SAğLIğINDA QiYMƏT VERiN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
25853 | 2007-05-19 00:57
Məşhur bir şerin, məşhur bir misrasıdır bu. Və bu məşhur şerin, məşhur misrasından qarşımdakı kitaba təkrar-təkrar bir də baxdım. Kitabın müəllifi də ədəbiyyatımızın bugünkü adamı, barəsində yazılan insan da həmzamanımız, həm də hər birimiz üçün son dərəcə əziz olan böyük söz sahibi və həqiqətən xalqının şairidir.
   
   Azər Turan "Əzəl-axır dünya Türkün dünyası..." adlı çox dəyərli bir kitabı ədəbi ictimaiyyətin diqqətinə təqdim edib. Kitab xalq şairi Zəlimxan Yaqubun türkçülüyə, türk dünyasına, böyük sözə xidmətindən bəhs edir. Əvvəlcə onu deyim ki, bu kitab çox qəribə bir janrda, yəni yeni formada qələmə alınıb. Kitabın ön sözünün müəllifi Həsən Həsənov elə girişdəcə bildirir ki, "Zəlimxan haqqında çox söz deyilib, lakin Azər Turanın təqdim olunan əsərindəki yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq Zəlimxan Yaqubun yaradıcılığı belə geniş diapazonla təqdim olunub. Zəlimxanın zamanını və sözünü türklük, islam və müasirlik işığında təqdim edən Azər Turanın qənaətləri dəqiqdi".
   
   Mən də ön sözdə səslənən bu fikirlə, kitabı təkrar-təkrar oxuyub və özümün də dəfələrlə ustadla olan söhbətlərimi, kitablarını gözümün önünə gətirərək tam razılaşdım. Və gördüm ki, yeni formada hər biri ayrı-ayrılıqda Zəlimxan Yaqubun və onun müasirlərinin - İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, İsa Muğanna və digərlərinin fikirləri paralel şəkildə ortaya qoyulmaqla, böyük ustadın türk ədəbiyyatına xidməti çox ustalıqla qabardılıbdır. Ulu el sənətimiz, minilliklərin yadigarı olan aşıq-saz dünyamız bu kitabda Zəlimxan Yaqub yaradıcılığının fonunda o qədər xırda detallarına qədər şərh olunub ki, istər-istəməz adamın qulaqlarında böyük ustadın sinəsinə, bəlkə də dünyaya sığmayan səsi əks-səda verir. Elə bilirsən ki, hansısa bir tədbirdə, hansısa bir verilişdə ustad sazla, sözlə bağlı fikirlərini böyük-aşıq şairlərimizin misraları ilə yanaşı, özünün də həmin məqamlarla bağlı içindən gələn böyük sevgisini az qala bal-yağ kimi adama yedizdirir. Bu səs, bu misralar necə deyərlər sarı yağ kimi yayılır adamın canına, ruhuna. Təbii ki, bütün bunlar böyük ustadın, böyük söz dünyasının zəngin şer çələnginin, lap bir az da obrazlı desəm, Allahın ona verdiyi o böyük yatırın bizə görünən hissəsidir.
   
   Əvvəldə dediyim kimi kitab ayrı-ayrı başlıqlı, amma bütövlükdə bir ünvana, bir nöqtəyə söykənən elmi - publisistik araşdırmaların, düşüncələrin bəhrəsidir. Bu kitabda Zəlimxan Yaqubun Böyük sözə gəldiyi gündən, Böyük sözə xidmətindən bəhs edilir. Burada aparılan müqayisələr, qardaş Türk ədəbiyyatının ən dəyərli söz adamlarından, söz xəzinəsinin inciləri ilə ustadımızın dürlü-dürlü, işığa qərq olmuş, şəfəqi təkcə Azərbaycanı deyil, bütövlükdə Türk dünyasını bürüyən, hər bir türkə məxsus olan yaradıcılığını o qədər şirin bir ləhcədə, ləziz bir ifadələrdə, bir sözlə olduğuna yaxın bir şəkildə Zəlimxan dünyasının xiridarlarına, arayıb-axtaranlara ərmağan edilib.
   
   Ümumiyyətlə, bu kitabın hər bir yazısı, hər bir fikri bütövlükdə Zəlimxan Yaqub yaradıcılığını ayrı-ayrı aspektlərdən, fərqli-fərqli yönümlərdən işığa çıxarsa da, ustadın söz işığı, mənəvi dünyasının kəhkəşanları elə bərq vurur ki, orda mütləq hər şeyin necə gözəl , necə yerində və zamanında olduğunu görməmək mümkün deyil.
   
   Mən bu kitabı oxuyub qurtarandan sonra ürək sözlərimi yazıya alarkən Azər Turanın, yəni müəllifin son fikirləri ilə başlamaq istəyirdim. Amma bu yerdə də ustadın böyük söz səltənəti yenə öz dediyini dedi. Haradan başlayacağım yadımdan çıxdı. Və sonda yenidən özüm üçün etdiyim qeydə qayıtdım. Azər Turan kitabın sonunda yazır ki: "Təəssüf ki, insanlara sağlığında qiymət vermək, gördüyü işi böyüklüyünü onun üzünə vaxtında söyləmək adətimiz deyil".
   
   Bəli, bu doğurdan da belədir. Bunun da həmişə əziyyətini çəkmişik və bu gün də çəkirik. Yaxşı ki, Azər Turan bu qaydanı pozmaq istəyində bulundu. Və istəyini də reallaşdırdı. Bax, elə bunun üçün Azər Turana da ürəkdən gələn bir "Sağ ol!"- düşür.

TƏQVİM / ARXİV