adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

QALDIRILANLAR, SALINANLAR, HiMNiN UZUNLUğU VƏ...

OQTAY SALAMOV
16262 | 2007-05-11 23:31
Deputat Qüdrət Həsənquliyev deyir ki, himnimiz çox uzundu, dünya standartlarına cavab vermir, onu qısaltmaq lazımdır. Tərəfdarları da var, əleyhdarları da. Amma işlər belə getsə himnimizi qısaltmağa ehtiyac qalmayacaq, qalxan qiymətlər hər şeyi korrektə edəcək. Bəlkə elə himnsiz də keçindik. Qısaltmaq müzakirəsini deyirəm...
   
   Deyir, dünyanın sonunun yaxınlaşdığını bildirən əlamətlərdən biri də ayların, günlərin çox sürətlə keçməsidir. May elə bil dünən başlamışdı, artıq 12 günü keçdi. Maya bayramlar ayı da deyirlər. Amma bir məsələ də var ki, bayramlar qurtarandan sonra cari günlər başlayır və bayramlarla müqayisədə bu günlər olduğundan da qara, olduğundan da maraqsız görünür. Məsələn, qarşımızdakı ayda cəmi iki bayram var ki, heç onları qırmızı rənglə də yazmırlar. Yəni gələn ay dilxorçuluq deyəsən boydan olacaq. İşartıları indidən görünür. Bir-ikisini deyim, özünüzü hazırlayın. Yoxsa çox bayram əhval-ruhiyyəli olmağın da düşər-düşməzi olur.
   
   Rəsmi baş bankirimiz Elman Rüstəmov deyir ki, inflyasiyanın ikirəqəmli olması faciə deyil. Yəni 10-99 arası... Sağ olsun, bizə ürək-dirək verir. Bir yana baxanda kişi elə düz də deyir, inflyasiyadı də, can qanmır-aman qanmır, birdən qudurdu qalxdı üçrəqəmliyə, onda başımıza haranın... əşi, yox ey, daşın da qiyməti qalxıb, külün də...
   
   Qiymət demişkən, gözünüz aydın, yenə qalxır. Qızılınkı qalxır, özü də dünya çapında. Biz də qızılı xaricdən alırıq. Olan mədənlərimizi vermişik erməniyə, təzələrini hələ axtarırıq. Deməli, əgər dünya bazarında qızılın qiyməti rekord həddə çatacaqsa, bizdə super rekord olacaq. ?özünüzü süzdürməyin, ən azından oğul-uşağınız üçün nişan aparanda lazım olacaq. Bir də pulun dəyəri onun dalında duran qızılla ölçülür. Qızılımız az olsa manatımızın da dalı boş olacaq. Əlbəttə mən dövlətimizin qızılını deyirəm, dövlətlilərimizin qızılı çoxdan artıqlaması ilə hazırdı və onların dalı bərkdir.
   
   Yaxşı, qızıl belə, bəs enerji daşıyıcaların qiymətinin təzədən əlli faiz də qalxacağına necə baxırsınız? Nazirlər Kabinetində artıq məsələyə baxırlar ey... Nəqliyyatda daxili və trafik daşımaların qiymətlərinin qaldırılması ilə bağlı müraciət də Tarif Şurası əleyhissəlama göndərilib. Qaldıracaqlar. Bizim Tarif Şurası edilən müraciətlərə bürokrat kimi yanaşmır, mütləq məsələni həll eləyir.
   
   Telefonların abunə qiyməti də qaldırılacaq. Özü də bizə minnət qoyurlar ki, abunə qiymətinin qaldırırıqsa, beynəlxalq danışıqların qiymətini aşağı salırıq. Yəni, sənin Moskvada, İstanbulda alver eləyən doğman, yaxının varsa, ona endirilmiş qiymətlə zəng eləyirsən ki, pul göndər, qaldırılmış telefon abunə haqqını ödəyim. Necədi?..
   
   Əli Əlirzayev deyir ki, ilin sonuna kimi torpağın qiyməti bir az da artacaq. Çətin olacaq, qəbir də hələlik torpaqda qazılır. Sağlara can sağlığı... Bir yandan da həkimləri bundan sonra 12 il oxudacaqlar. Bu vur-çatlasına 12 il dözmək olar ki, sonra savadlı həkimin əlində öləsən? Yenə sağ olsun səhiyyə nazirinin müavini Sənan Kərimovu, açıqca deyib ki, bizə qulluq edən həkimlərin əksəriyyəti bisavaddır. Sitat belədir: "Hesab edirəm ki, biz bu gün attestasiyanı məcburi etsək, çox həkimlərimiz attestasiyadan keçə bilməz". Yəni Qasıma söz nə lazım?
   
   Amma elə bilməyin ki, ucdantutma hər şeyi qaldırırlar, salınan da var. ?əncliyin yaş həddini salırlar aşağı. Deyirlər 29 bəsləridi. Əvvəl 35-ə qaldırmışdılar. Düz deyirlər, 35 yaşında əsgər olmaz, bu yaşda olar deputat, nazir, biznesmen. Amma aşağı həddin 14-ə endirilməsi bir az şübhəlidir. Ən maraqlısı odur ki, yaş həddini qaldıranda bundan narazı olanlar, aşağı salanda da narazılıq eləyirlər. Dedikləri də budur ki, guya gənclərə güzəştlərdən çox adam istifadə etməsin deyə aşağı salırlar. Siz Allah, ağ eləməyin, hansı güzəşt, hansı gənc?..
   
   Deyəsən biz hələ çox şeyləri pis bilirik, ya da heç bilmirik. Bunu heç cür sinirə bilməyən əcnəbilər bizə yardım əllərini, ayaqlarını... uzadırlar. Məsələn, bu ay Amerikadan iki dənə mütəxəssis gəlib bizi öyrədəcək. Biri din mütəxəssisidir, bizə təzə Qiblənin yerini göstərəcək, kəlmeyi-şəhadətimizi ingilis dilində deməyi öyrədəcək. Biri də siyasi proseslərdən, media və gender problemlərindən bizi hali edəcək. ?ərək yaxşı şəyird olaq ki, sonra biz də gedib Banqladeşdə, Cibutidə ekspertlik eləyə bilək. Deyir, xaricdə maaşı xarici pulnan verirlər.
   
   "Yalxı bizi eyləməyib mübtəla,
   
   Səhfeyi Qafqazı tutub bu bəla"
   
   Sabirin "Tək səbir" şerindən bu misranı Yerevanda olan hadisə haqda oxuyanda xatırladım. Deyir, orada müxalifət xüsusi vasitələrin tətbiq edilməsinə etiraz olaraq mitinq keçirib. Polis xüsusi vasitələrdən istifadə edərək mitinqçiləri eşşək sudan gələnə qədər çırpıb. Çırpıb nədi, belə indiki cavanlar demiş, çiləyib ey... Ay köpəyoğlu erməni polisi... Ləzzət orasındadı ki, polis mitinqçiləri əzişdirəndə Respublika meydanında rus və erməni estrada ustaları konsert verirmiş.
   
   Əgər mən Albaniyada yaşasaydım və oranın "Ədalət" qəzetində işləsəydim, daha açıq-saçıq yazardım. Çünki orada böhtan və təhqirə görə cəza ləğv olunub. Kimi istəyirsən söy, təhqir elə, böhtan at - qaşın üstə alnın var deməyəcəklər. Bizim böhtançılar narazıdırlar. Deyirlər ki, Tirana Avropa Şurasına verdiyi vədə əməl etdi, diffomasiya haqda qanunu qəbul elədi, amma Bakı yox. Mənasız söhbətdi...
   
   
   
   
   
   

TƏQVİM / ARXİV