adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

üZRXAHLIQ, SÖYüŞ, XƏBƏRDARLIQ

OQTAY SALAMOV
22047 | 2007-05-16 07:07
Səhər redaksiyaya gəlib stulumla təmas qurmağa macal tapmamışdım ki, zəng gəldi. Bir oxucu dünənki yazımda yol verilmiş texniki xətaya görə məni yaş yuyub quru sərdi. Yazıda Liviyanı Livan yazmışdım və yaxşı ki, "Ədalət" qəzetini nə Liviyada, nə də Livanda oxuyurlar. Yoxsa, düşəcək beynəlxalq qalmaqaldan qaçmaq mümkün olmayacaqdı. Bir tərcümə xətası dövlətlərarası münaqişəyə səbəb olmadığı üçün həddən artıq sevinirəm. Qiymətləndirilməlidir. Elə məqamı düşmüşkən üzrxahlıq edib düzəliş də verirəm ki, 15 may tarixli sayımızda "Baş ağrısı, göz ağrısı - hər kəsənin öz ağrısı" başlıqlı yazıda gedən Livan sözlərinin hamısı Liviya kimi oxunmalıdır". Səhv eləmişəm, bir də eləmərəm. Üzrxahlığı edib oxucunun xəcalətindən çıxandan sonra başladım qəzetləri vərəqləməyə. Vay dədəm vay, mən toya getməliyəmmiş ki...
   
   İki qəzetdə, birində hətta manşetdə gedən və heç bir əsası olmadan çox dəqiq araşdırmalardan çıxan fakt kimi təqdim edilən şaiyə haqda fikir söyləməmişdən qabaq olmuş bir hadisəni danışım. Əvvəlki iş yerimdə Manya xala adlı bir süpürgəçi var idi. Dostum Nazim tez-tez yanıma gəlirdi. Manya xala onun subay olduğunu eşidəndə soruşdu:
   
   -Ay Nazim, bala, niyə evlənmirsən?
   
   Nazim olanı dedi:
   
   -Neynəyim, Manya xala, bir halal süd əmmişini tapa bilmirəm.
   
   Manya xalanın elə bil çiçəyi çırtladı:
   
   -Var, ay Nazim, var, elə biri mənim bacım qızı. ?özəl qızdır, ev uşağıdır, cəmi iki ay ərdə ola, ya olmaya. Əri yola vermədi, indi oturub evdə...
   
   İndi gətirəcəyim sitatlar da həmin o iki ay söhbətinə oxşamasın, amma özünüz baxın. "Azadlıq" qəzetinin manşet, "Bizim gündəm" (öz aramızdır, həmkarlarımız nəyə görəsə "bizim"i elə kiçik yazırlar ki, sanki bu sözdən utanırlar - O.S.) qəzetinin içəri səhifə yazısında neft müqavilələrinə görə Azərbaycana verilən rüşvət haqda yazırlar. Hər iki qəzet yazır ki, guya "Əsrin kontraktı 90 milyon dollara başa gəlib ("Bizim gündəm") və "Neft müqavilələrinə görə Əliyevlərə 90 milyon dollar rüşvət verilib ("Azadlıq"). Mən olmayım, siz olun, belə başlığı olan yazını oxumazsınız? Mən də oxudum. Bittə-bittə oxudum. BP-nin keçmiş işçisi Les Abrahams adlı birinin sözlərinə əsasən yazılmış yazılardır. O deyib ki, Azərbaycan məmurlarına rüşvətə və onların vaxt keçirməsinə 90-cı illərin əvvəllərində 45 mln. funt sterlinq (90 mln. dollar) sərf olunub.
   
   Və burada yenə Manya xala yadıma düşdü. Les müəllim deyir ki, bu qədər pul sərf olunub. Amma kimə verilib, nə qədər verilib, niyə verilib haqda danışmır. Yəni ev qızıdır, halal süd əmib, amma iki ay ərdə olmağını demir. Cümləyə fikir verin: " "Şahdəniz"in işləməsi üçün müqavilə imzalanması ilə əlaqədar Bakıda "?ülüstan" sarayında keçirilən axşamda Con Braun mənə bütün xərclərin ödənilməsi üçün 30 min dollarlıq çek yazıb". Əə lotu, 30 min dollarlıq çeki o yazıb, bəs sən nə qədər ödəmisən, bunu niyə demirsən? Ona qalsa Rəsul Quliyev də partiyası üçün neçə milyon verdiyini "çestni" deyə bilər, bu o deməkdir ki, bütün pullar partiyaya sərf olunub?
   
   Çox qəribədir, ermənilər özləri boyunlarına alırlar ki, parlament seçkilərində kütləvi saxtakarlıqlar olub, səslər rüşvətlə alınıb, amma bizim müxalif "dostlarımız" deyirlər ki, "Ermənistana demokratiyada da uduzduq". BP-nin Londondakı nümayəndəsi deyir ki, Les Abrahamsın sözlərinin böyük hissəsi "fantaziya bəhrəsi"dir, amma bizimkilər onu manşetə çıxarır, bəh-bəhlə təqdim edir.
   
   Qəzetlər, televiziyalar səs-səsə verib ki, bəs Milli Parkda, bulvarda gürzə ilanları peyda olub. Bulvarda çoxdan ilanlar vardı, lap anakonda görən də olub. Siz deyin görək bu sürünən ilanlarla necə davranaq ki, zəhərləri bizdən uzaq olsun. Bir azdan yay gəlir, deyirlər möhkəm isti olacaq. Bulvarda da açıq yerlər çox olacaq, ona görə özünüzlə zəhərə qarşı zərdab, vaksin götürün, rezin kalqotqa...
   
   Mən günlərin birində qəzetdə belə bir sensasion yazı oxusam, qətiyyən təəccüblənməyəcəm: "Bu gün "Cüllüt" mağazasına silahlı basqın edən Qasım Kişiyev ( bu ad-soyadlı adam varsa bağışlasın, məsəl üçün yazıram -O.S.) həbs edilib. O, mağazanın satıcısı, adını çəkmədiyimiz qadını zorlayıb və kassadan pulları götürərkən hadisə yerində, dəlil-sübutla tutulub. Qeyd edək ki, Qasım Kişiyev "Cırt" partiyasının orqanı olan "Pırt" qəzetinin baş redaktoru Kişi Kişiyevin qardaşı oğludur. Deməli, Qasım Kişiyevin sırf siyasi motivlərlə həbs edildiyini və onun siyasi məhbus ollduğunu söyləməyə ciddi əsaslar var".
   
   O gün polislər bir əməliyyat keçirib, 30-a qədər seksual azlıq nümayəndəsini saxlayıb. Pah, hüquq müdafiəçiləri, QHT-lər, səfirliklər başlayacaq hay-həşirə ki, ay qoymayın, Azərbaycanda insan haqları pozuldu...
   
   Amma bu ilan məsələsi doğrudan da narahat olmalı məsələdir. Qalanları boş söhbətdir. Hə, bir də təzə bir arvad peyğəmbər peyda olub. Amma bu haqda dostum yazır, yoxsa... Yox, ilanlarla ehtiyatlı olmaq lazımdır...
   
   

TƏQVİM / ARXİV