adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

QURBANiZASiYA

OQTAY SALAMOV
23728 | 2007-05-10 23:15
Molla Nəsrəddindən soruşurlar, ay molla, niyə bu camaat səhər evindən çıxanda hərəsi bir tərəfə gedir?
   
   Molla cavab verir:
   
   -Hamı eyni tərəfə getsə, yer ağırlığa dözməz, çevrilər...Kənd əhalisinin şəhərə axışması, əhalinin böyük hissəsinin bir və ya bir neçə şəhərdə yığışmasına deyəsən elmi dildə urbanizasiya deyirlər. Bu proses adətən kəndlə şəhər həyatı arasında fərq həddən artıq böyük olanda, kənddə iş yerləri olmayanda, yeni sənaye şəhərləri salınanda və ... qaçqın-köçkün problemi olanda baş verir.
   
   Azərbaycanda urbanizasiya özünün superini keçib, hiper həddinə çatıb və artıq urbanizasiyalığından çıxıb. Çünki bu boyda, bu hənəkdə urbanizasiya, türklər demiş, olamaz. Bu bir bədbəxtizasiyadır, bir dəhşətizasiyadır, bir qurbanizasiyadır ki, hamımızı öz girdabına alıb.
   
   Azərbaycanın əhalisinin 8 milyondan çox olduğunu hamı bilir. Müxtəlif versiyalara görə, 2 milyondan çox azərbaycanlının Rusiyada, Türkiyədə, İranda olduğunu da bilməyən yoxdur. Və birdən eşidəndə ki, Bakıda 4 milyona yaxın əhali yaşayır, adam az qalır havalansın ki, bəs kəndlərdə, rayonlarda kimlər yaşayır, yaşayırsa onlar nə vaxt urbanın qurbanı olacaqlar?
   
   Bakı eninə-uzununa böyümə limitini qurtarıb. Artıq az qala bir tərəfi Sumqayıta yapışıb, o biri tərəfi Nəvaiyə, bu tərəfi də Cəngini vurub keçib, Mərəzəyə üz tutub. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi dördüncü tərəfi dənizdir, onun da içində yavaş-yavaş villalar göyərir. Bakı artıq hündürünə böyüyür. İndi doqquzmərtəbələrə sözün birbaşa mənasında üstdən aşağı baxırlar. Deyəsən,mollanın dediyi düz çıxacaq, hamı Bakıya gəlir, Bakı da yuxarı qalxır, aşağı düşməsindən Allah saxlasın.
   
   Amma təkcə o Kişinin saxlayacağına ümid edib bu qədər əhali bir yerə yığışırsa, neft quyularının üstündə, elektrik naqillərinin altında, palçıq vulkanlarının yanında, bataqlıqda özünə ev tikib həyat yaşayacağını düşünürsə, mən o həyatın həyat olacağına inanmıram. Kəndini (elə hər iki mənada), rayonunu buraxıb, borc-xərclə dediyim yerlərdə "torpaq" alıb "koma qaraldanlar" elə bilirlər ki, balalarına gün ağlayırlar. Köhnə qarılar demiş, ağzımdan yel aparsın, balalarına gün ağlamırlar, balalarının yaxasını Əzrayıla tanıdırlar. Təsəvvür edirəm, o göydələn binalara Əzrayıl necə müştəri gözü ilə baxır. Niyə də baxmasın, necə tikildiyini görür, həmin binaların yerindən güclə çıxarılanların ah-naləsini eşidir... Bir də kənddə, rayonda olsaydı, filan qədər yol getməliydi, qiymətlərin belə vaxtında filan qədər benzin yandırmalıydı ki, canalmaq planını yerinə yetirsin. Amma belədə, az qala bir rayonun camaatı iki-üç binaya yığışanda balaca bir çırtma vurmaqla bir ayın planını bir dəqiqədə həll eləyir...
   
   "Kəndini, rayonunu buraxanlar" sözünə görə məni qınamağın yeri var. Kim kefindən doğma yuvasından çıxıb gedər ki? Torpaq əkilmir, iş yox, güzəran yox. Amma vallah, belə də olmaz. Bizimki kəndi şəhərə yaxınlaşdırmaq deyil, şəhəri, sözün pis mənasında kəndləşdirməkdir. Lap göydələni, körpüsü, oxuyan fontanı ilə olsa da.
   
   Qurbanizasiyaya məruz qalan bizlər hələ çox hoqqalar çıxarmağa məcbur olacağıq. Məsələn, bu yaxınlarda məmləkət müsəlmanlarının ucdantutma krişnaid, buddist olacağına qətiyyən təəccüblənmərəm. Yeri gəlsə heç hökumət də, din xadimləri də buna etiraz etməyəcəklər. Niyəsini deyim? Qafqaz Müsəlmanları Ruhani İdarəsi qəbiristanlıq üçün torpaq yeri ayırmaqdan ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət eləyir, oranın Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi deyir ki, "indiyədək hansı məsciddə bir müsəlman pulsuz yuyulub?". Yəni pulsuz qəbir yeri olar?
   
   Doğrudan da Bakıda qəbir yerlərinin qiymətini elə həddə qaldırıblar ki, adam eşidəndə ölməkdən vaz keçir. Amma krişnaidliyi, buddistliyi qəbul eləyəndə qəbir yeri söhbəti olmayacaq. Trestin mühəndisi də yumaq pulundan danışmayacaq; yarım litr güzəştli (buna güzəşt mütləq lazım olacaq) solyarka, bir dənə 10 qəpiklik "zajiqalka", vur odu, tüstüsü göyə qalxsın. Uzaqbaşı Ekologiya Nazirliyinə bir azca görüm-baxım eləyirsən, "oformit" eləyir ki, zibil yandıranda tüstüsü çıxıb... Həm dövlətə sərfəlidir, həm də camaata. Mollalar da profillərini dəyişərlər, arağa, konyaka, kolbasaya "halal" sertifikatı verməklə qazanarlar.
   
   Əgər bu təklif birinci oxunuşda keçməsə, alternativ variant da var; ölüləri yanı üstə yox,ayaq üstə basdırmaq. ?ör nə qədər yerə qənaət eləmiş olarlar. Nədi, şəhər dikinə böyüyə bilir, qəbiristanlıq elə mütləq köndələninə böyüməlidir? Dini idarə də təminat verər ki, dikinə basdırılan ölü, günahı azdırsa, köndələninə basdırılan ölü ilə eyni statusda Cənnətə gedə bilər.
   
   Qurbanizasiyanın daha bir neçə hoqqasından danışacaqdım, amma vaz keçdim. Ciddi söhbət başlamışdım, istiqamət dəyişir. Neynəyim, kəndçi balasıyam, 33 ildi Bakıda yaşayıram, hələ şəhərli ola bilməmişəm. Kaş heç ola bilməyim də. Onsuz da qurbanizasiyaya çox qurbanlar vermişik...
   
   
   
   
   
   

TƏQVİM / ARXİV