"RƏQƏMLƏR DANIŞIR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
35494 | 2007-05-10 23:15
Hər dəfə yeni bir kitabla üz-üzə qalanda qəribə də olsa ilk öncə onu əvvəldən-axıra qədər vərəqləyirəm. Və mənə elə gəlir ki, oxumadan kitabı vərəqlədikcə kitabla mənim aramda nəsə bir təmas, ünsiyyət yaranır. Əgər bu yaranırsa və mən içimdəki o duyğunun tərpənişini, titrəyişini hiss edirəmsə, onda həmin o əsəri oxuyacağım kitabların üstünə qoyuram. Bax, elə bu günlərdə əldə etdiyim "300 azərbaycanlı" kitabı da məni beləcə silkələdi və mən nə özümü, nə də kitabı çox gözlətmədim.
   
   Kamal Abdullanın "300 azərbaycanlı" kitabındakı esselərin bir çoxunu müxtəlif mətbu orqanlarda, daha çox isə "525-ci qəzet"də oxumuşdum. Amma külli halında indi barəsində danışdığım kitabdan oxudum və düşüncələrimi dilə gətirməyə özümdə bir zərurət hiss etdim. Özü də bu zərurət hansısa bir kənar təkanın, müdaxilənin təsiri deyildi, bu mənim əlimdən tutub o kitabın hər səhifəsində yol yoldaşım olan hisslərin hökmü idi.
   
   "Yaxşı axtarsan - həmişə hardasa nəsə tapmaq olar". Bu Kamal Abdullaya məxsus fikirdi. Mən də son vaxtlar tez-tez bu qənaətə gəlirəm. Çünki dostlarımın sırası daraldıqca, işıqlı adamlarla olan təmasımın çevrəsi daralıb nuru artdıqca hiss edirəm ki, ən zəif əsərdə də, ən kobud ifadədə də nəsə fikir çəkə biləcək, münasibət dilə gətirə biləcək nəmənəsə var. Bax, onu tapmağın özü artıq, yumşaq desəm, bir böyüklük tələb edir. Öz daxilində o böyüklüyü görəndə, o böyüklüyün fövqündə durmağı bacaranda mütləq nəyisə tapırsan. Əziyyətlə də olsa, zülmlə də olsa, hətta səni canından bezdirsə də tapırsan. Tapanda isə... Bax onda, sən başqa bir sən olursan. Daxilin də rahatlanır, tapıntına da sevinirsən. Kim necə qəbul edir-etsin, kim necə düşünür-düşünsün, amma gözünün, ürəyinin işığının hesabına tapdığın həqiqətən dəyərli olur.
   
   Həyat bəlkə də "xoşbəxt bir təsadüf..."dür. Bu da dırnaqda yazdığımın həmişə təkrarlanmasından asılı olmayaraq, Kamal Abdulla yanaşmasında təkcə olanla-olmayanın, görünənlə-görünməyənin, yaşadığınla-yaşamadığın arasında məncə fikir körpüsüdü, onu yaradıb üstündən keçib ziyarətə getmək də olar, yaxud düşmən niyyəti ilə, qəsd-qərəzçiliklə əli baltalı, xəncər-bıçaqlı dirəklərini, kəndirlərini, tellərini kəsmək də. Çünki hər xoş niyyəti, hər xoş təsadüfü bir qığılcımla, bir sözlə, bir baxışla, bir jestlə "qanına bələmək" mümkündür. Elə böyüklük odur ki, xoş təsadüfün xoş ovqatını, xoş davamını, xoşbəxt sonluğunu yarada biləsən, görə biləsən.
   
   Kamal Abdulla lap əvvəldə dediyim həmin o işıqlı məqamların fonunda görüntü yaratmır. Bu məqamların özünü işığa çıxarır və mən "300 azərbaycanlı"nı oxuduqca hər bir ifadəyə, hər bir fikrə həm köhnə, mitili çıxmış, necə deyərlər şilti atılmış kimi baxmaq istədim, həm də təzə, indicə tumurcuğu çırtlamış, üstünə hələ şeh düşməmiş, üstünə hələ meh əsməmiş formada, mənada görmək keçdi ürəyimdən. Və kitabı oxuduqca söz-söz ikinci fikrim birincini üstələdi. ?ördüm ki, Kamal Abdulla milyon illərdi dilimizdə, yazımızda işlətdiyimiz sözlərin hər birini elə bil ki, yenidən dünyaya gətirib, onu işığa bürüyüb, onu qaranlıqdan aydınlığa çıxarıbdır. Və ona görə də bu esselər, bu fikir çələngi mənə son dərəcə səmimi bir rahatlıq, könül xoşluğu bağışladı. Və mən də elə könül xoşluğuyla ilk yaşantımı, kitabın mənə hopdurduğu ilk təəssüratları bir nəfəsə yazmağa başladım. Nöqtə qoymaq istəyəndə yadıma düşdü ki, bu gün mayın 11-di. Dərhal "danışan rəqəmlər" gözümün önündən, yaddaşımdan gəlib keçdi. 11 axı tamlıq deyil, deməli, 10-la 12-nin arasında bir körpüdü, keçiləcək bir körpü. Onu keçmək də olar, yarı yolda dayanmaq da. Bütöv olması üçün 12-yə doğru tələsmək lazımdır.
   
   ... 12-yə qalır, bütövləşmək üçün... ?örək 12 danışanda biz tam ola biləcəyikmi? Mən ümid edirəm ki, "300 azərbaycanlı" mənim o bütövlüyə çatmağımda yardımçı olacaq...
   
   

TƏQVİM / ARXİV