adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Mətbuatdakı tərbiyə(sizlik)

CEYHUN MUSAOĞLU
43013 | 2014-06-21 07:01
Vəziyyət həqiqətən acınacaqlıdı. Bizim mətbuat, xüsusən də saytlar elə bilirlər ki, daha dünya dağılıb. Elə bilirlər ki, ABŞ İraqı yer üzündən silibsə, Liviya yoxa çıxıbsa, Ukrayna süngüyə taxılıbsa, vəssalam, dünyanın sonudu.
Saytlardakı tərbiyəsiz xəbər başlıqlarını oxuyanda yalnız bu qənaətə gəlirsən: Azərbaycan yoxa çıxıb, bir də tapılmasına ümidlər ölüb, bu məmləkətin uşaqları qırılıb, yeniyetmə qızları əsir götürülüb... Keçmişinə ermənilər təcavüz edən bir millətin gələcəyini özümüz ağlar qoyuruq.

Bir dəqiqə dostlar. Sizin məqsədiniz nədi? Deyəcəksiz aypi yığmaq. Mən də soruşacam ki, aypini neynirsiz? Deyəcəksiz ki, saytınıza reklam şirkətlərini cəlb edəcəksiz. Elə bilirsiz susacam? Əsla. Axı mən sizdən fərqli olaraq bilirəm, bizim xalq yaşayır, cəmiyyət qurulur. Ona görə yenə soruşacam: reklam şirkətlərinin diqqətini cəlb etmək nəyinizə lazımdı? Güləcəksiz. Məzəmmət edəcəksiz. Düşünəcəksiz, sadəlövhün kvadratıyam. Və iki barmağınızı bir-birinə sürtüb göstərəcəksiz ki, məqsədiniz pul qazanmaqdı.

Söhbət bitmədi ki... Davamı var. Pul sonuncu məqsəd ola bilməz. Onu qazanırlar xərcləsinlər. Kimə xərcləyəcəksiz? Cavab xor şəklində gələcək: "Əlbəttə övladlarımıza". Övladı olmayanlar isə gələcəkdə doğulacaq övladlarına...

Uşaqlarımızın qarnı tox, əyni geyimli, yatacağı isti olmasını arzulayırıq. Aypi yığaraq arzularımızdan aş dəmlədik, yedik, yedizdirdik. Aypi yığaraq uşaqlarımıza paltar geyindirdik, təhsil verməyə başladıq. Fərqinə varmadıq ki, sex xəbərli başlıqlar uşağımızın ağlını başından alıb. İndi o atasından qorxmağa başlayıb. Bir saat əvvəl oxuyub axı, atası qızını zorladı. İndi o nişanlısının başını kəsən oğlanın kriminal verilişindəki sırtıqcasına verdiyi açıqlamanın təsirindədi. Başa düşə bilmir ki, o qatil niyə dəbbə-dəbbə danışır. Çaşıb qalıb. Düşünür: yoxsa nişanlının başını kəsmək qəhrəmanlıqdı.

Həmişə olduğu kimi, bu dəfə də bir xəbər başlığına etiraz etdim. "Facebook" səhifəmdə yazdım ki, birinci başlığı "20 yaşında qız ad günündə zorlandı", ikinci başlığı "Dostuna ad günündə bakirə qız "hədiyyə" etdi" cümləli xəbər yaymaq dəhşətin pikidi. Həm də hadisə Qazaxıstanın azərbaycanlılara tanış olmayan Aktübinsk vilayətində baş verib. Var olsun dostlarım, böyük dəstək nümayiş etdirərək fikirlərini bölüşdülər. Jurnalist həmkarlarımdan biri isə yazdı ki, düz deyirsiz, belə xarici xəbəri yaymaq olmaz, ancaq yerli sex xəbərlərini dərc etmək vacibdi. Ardından xəbər paylaşdı. Sən demə dəhşətin pikinin də piki olarmış. Bəli, burda, hər gün sürətlə yoxa çıxardığımız Azərbaycanda. Xəbərin başlığı belədi: "Çoban arvadını fermerin qoynunda tutdu".

Həm içəri, həm də çölə açılan mötərizələrlə rəy bildirdim. Ağlayımmı?.. Gülümmü?.. Ölümmü?.. Kim, nə vaxt, harda deyib ki, bu, xəbərdi? Gündə minlərlə xəyanət hadisəsi baş verir. Məntiqlə o hadisələrin hamısı xəbərdi. Əgər o hadisələrin hamısını xəbər bilib versək, gərək saytlarımızın hamısının əvvəlinə "porno", yaxud "erotika" sözü yazaq. Xəbərin başlığındakı poetikaya bax: "Qoynunda". "Qoynunday"la başlayan bütün şeirlərin başına daş düşdü.

Xəbərin içini oxumadım. Bəlkə adını da yazıblar, soyadını da. Bir nəslin güllələnməsindən daha ağır əməl həyata keçiriblər. Azər Abdullanın şeiridi: "Ehey, qabaqdakılar, ehtiyatlı olun. Arxadan bakirə qızınız gəlir".

Mənsə belə deyirəm, daha arxadan heç kim gəlmir. Azərbaycan mətbuatı dünyaya yeni model gətirib. 16+, 18+ - ların üstündən xətt çəkmişik. Bizim mətbuatda əxlaq, tərbiyə qadağası yoxdu. Əgər uşaqalar da sex xəbərləri oxuyacaqdısa, daha uşaq şeirlərinə, nağıllarına, filmlərinə, oyunlarına nə ehtiyac vardı. Onsuz da dünyada iblisin hakimiyyəti qurulur. Google axtarış saytında gözəl qız şəkli axtarırsan, çılpaq qız şəkilləri çıxır. Baxın, dünyada çılpaq adamların keçirdiyi aksiyaların sayı artır. 5 ildən sonra geylərin ailə həyatı qurmasına bütün ölkələr razılıq verəcək. Onsuz da biz İblisə uduzacağıq. Ancaq bir az gecikə bilərdik, bir az dirənə bilərdik. Bilərdik...

İndisə dilənirik. Mən ölü, siz diri. Az qalıb: İtlərin küçədə cinsi əlaqədə olması xəbərinin də video təqdimatını yayımlayacağıq. Təklifimi qəbul edin. Həmin videosüjetə bu sərlöhvəni seçərsiz: it gününə düşmüşük.


TƏQVİM / ARXİV