adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Kənddən şəhərə doğru

TURAL SAHAB
28279 | 2014-06-18 00:44
Bu yazıda çox önəmli bildiyim bir problemdən danışmaq istəyirəm; - kəndlərdən şəhərlərə olan köçdən, kəndlərimizin boş qalmasından.
Axı niyə boşalır kəndlərimiz, şəhərlərə yel əsib, qozmu tökülübmü ki, insanlar şəhərə doğru qaçır. Bu işin səbəbini və ya səbəblərini kənddə yaşayan biri olaraq, kənddən baxaraq anlatmağa çalışacam.
Bunun başlıca səbəbi kəndlərdə iş yerlərinin, heç bir sosial təsisin olmamasıdır. Daha sonra bura insanların daha rahat yaşamaq istəməsini də əlavə edə bilərik. Çünki kəndin hər işi çətin və ağrılıdır. Sabahdan axşamacan yağışın, suyun altında işləməyə məcburdur kəndli.
Kənd sakinlərinin iki məşğuliyyəti var: Əkinçilik və heyvandarlıq. Ancaq bu sahənin heç biri kəndlinin dolanması, yaşaması üçün kifayət etmir. Əkinçiliklə məşğul olanların problemlərini saymaqla bitirmək olmaz. Məhsul daha sahədə ikən quraqlığın və ya dolu, sel kimi fəlakətlər onu məhv edir çox vaxt. Məhsul hazır olandan sonra isə onu bazara çıxarmaq, saxlamaq kimi problemlərlə qarşılaşır. Yəni uzun əziyyətlərdən sonra kəndli əldə etdiyi məhsuldan çox az bir gəlir əldə edir və əkinçiliyi atıb şəhərə getməyi düşünür.
Kəndlinin ikinci gəlir mənbəyi olan heyvandarlıqdan danışaq indi bir az. Son zamanlarda kəndli heyvanlarını otarmaq üçün otlaq sahəsi tapmaqda çətinlik çəkir. Bunun səbəbi fermerlərin çoxalması, öz sürülərini kəndlilərin ortaq otlaq sahəsində otarmalarıdır. Kəndlinin bu gəliri də əlindən alındımı, yazıq kəndli neynəsin, şəhərə üz tutmaqdan başqa.
Bu gün Gədəbəyin bir çox kəndlərində qaz yoxdur, yollar asfaltlanmayıb. Qaz olmayanda bilirsizmi, insanlar necə isinir. Odunla. Payızdan kəsilən ağaclarla. Bu işin iki mənfisi var. Birinci əziyyətin həddindən artıq çox olması, ikincisi isə ölkəmizin ağ ciyarları olan meşələrin sürətlə qırılmasıdır.
Yolların torpaq olması isə yağmurlu havalarda ilətişimi çətinləşdirir, qış aylarında isə imkansız hala gətirir.
Bütün bunlar kəndlərdən əhalinin sürətlə şəhərə köçməsinə səbəb olur. Hər kəs şəhərə doğru yol alarsa, görəsən əkinçiliklə, heyvandarlıqla kim məşğul olacaq?
Bu qədər əhali şəhərdə işi necə tapacaq, nə ilə dolanacaq?
Cavabsız suallarla bitirim bu yazımı da, İnşallah yaxşı olar.

Tural Sahab

TƏQVİM / ARXİV