adalet.az header logo
  • Bakı 13°C

Rabiyə

XURAMAN HÜSEYNZADƏ
29480 | 2014-06-21 12:53
Sudanın əl içi boyda
qəsəbəsində
doğulmusan Rabiyə
dərdin dünya boyda...
yaşın 14 olar bəlkə də
hər gecə yuxuna
çörək, süd, yumurta girir
bir də isti çörəyin qoxusu...
hər gecə yatağa ac girən birisi
başqa nə görə bilər
yuxusunda
qara gözlərindən
süzülən yaşlarla
üzünün kiri getmir
min-min dərdin var Rabiyə
qoşulub sel olan
göz yaşlarına
minindən biri getmir.

atan acından öldü
anan dərddən havalandı
qardaşını iş istəyir deyə
güllələdilər
eviniz yandı
sən sağ qaldın dünyanın
üzünə tüpürməkçün...

qonşumuz Xeyransadan
soruşdum səni
həmən qızı görsən
tanıyarsanmı-dedim
nişanələrini saydım
əlləri, dizləri yaralı
səsi qəhərə məğlub
dodaqlarına gülüşü
yasaqlamış dərd-qəm...
Mən o şəhərə getmirəm-dedi-
Dubaya gedirəm.


Deyə bilərəm ki, mən "Rabiyə" şeirini yazan vaxt da müsəlman dünyası müharibə, aclıq, yoxsulluqla üz-üzəydi. Demirəm. Ona görə ki, müsəlman aləminin qan-qadasız, müharibəsiz vaxtını təsəvvür etmək artıq mümkünsüz olub... O zaman Rabiyə adlı bir qızcığazın faciəsini oxumuşdum. Təsirlənmişdim. İndi nə qədər rabiyənin həyat hekayəsini oxuyub təsirlənmək yox, dəhşətə gəlmək olar! Onlar diri-diri basdırılır, güllələnir, şikəst, yetim qalırlar...
Müharibələrin günahsız qurbanları-uşaqlar!.. Onlar hələ dərk etmir bu adamlar niyə qara paltar geyinib silaha sarılaraq insanları öldürür. Onlar I Pyotrun sünnilərlə şiələrin daim üz-üzə qoyulmasını nə üçün vəsiyyət etməsindən, islamın bu yolla nüfuzdan salınmasından, siyasi oyunların qurbanı olduqlarından və s. xəbərsizdilər. Bir onu bilirlər ki, müharibə dəhşətli bir şeydir. Müharibə qandır, yetim, şikəst qalmaqdır, ölməkdir...
Bizim uşaqlığımız "ermənilər gəlir" nidasının yaratdığı təşvişlə zədələndi. Uzaqlarda güllə səsi eşidəndə necə dəhşətlə analarımıza sarılır, ağlayırdıq. Böyüklərin ermənilərin ünvanına "köpəyuşağında islam qanı yoxdu", "vəhşidilər", "qoca-uşaq demədən qırırlar" kimi sözlər işlətməsi şüurumuzda öz dinimizdən olanlara qarşı ayrı bir məhəbbət yaradırdı. Böyüdük, dünyada baş verənləri gördük və başa düşdük ki, insanlıq dinlə ölçülmür. O yerdə ki, günahsız insanlar qırılır, mələk uşaqlar qətlə yetirilir, orda ilk öncə insanlıq ölür. Torpaq üstündə müharibələr edənlərin özlərinə də son anda 3-4 metr torpaq lazım olur. Çox vaxt elə amansızlıqla öldürülürlər, külləri elə göyə sovrulur ki, o 3-4 metr torpaq da nəsibləri olmur...
Yenə hardasa uşaqlar öldürülür.
Diri-diri basdırırlar onları.
"Allahu əkbər" deyərək qətlə yetirirlər insanları...
"Allahu əkbər" deyərək!..

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV