələrində, ya da şəhəri dolaşanda adamın qarşısına çıxır. Tutaq ki, mən şəhərə səhər-səhər gələndə görürəm ki, 20 Yanvar metrosunun üstündən keçmək problemi, yəni bu tıxacdan sovuşmaq hələ də qalır. Amma körpü də işləyir. Ondan üzü aşağı da Nəqliyyat Nazirliyi tərəfdən yolda bir rahatçılıq var. Lakin Həsən Əliyev istiqamətinə dönmək istəyəndə yenə düşürsən tıxaca. Burada da hansısa bir böyük səlahiyyət sahibi əyləşən idarə, şirkət olsaydı, yəqin ki, orada da işlər yoluna düşərdi. Zənnimcə tıxac olan yerlərdə hansısa bir nazirliyin ən azı idarəsini yerləşdirmək və o sahənin tezliklə məsləyə müdaxilə edib problemi ortadan qaldıracağına inanmaq mümkündü. Çünki mütləq o binanın qarşısında və yaxud həndəvərində polislər ən azı tez-tez görünəcək. Bu da problemdən bir çıxış yoludur.
   
   Havalar qızıb, problemlər çox, Tarif Şurası tək, bizim tələblərimiz hədsiz, bir sözlə Qarabağ yenə də od içində, Lavrov gəldi-getdi, Elmar Məmmədyarov danışıqlarla bağlı səfərlərdə, Araz Əzimov yenə də prezidentin həmin danışıqılar üzrə xüsusi nümayəndəsidir, Vəfa Quluzadə Lavrovun səfərini Azərbaycana təzyiq kimi qiymətləndirdi, Cümşüd Nuriyev "Dəmir ledinin" verdiyi bonus pulun necə olduğunun davasındadı, mərhum Elçibəyin qəbirüstü abidəsinin açılışı tərəflərin bir masa ətrafına gələ bilməməsi ucbatından hələ də ləngiyir, amma Məleykə Abbaszadə bildirib ki, builki test imtahanlarında müəyyən yenilklər olacaq. Deməli, hələ çox şeylər qabaqdadır. Amma bütün bunlara kənardan baxanda istər-istəməz fikirləşməli olursan. ?örəsən, bax bütün bunların mənə bir dəxli vər, yoxsa yox. Və bu yerdə mütləq o hadisəni xatırlamaq məcburiyyətindəyəm.
   
   ... Oqtay Salamov söhbət eləyir ki, bir nəfərin olan var-dövləti bir inək, bir də bir eşşək imiş. Qış qurtarmaq bilmir, amma ot qurtarmaq üzrəymiş. Yazıq kasıb qardaşımız dizin atır yerə, əllərin açır göyə:
   
   - Qurban olum, eşşəyi öldürməyə əlim qalxmır, onu sən öldür, barı qalan otla inəyi yaza çıxardım.
   
   Səhər durub gəlir tövləyə, görür ki, inək ölüb, eşşək də başını salıb axura xuruşdanır. Dözməyib, yenə dizin atır yerə, əllərini açır göyə:
   
   - Neçə yüz ildir Allahlıq eləyirsən (əstəgfürullah), nouldu indi eşşəklə inəyi də seçə bilmədin?
   
   ?edir evdən qoşalüləsini götürüb etiraz əlaməti olaraq göyə bir güllə atır. Barıtın tüstüsü lülədən üzülməmiş qəflətən bir şimşək çaxır və ildırım kasıb qardaşımızın həyətindəki ağacı yandırır. Yazıq qorxusundan yenə tez dizini atır yerə, əllərini açır göyə:
   
   - Qurban olum, mən də atdım tutmadı, sən də, gəl kvit olaq...

TƏQVİM / ARXİV