adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Mənim həkimim tut yeyir...

SAMİRƏ ƏŞRƏF
39694 | 2014-06-21 06:18
Müsəlmanın o günü olmasın, o günləri bir sürücünün piyada ucbatından necə ağır qəza törətdiyinin şahidi oldum. Deməli, avtomobil yolunun yüz metrliyində yerləşən yeraltı keçiddən istifadə etməyə ərinən piyada xanım arın-arxayın yolun üstündə gəzişərkən qəza baş verdi. Yol hərəkəti pozuldu, bütün avtomobillər ard-arda dayanmağa məcbur oldu. Bir göz qırpımında küçə adamla, polis işçiləri ilə dolub-daşdı. Əlqərəz, hadisə baş vermiş, səbəbkar piyada isə qeybə çəkilmişdi.
Ümumiyyətlə yol hərəkəti qaydalarını çox ciddi şəkildə pozan piyadalar mənə belə gəlir ki, ağır formada cəzalandırılmalıdılar. Dəfələrlə şahidi olmuşam ki, sürətli avtomobil yolunda kişilər, qadınlar, xüsusilə hamilə və əliuşaqlı qadınlar çox rahat şəkildə keçib getməyə cəhd edirlər. Sanki sükan arxasında oturan sürücünün piyadaya borcu zadı var, hər kəs onların kefi ilə hərəkət etməlidi. Ay başınıza dönüm öz canınızın qədrini bilmirisnizsə, heç olmasa, dünyaya gətirəcəyiniz, əlindən tutub apardığınılz o körpələrin gələcəyini fikirləşirn.
Niyə axı bizim insanlarımız öz üzərlərinə düşən işin məsuliyyətini dərk etmək istəmirlər. Yəni bu çox çətindir?! Həm də bu məsuliyyət məsələsi çoxumuza aiddir.
Məsəl üçün elə çox uzağa getməyib özümün az-çox bələd olduğum mühitdən bir balaca nəql etmək istəyirəm. Heç kimə sirr deyil ki, hal-hazırda ədəbiyyat aləmində parlaq nailiyyətlər əldə edirik. Bu nailiyyətlərdən ən əsası ondan ibarətdir ki, yazan və yazdıqlarını heç vaxt pozmağa əli gəlməyən gənc yazar və şairlərimizin sayı günü-gündən artmaqdadır. Olsun. Kim nə deyir ki, allah başacan eləsin.
Amma bir məsələ var ki, son günlər bizim yazar və şairlərimizin bir çox artıq başqa peşəni də məhşurlaşdırmaq qərarına gəliblər ki bu da fotoqrafiya sənətidi. Məsələn kimin ki, telefondan bir balaca başı çıxır vəssalam. O dəqiqə başlayır özünün müxtəlif profillərdən olan şəkillərini çəkib sosial şəbəkələrdə paylaşmağa. Ay anam, ay bacım sən Rəqsanəsən, Röyasan, Aşıq Tellisən ki, saatda əlli foto paylaşırsan. Hər yazına, hər şeirinə bir foto yerləşdirirsən. Dünyanın ən məşhur yazıçılarının, şairlərinin internetdə fotolarını axtarmaq eşqinə düşsəniz, baxassınız ki, beş-altı şəkildən başqa əlinizə heç nə gəlməyəcək.
Üstəlik də sizin gözəl, göyçək şəkillərinizə nə qədər baxmaq olar. Şəkil var, mətn, şeir yoxdu. Dünyanı qoyaq bir tərəfə, məmləkətdə üst-üstə hesablasaq bizi yüz, yüz əlli nəfərdən çox oxucu tanımaz. Ola bilər ki, hələ mən bu yazdığım rəqəmdə müəyyən şişirtmə də edim. Mən başa düşmürəm, əgər siz ömrünüzü şəkil çəkdirməklə başa vuracaqdınızsa, daha niyə gəlib ədəbiyyata baş vururdunuz? Elə gedib müğənnidən, aktrisadan, lap bəd ayaqda model filan olardınız. Yox əgər mütləq şəkildə mən ədəbiyyatda olmalıyam deyirinizə, o zaman oturun öz işinizlə məşğul olun da. Daha bu fotosessiyalar kimə gərəkdi?! Elə buna görədir ki, bizi özümüzdən başqa heç kim oxumur.
Məşğuliyyət barədə söz düşmüşkən bir vaqeəni də sizə nəql edib, yazını bağlamaq istəyirəm. Bir-iki gün əvvəl analizlərimin cavabını almaq üçün həmişə getdiyim xəstəxanaya getmişdim. Elə oldu ki, xəstəxanaya çatmağımla həkimlərin nahar fasiləsi eyni vaxta düşdü. Labarotoriyanın bağlı olduğunu görüb ağaclarla əhatə olunmuş bağda əyləşdim. Ətrafı dərin səssizlik bürümüşdü. Həmin səssizliyi arada nəğmə oxuyan quşların səsi pozurdu. Nə başınızı ağrıdım mən belə səssizliklə əhatə olunmuşdum ki, bir də başımı qaldırb baxdım ki, bir dəstə ağ xalatlı həkim xəstəxananın həyətindəki tut ağaclarının budaqlarından sallaşıblar. Uzaqdan da ola, mənim analizlərimi qəbul edən həkimi də tanıdım. O da əməlli-başlı bir budağı özünə tərəf çəkib qapqara xar tutdan nuş edirdi. Həkimlər və tibb bacıları məni görsələr də əhəmiyyət vermədilər. Aradan bir xeyli vaxt keçdi. Nəhayət məni yola salmalı olan həkim ağzını-burnunu təmizləyib otağına doğru istiqamətləndi. Mən də həkimin ardınca. Öz-özümə fikirləşirdim ki, adamın gərək bəxti olsun. Camaatın həkimləri, xarici ölkələrdə öz peşələrini inkişaf elətdirirlər, elmi iş müdafiə edirlər. Mənim həkimim isə tut yeyir. Nə isə otağa daxil olub həkimlə hal-əhval tutduqdan sonra həkim analizlərimin cavabını mənə uzatdı. Kağızlardakı qan analizimin nəticələrinə baxana gözlərimə inanmadım. Həmişə anemiyaya məruz qalan qanım indi həmişəkindən qat-qat yükək nəticə göstərirdi. Mat-məətəl həkimin üzünə baxdım. Bilmədim mənim qanım hansısa möcüzə nəticəsində artıb çoxalmışdı, yoxsa həkimin hər gün yediyi xar tutun şirəsindən.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV