adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GÜNAHSIZ

VƏSİLƏ USUBOVA
32217 | 2014-06-21 09:49
Dünəndən bəri çox şeyi öz rəngində görürdü. O rənglər ki, ağlı kəsəndən gözlərinə dolub ürəyinə çökmüşdü. Sən demə, bu rənglər ona çox şeylər deyirmiş, o isə bu dünyanın işdəklərindən xəbərsiz-ətərsiz gəzib-dolaşır, gözlərinə dolan, ürəyinə çökən rənglərin pıçıltısını qulaqardına vururmuş. İndi başa düşürdü; niyə batan Günəşin narıncı şüaları axmazın sularında qara-qırmızı qan rənginə çalır, gün dalınca boylanan meşə ağaclarının suya düşən kölgələri uzandıqca qara buludlar kimi qaynaşıb adamın canını üşüdür. Tay-tuşlarıynan yulğunluğun seyrək yerini mərə eləmişdilər, çilingağac, toqqavurdu oynayırdılar. Oyun qızışıb uşaqların ciyiltisi yulğunluğu başına götürəndə qəfildən həvəsdən düşür, qırağa çəkilib boynubükük kolların arasında dolaşırdı. Çox vaxt buralara tək gəlirdi. Bir-iki çimdik duzu ovuc boyda əskiyə büküb cibinə qoyur, kol dibindən təzə-tər yemlik, quşəppəyi yığır, duza batırıb şirin-şirin yeyirdi. Bağ-bostandan, arxların döşündən yığıb yedikləri buradakıların dadını vermirdi. Yulğunuluğun havasından süd, isti qadın bədəninin ətri gəlirdi. Burada yatıb qalmaq istəyirdi. Burada balaca bir daxması olsaydı yetimliyini, kimsəsizliyini unudardı. Kimsəsiz? Bəs, dayısı? Bəlkə heç o da dayısı deyil...Hələ yuxuları... Nə özünün, nə də başqalarının yoza bilmədiyi yuxuları. Gah bomboz dumanlı, gah mavi, gah da tünd göy yuxularında çəkisiz bədəni yerə dəyməyən ayaqlarının üstündə bu yerləri-gündüzlər oynadıqları, yatağa gəlməyən qoyun-keçini, inək-camışı axtardıqları, gecənin qaranlığında göz önünə gətirəndə belə üşəndikləri yerləri dolaşırdı. Nə gəzirdi, kimi axtarırdı? Kimi, nəyi itmişdi bu sıx, bərəkətli yulğunluqda, lil iyi verən qamışlıqda?! Dünən bu üzüntülərin cavabı öz ayağıynan gəlib çıxdı. Böyrü batan günəşə, üzü kəndə tərəf bəndin üstüynən addımlayan kişi içində nə vardısa boşaltdı. Boşaltdı və... bir gecədə müqəvvaya döndü...

***
Əl atıb bir yulğun çubuğu qırdı. Səsə qonaq döndü, sonra yenə yoluna davam elədi. Elə bil öz xoşuna deyildi-onu bu yolla aparan vardı. Kim aparırdı, hara aparırdı, onu bilən vardısa, o da göydəki Aydan başqası deyildi.... Bir-iki dəfə nazik budaqları çatıltıynan qırdı, hər dəfə də qonaq dönüb baxdı. Və hər dəfə də elə ağır-ağır döndü ki, elə bil kimsə əliynən başını tutub güclə dala qanırırdı. Sonra heç baxmadı da. Oğlana da bu lazımdı...
Yaxşı tamaşa vardı bu gecə yulğunluqda. Kişilər addımlarını ağırlaşdırır, Ay da getdikcə səbirsizlənirdi. Bu cığır nə çox uzandı? Özgə vaxt nə qədər arın-arxayın getsəydin bu başından-o başına beş dəqiqə çəkməzdi. Amma indi... Vaxt əriyib gedir, gecənin canını alırdı. Uzaqlarda, göyün ətəklərində soyuq-soyuq sayrışan ulduzların işığı azalırdı. İndicə əriyitb gedəcəkdilər. Obaşdanlığın gecəni gündüzdən ayıran, insanın sinəsini sirli, anlaşılmaz həsrətlə dolduran nəm yelləri qalxacaqdı. Yolçular nəsə eləməliydilər. Axı, bu cavan oğlan yorğun-arğın qonağını buralara təmiz hava almağa, axmazın Ay işığında parıldayan şor sularına tamaşa eləməyə gətirməyib. Sabah açılmamış nəsə baş verməlidi... Ətrafda canlı-cansız nə varsa, bu olacağı gözləyir. Meşə quşları cınqırını çıxartmasa da, yatmayıblar- xırda gözlərini qaranlığa zilləyib durublar. Qamışlar xışıltısını, sular pıçıltısını içinə salıb. Nəsə etməlisən, cavan qoğlan! Sonra gec ola bilər... Belə fürsət cəmi bir dəfə ələ düşür. Əyilib yolun qırağındakı kolluğa əlini atdı, nəsə götürüb qəddini düzəltdi. Nəsə yox, gündüz şələnin arasında gətirib burada gizlətdiyi tüfəngi götürdü. Bax, belə. Tez ol! Vaxtdı! Bir də ələ düşməyəcək fürsət budu!...

***
... Anasının isti qoynunda uyuyan körpə acından ayılanda gəlin də diksinib qalxdı. Yuxulu gözləriynən pəncərədən bayıra baxdı. Süd kimi aydınlıq gecənin sakitliyindən üşəndi. Qonşu otağa qulaq verdi; səs gəlmirdi. Bədənini əsməcə tutdu, uşağı əmizdirib ovundurmaq əvəzinə titrəyə-titrəyə qapıya getdi...

***
Kişi kötüyə çatırdı... Tüfəngi üzünə qaldırdı.
- Eheeyy...Bəri dön, görüm. Mənə yaxşı-yaxşı bax. O gecə... o binədəki xarabada anasının döşlərində ağzı yanan körpə mənəm... Mə-nə-mmm... Mə-nə-mmm... Mə-n-əmmm... İstəyirəm cəhənnəmə getməmişdən qabaq biləsən ki, bu kənddə bütün itlərin qulağı kəsilmiyib...
Barmağı keyimişdi-tətiyi hiss eləmirdi. Axmazın ay işığında parıldaşan suları da bir tərəfdən gözlərini qamaşdırırdı. Onun qonağı da canlıdan çox kölgəyə oxşayırdı... Birdən bu kölgə əyildi, sağ əliynən sol ayağındakı xrom çəkmənin quncundan uzunsov, parıldayan bir şeyi çıxardıb başı üstünə qaldırdı. Boğazı qurudu. Ay işığında parıldayan bu şey nə idisə, indicə vıyıltıynan düz ona tərəf uçacaq, xirtdəyinə, sinəsinə, qarnına-harasına gəldi saplanacaqdı. Bir saniyə, bəlkə də saniyənin yarısı keçməmiş bu kölgənin üstünə ikinci kölgə şığıdı. Barmağını tətiyə sıxanda ikinci kölgənin dörd ayağını, qəzəblə aralanan ağzını gördü... Güllə açıldı... Səs qaraçı şallağı kimi qayalarda, kollarda, axmazın Ay işığında ocaq kimi gah qaralan, gah közərən sularında şaqqıldayıb boğuldu. Ay tez bir parça bulud tapıb altına girdi. Dördayaqlı it kimi zingildədi, tappıltıynan sərələndi. Yalquzağın qəfil hücumundan, elə onda da açılan güllədən döyükmüş qonağın dizləri büküldü, başı sinəsinə düşdü. Sümüksüzləşən bədəni əyri-üyrü oldu, kötüyün böyrünə uçdu. Cınqırı da çıxmadı...
Alt tuman-köynəyinin üstündən oraq-çəkic düyməli sırıqlısını çiyninə atıb bayıra çıxmış Muğbil kişi səsə ayaq saxladı. Aftafanı hinin böyründəki daşın üstünə qoydu.
-Ətə dəydi... Deyəsən, bacıoğlu çaqqalı vurdu...
... İndi də ayaqları keyimişdi. Uşaqlıqda qorxulu yuxular görəndə belə olurdu. Nə illah eləyirdi, bir addım da ata bilmirdi. Üstəlik, dili də batırdı, haray salıb bir adamı köməyə çağıra bilmirdi. İndi ki, uşaq deyildi. Uşaq aylı gecədə binədəki torpaq daxmada ağlını itirmiş anasının od tutub yanan döşlərini ala bilməyən körpəydi. Yenə dodaqları qarsıdı, isti bütün bədəninə yayıldı; bu isti qıçlarını hərəkətə gətirdi...
Kənd-kəsəyə dadanandan bəri bağ-bostan işlərindən başı təzə aynıyan camaatı payızın şirin yuxusuna həsrət qoyan, hər səhər bir həyətdə vay-şivənə rəvac verən dördayaqlı qarətçi ayaqları ilə nəm torpağı eşdikcə balıqqulağılarını çaqqıldadırdı. Burnuna isti qan iyi gəldi. Ağır-ağır çömbəldi...
Uzun qış gecələri ocaqdakı kötükdən dilim-dilim qalxan alovun istisində uşaqlı-böyüklü, ahıllı-cahıllı nəfəslərini udub qurd haqqında dinlədikləri rəvayətlər pul-pul qızarmış sifətlərini bozardar, tüstüdən acışan gözlərindən yuxunu qovardı. Dərsdən qayıdanda, qoyun-quzu otaranda arxların böyrünə, kolların daldasına qısılıb boğazları quruya-quruya, ürəkləri güppüldaya-guppuldaya, birinin üstünə beşini də qoyub bir-birlərinə danışardılar. Yuxularında görərdilər. Böyüklər onu da deyərdilər ki, qurd təmiz heyvandı, gerçəklikdə ziyan vursa da, yuxuya girəndə xeyir gətirər. İndi Ay işığında son dəqiqələrini yaşayan, yulğunluğun nəm, təmiz havasından qətrə-qətrə udan qurdun gözlərinə baxırdı. O da öləzimiş gözlərini oğlana zilləmişdi. Qaranlıqda şimşək kimi alışıb neçə-neçə insanın, heyvanın zəhrini yaran gözlərində indi yırtıcılıqdan, ziyankarlıqdan başqa hər şey vardı. Sakit-sakit, yazıq-yazıq baxırdı. Birdən bu gözlərin işığı artdı, oğlandan çevrilib göyə, yerə bir az da yaxınlaşaraq düz başlarının üstündə dayanıb onlara göz qoyan Aya dirənib qaldı...
Oğlan dizlərini yerə atdı. Buza dönmüş barmaqlarıynan onu insan qanı tökməkdən qoruyan ağıllı, təmiz heyvanın gözlərini sığadı...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV