"Kül bazına Hitler, gör üstünə kim gəlir"

ƏBÜLFƏT MƏDƏTOĞLU
30185 | 2007-05-17 23:50
Bəri başdan deyim ki, millətimizin Allahın möcüzələrindən biri olduğunu çoxdan qəbul etmişəm. Amma məmləkətimizin də möcüzələr beşiyi, lap bir az kobud ifadə etsəm, icad eləyən yeri olduğunu son vaxtlarda görüb, oxuyub, eşidib, qəbul edəsi oldum. Bu sözləri oxuyanda fikirləşməyin ki, mən də hansısa bir möcüzə yaratmaq iddiasındayam və yaxud da bu təşəbbüsdə bulunuram. Xeyr, sadəcə əvvəldə dediyim kimi, gördüklərim, oxuduqlarım, eşitdiklərim məni bir balaca narahat etdi və öz-özümə dedim ki, bu boyda da olmaz də!!! Ağ eləməyin də, bəylər!!!
   
   Yenə təbii ki, fikirləşəcəksiniz ki, çözmək istədiyim mövzu nədir. Onda gəlin mən deyim, siz də qulaq asın və yaxud da oxuyun. Deməli belə. Məmləkətimizdə "Mükafat sexi" peyda olub. Bir ucdan mükafat istehsal edir. Kimi harda yaxaladı və yaxud da harda qapısını tanıdı, elə oradaca mükafatını təqdim eləyir, sadəcə bir az gözünə yaxşı görünməlisən, suyu şirin olmalısan və bir də...
   
   ?əlin faktlara üz tutaq. Bu gün respublikada elə icra başçısı yoxdur ki, ona mükafat verməsinlər. Bələdiyyə sədri, polis rəisi, prokuror, nazir, baş həkim, məktəb direktoru, ?EK müdiri və nəhayət... yenə nəhayət şair, redaktor, bəstəkar, aktyor... Hamısı mükafat alır. Mükafatı verənlər də ayrı-ayrı qəzetlər, müstəqil ekspertlər, sonra hansısa birliklər, hansısa cəmiyyətlərdi. Vallah, yalan olmasın, o "Tarixi Nadir" deyilən nədisə, mən də onu 5-6 dəfə vərəqləmişəm. Heç orda da rast gəlməmişəm ki, icra başçısına, bələdiyyə sədrinə, bir sözlə, vəzifə adamına öz boynuna düşən işini gördüyünə görə mükafat versinlər. Təsəvvür edin ki, mükafat təqdim edilir və təmtəraqla deyilir ki, "rayonun sosial iqtisadi inkişafındakı xidmətlərinə görə", "milli adət-ənənlərimizi və mədəniyyətimizi təbliğ etdiyinə görə", "əhalinin sağlamlığının keşiyində dayandığına görə", "vətəndaşların təhlükəsizliyini təmin etdiyinə görə", "şəhər sakinlərini vaxtı-vaxtında qazla təmin etdiyinə görə", "sorğulara vaxtında cavab verdiyinə görə" və s.
   
   Balam, bu adamları o vəzifələrə təyin edirlər ki, həmin o dediyiniz işləri görsünlər. Və o işləri gördüklərinə, o işləri yerinə yetirdiklərinə görə dövlətdən bir ətək pul alırlar. Mən hələ maaşı deyirəm. Çax-çux qalsın bir tərəfə. İndi bir adam ki, öz üzərinə düşən işini görübdü, bundan ötəri ona mükafat verməyin nə adı var? Zəhmət çəkib işini görüb, maaşını alıb, ta ayrı nələr eləyib, onu da özü bilir. Deməli, mükafatları bu qədər ucuzlaşdırmaq, bu qədər urvatsız etmək ən azı insafsızlıqdır.
   
   Bu ölkənin baş qanunu var. Yəni Konstitusiyası. Orada hər kəsin hüquq və vəzifələri göstərilib. Nazir öz sahəsinin, icra başçısı öz işlədiyi rayonun, eləcə də digər həmin o mükafat alan insanlar məsuliyyətini daşıdıqları vəzifənin yükünü daşımağa borcludurlar və bunun müqabilində nəsə ummaq, nəsə almaq, bu heç bir əndazəyə sığmır. Deyə bilərlər ki, biz almırıq, bunu bizə verirlər. Bu da ola bilər. Bax, elə son günlərdə yekə bir siyahıya rast gəldim və oxuyub gördüm ki, "Demokratik azərbaycanlılar" İctimai Mərkəzi "Qızıl Buta" Müstəqil Milli Mükafatı təqdim edib. Özü də sorğu əsasında. Maraq güc gəldi və başladım oxumağa.
   
   Bu siyahıda kimlər yoxdur ki? Mənim üçün ən maraqlısı ilk öncə o oldu ki, əməkdaşlarının hamısını tanıyıb, böyük hörmət və sayğı göstərdiyim, hətta bəzilərini özümə dost bildiyim "Alma" qəzeti də bu mükafata layiq görülüb. Öz də bilirsiniz nəyə görə?
   
   Hələ 1 yaşı tamam olmamış bu qəzet və nəşrlərinin sayını da barmaq hesabı demək mümkün olan bu "Alma", sən demə, çağdaş ədəbiyyatımızın təbliğində böyük işlər görübdü. Əstəğfürullah, əlim üzümdə qaldı. Mən bu qəzetin oxucusuyam, hələ bir dəfə də onda çağdaş ədəbiyyatın təbliği ilə bağlı köklü-köməçli nəyəsə rast gəlməmişəm. Bu mükafatı "525-ci qəzet"ə, "Kredo"ya, nə bilim, digər hansısa bir bu işlə məşğul olan mətbu orqana versəydilər, yenə bir az normal qarşılanardı. Həmin qəzetdə çalışan, yəni "Alma"da külüng vuran dostlarımdan birini mükafat münasibətilə təbrik edəndə təəccüblə "məzələnmə də biznən!" - dedi.
   
   Qardaş, vallah mən heç kimlə məzələnmirəm. Ta "Alma" da çağdaş ədəbiyyatın təbliğinin mükafatçısıdırsa, onda bayaq adını saydığım və yaxud saymadığım qəzetlər nə işlə məşğul olurlar? Axı, "Alma" qəzetinin əməkdaşları onların nə qədər oxucusu olduğunu özləri hamıdan yaxşı bilirlər. Bu oxucular elə bizlərik. Biz də "Alma"nın ictimai siyasi qəzet olduğunu, ədəbiyyata iynə ucu boyda dəxli olmadığını yaxşı bilirik. Bu mükafat bilirsiniz nəyə bənzəyir; "Bizim Cəbiş müəllim" filmində deyilən həmin o məsələyə.
   
   İndi belə baxıram ki, mükafat almaq üçün eləcə öz işini görmək və bir də öz "kruq"un olmaq daha münasibdir. Bunlar da olmasa, mükafat verənlər özləri hərləyib-fırlayıb mütləq bir "kruq" yaradacaqlar. "Kruq" da ki, bilirsiniz də nə deməkdir. Ora düşdün, olursan üzvü. Deməli belə, "Alma" da xoşbəxt oldu, "Qızıl Buta"a da.

TƏQVİM / ARXİV