ÜZ SUYU

ƏBÜLFƏT MƏDƏTOĞLU
43150 | 2014-06-21 06:32
...Səhər-səhərdi. Lap dəqiq desəm, saat 7.00-dı. Avtobusa minmişəm. Salona baxıram, bütün yerlər tutulub. Məcbur olub ayaq üstə dayanıram. Amma yox, dayanmaq da mümkün deyil. Çünki dayanmaq istədiyim yerlə paralel oturacaqda bir xanım əyləşib. Əyləşib deyəndə ki, elə bil onu kimsə pudra-kraska dəyirmanından keçirib yarıçılpaq bir vəziyyətdə bu avtobusa nümayişə gətirib. Nə baxa bilirsən, nə də gözlərini yayındıra bilirsən. Və istər-istəməz soyuq bir tər keçir canından.
- İlahi, sən insanın bu günə düşməsinə niyə razı olursan? Axı qadın, özü də bu yaşda, bu görkəmdə ortalığa çıxmaqla nə demək istəyir? Məgər inkişaf, sivilzasiya budur?
Bütün bunları və buna bənzər sualları içimdən keçirdiyim məqamlarda hiss edirəm ki, artıq məni soldan, sağdan sıxışdırırlar. Ayaq üstə dayanan kişilər bu xanımın əyləşdiyi oturacağa daha yaxın olmağa çalışırlar. Hə, bu da bizim tərbiyəmizin ikinci səhifəsi...
Qınaq əvəzinə, məzəmmət əvəzinə bu xanıma daha yaxın olmaq üçün edilən cəhdlər. Mən özüm də bilmədən yadıma hansısa məşhur filmlərdən birində işlədilən bir fikri salıram. Səhv etmirəmsə, böyük Nəsibə xanım Zeynalova işlədib o sözü. Qarşısındakına deyir ki, "üzüyün suyu tökülsün". İndi bilmirəm bu kişilərə, yoxsa o xanıma aid edim Nəsibə xanımın o sözlərini. Əslində həmin məqama etinasızlıq göstərənə də, rəvac verənə də, acgözlük edənə də, o şəraiti yaradana da aiddi bu söz. Və təssüf ki, onların heç biri məhz həmin məqamda, o anda üzlərininr suyu barədə düşünmürlər. Mən bunu təxmin etdiyim anda yadıma başqa bir söz də düşür. Belə ki, ulular deyib, müdriklər təsdiqləyib ki, quyuya su tökməklə sulu olmaz. Deməli, bünövrədən həmin o dediyim adamların heç birinin üzündə su olmayıb və...
Həmin günün axşamı da marşrut avtobusunda oxşam bir mənzərə ilə qarşılaşdım. Üç-dörd "qız" mindi avtobusa. Göbəklərindən tutmuş sinələrinə qədər hər yanı açıq, bədənlərində çoxlu şəkil var idi. Bilmədim valideynlərinin şəkli idi, yoxsa sevgililərinin. Amma daha çox özlərinə bənzəyirdi o şəkillər. Səs-küyləri avtobusu başına götürmüşdü. Orta yaşlı bir kişi onlara tərs-tərs baxıb:
- A bala, bir az sakit olun - dedi.
"Qızlar" heç nə olmamış kimi daha bərkdən qəh-qəhə çəkdilər və bir-birlərinə qaş-göz edib "dedulya bizə ilişir" söylədilər, özü də lap ucadan. İnanın ki, sir-sifətlərindən qadına, qıza aid olacaq heç bir təbəssüm, heç bir cizgi yox idi. Onların sifətləri mənə hərəkət etməkdən tamam mitili çıxmış yararsız maşın təkərlərini xatırladırdı. Amma sifətləri təkər kimi parıldayan bu "qızlar" öz keflərindəydilər. Sürücüyə yaxın oturacaqda əyləşdiyimdən onun söylədiyi sözləri açıqca eşitdim:
- Adamı tutmayalar maşından düşürdüb keçərəm bunların üstündən. Bilərəm ki, millətin üç-dörd yaramazını məhv etdim.
Mən sürücünü başa düşürdüm. Amma onları tapdalamaqla guya nəyinsə dəyişəcəyinə kim zəmanət verə bilər.
Axı sifətləri yeyilmiş təkər kimi parıldayanlar çoxdan üzlərinin suyunu qurudublar və onların üzünə nə qədər su çiləsən, hətta gündə on dəfə Xəzərin sularına salıb-çıxarsan da daha o üzlərə su qayıdan deyil. Çünki onlarda ümumiyyətlə, sifət qalmayıb... Nə isə. Belə bir məqamda yadıma bu günlərdə yazdığım misralar düşdü:

Bərəsi, bəndi bağlıdı,
Sinəsi çarpaz dağlıdı.
Vallah, dünyanın axırıdı-
Quruyub üzünün suyu.

Adamlar adam donundan,
Çıxıb, yeddisi onundan.
Heç kim qorxmur ki, sonundan
Quruyub üzünün suyu.

At oynadır bildiyi tək,
Danışdığı, güldüyü tək
Lap dünyaya gəldiyi tək -
Yarıyıb üzünün suyu.

Dolub-boşalır bu meydan,
Matahdı iblislə şeytan.
Bir gün daş yağacaq, inan
Qarıyıb üzünün suyu.
***

Bütün hallarda deyilənə görə, etiraf edim ki, mən buna inanmıram, adamlar zamanına bənzəyir. Əgər bu həqiqətdirsə, onda bizim zamanımız lüt doğulub. Hətta bu zamanın əncir yarpağı da olmayıb. Ona görə də bu zamanın adamlarının onundan yeddisində o qədər qeyri-adiliklər var ki, bunu sadəcə izləmək lazımdır, müqayisə etmək yox. Çünki, müqayisənin özü sonda mübahisəyə gətirib çıxarır. Təbii ki, mübahisə də daha sonda yumruq davasına çevrilir, deməli, bütün hallarda nə mənim, nə də sizin əncir yarpağı dövrünə qayıtmaq imkanımız yoxdur. Ona görə də sakit izləmək, əsəbini təkcə dişinlə yox, həm də dırnaqlarına sıxıb saxlamaq ən pis halda özünün xeyrinə ola bilər. Çünki indi görənin gözünü çıxarmaq daha asandı. Özü də məhkəməsiz-filansız...
Bəli, biz bu cəmiyyətin içində səhərdən-axşama, axşamdan-səhərə bir kirkirə daşı kimi fırlanmaqdayıq. Yəqin bilirsiniz də bu daş özbaşına fırlanmır, onu hansısa əl, hansısa güc hərəkətə gətirir. Deməli, biz də bu zamanın gözə görünməyən, gücü hiss olunmayan, amma bizi idarə edən, bizi yönəldən o nəsnələrin, o kimlərinsə hesabına fırlanırıq. Böyük Bəxtiyar Vahabzadə demiş, dünya fırlanır və fırlanan bu dünyada heç nə yerini dəyişmir. Çünki vuranla vurulan, toplananla çıxılan bütün məqamlarda, bütün məkanlarda eynidir. Dəyişən onların görkəmidir...

Deyəsən, bir az filosofluq etdim, amma neyləyim ki, hərdən buna da ehtiyac olur. Çünki susmaq nə qədər qızıl olsa da, nəyə görə susduğunu da göstərmək zərurəti var. Mən hərdən evimdə, ailəmdə, çevrəmdə olan insanlara, xüsusilə xanımlara içimdən gələn və zamana tabe olmayan bir tələblə, bir istəklə, bir ərklə yanaşıb istəmişəm ki, onlar heç olmasa üzlərinin suyunu saxlaya bilsinlər. Məsumluqları yaraşıqlıqlarına çevrilsin. Satın alınan boyalardan dünyanın reklam çarxlarında fırlanan bəzəklərdən daha çox orijinal olan, təbii sayılan o məsumluğu təkcə ata evində, ata ocağında və yaxud da aid olduğu ünvanda deyil, bütün həyatlarının istənilən nöqtəsində özləri ilə, özü də özləri bilmədən, yəni süni şəkildə yox, gerçək bir formada daşıya bilsinlər. Çünki insanın görünən görkəmi, xarici onun daxilinə gedən yolun açarıdır. Bəlkə də bu açar bəxt deməkdi!
Axı bütün sevgilər gözdən başlayır. Görürsün - sevirsən, sonra duyursan - sevirsən, sonra dinləyirsən - sevirsən. Bax, bu yığcam bir məntiq gerçəkliyə söykənir. Elə bir gerçəkliyə ki, onun içərisində hər şey var. Hətta bol-bol üz suyu da var. Elə bu məqamda yadıma bir şeir düşür:

Bir gül
ləçəyi tək
qopub düşdü
dilimdəki söz...
bir yağış
damlasının
saplağı tək
toxundu
və sürüşdü
başqa səmtə -
məni qınayan
dolmuş göz...
ruhumun
çıxdığını bilmədim
bədənimin
donduğunu gördüm...
yerə düşən sözlə
məndən qaçan gözlə
vidalaşmadan
xətdən ayrılan
işıq tək
söndüm...
və kimsə
pıçıldadı:
- öz cəzandı çək!...

Nə qədər dərin düşünsən də, nə qədər müzakirələr aparsan da sonda ikini ikiyə vuranda dörd edir. İstəyir bəru vur, istəyir yavaş. İstəyir səhər-səhər, istəyir axşam. Deməli, söhbət burda gerçəkdən gedir. O gerçəkdən ki, biz həmişə onun dalınca qaçırıq, ona güvənirik, ona istinad edirik. Təəssüf ki, indi bütün gerçəklər adamı özünə çəkmir, yəni, baxırsan, görürsən, lap əlinlə toxunub varlığını təkrar-təkrar hiss edirsən, amma son nəticəyə gələndə görürsən ki, bu həmin gerçək deyil.
Yadıma düşmüşkən, böyük yazıçımız, rəhmətlik İsi Məlikzadənin dadlı-duzlu hekayələrinin birində belə bir məqam var: Allah bir nəfəri axtarır və əlini yüxarıdan üzü aşağı sallayıb həmin adamı götürmək istəyir. Təbii ki, bir nəfəri qaldırır. Qohum-qonşu, ətraf qalxan adamın dalınca baxıb bəxtəvər deyir. Allah həmin adamı gözünün qarşısına gətirəndə görür ki, bu, axtardığı adam deyil. Ovucunu açır və həmin adam göydən üzü aşağı gəlir. Amma heç kim bəxtəvər dediyi bu adamı yerə düşməkdən xilas edə bilmir!
Çox gözəl məntiqdi. Bax, bizim zamanın gerçək üzü də budu. İstər marşrut avtobuslarında olsun, istər Sahil parkında, istər şəhərin hansısa bir nöqtəsində, lap elə nəşriyyat binasında, fərq etməz, bütün günahlar və günaha bənzər nələr varsa hamısı ortadadı. Elə bu məqamda bir gerçəyi də diqqətə çatdırım. İndi baş bağlamağı dəbə çevirənlər də var. "Hacı" olub o müqəddəslikdən kifayət qədər uzaq əməllərə xidmət edənlər də, amma neyləyək ki, biz bunların qarşısını ala bilmirik. Çünki üz suyu tükəndikcə biz azalırıq. Biz azaldıqca onlar çoxalır və deməli, ortada qalan gerçəklik olur. O da bu günün gerçəkliyi...
İstəyirsən inan, istəyirsən inanma, bu həyat öz gücünü və öz sözünü soruşmadan o qədər rahat deyir ki, sənin necə yaşamağın, nələr düşünməyin sonda mahiyyətini itirir. Çünki sən təksən!..
Və mən buna etiraz sayıla biləcək misraları xatırladıram:

Göyün altı
yerin üstü
iynə ucu bir nöqtədə
qurulmuş qəfəsdə
yaşayıram -
ictimai qaydalarla...

göyün altda,
yerin üstdə
xatirələr, xəyallarla
və onların gətirdiyi
ziyanlarla, faydalarla
içimdəki son həvəslə
son nəfəslə
iynə ucu
daş qəfəsdə
yaşayıram -
milli olan qaydalarla!...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV