adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Yeddi arxa dönənlərimiz...

XURAMAN HÜSEYNZADƏ
27799 | 2014-06-14 06:48
- "Talassemiya, hemofiliya irsi xəstəlikdir. Yəqin nəsil-kökünüzdə bu xəstəliklərin daşıyıcıları olub ki, uşağa da keçib..." - həkim belə demişdi.
-Maraq xatirinə maraqlanmaq lazımdı.
-Necə maraqlanım? Babalarımın atasını tanımıram heç. Hardan bilim ki, nəsil-kökümdə bu xəstəliklər olub, ya olayıb?
-Tanımaq lazımdır.
-Sən tanıyırsan?
Düşündüm... Dörd nəsildən o yana keçə bilmədim. Atam, babam, babamın atası, babamın babası..." Qonşumun nəql etdiyi bu söhbətdən sonra xeyli düşündüm...
Deyirlər, insan özündən əvvəlki babalarını, ulularını tanımalıdı. Buna el dilində "yeddi arxa dönən" deyirlər. Yəni ən azından yeddi arxa dönənini tanımalısan. "Babamızın babasının babası"nı tanımaq da xoşbəxtliyin bir qanadıymış-özünün kim olduğunu, kimlərdən törəndiyini bilirsən.
Türkiyədən qonağımız gəlmişdi. Söhbət əsnasında məlum oldu ki, o, yeddi arxa dönənini tanıyır, hətta beşinin məzarının harada olduğunu bilir, onları tez-tez ziyarət edir.
Bu, insanın öz soy-kökünü tanıması, kim olduğunu bilməsi baxımından vacibdir. Amma gəlin, görək, biz öz soy-kökümüzə hara qədər bələdik? Kökümüzlə tanışlığımızın coğrafiyası hara qədər uzanır? Səbəbini araşdıraq. Həmsöhbət olduqlarımın içərisində yalnız bir şair öz ulu babalarını tanıdığnı dedi. Bu da onların hamısının Bakıda dəfn olunmasından irəli gəlirdi.
Mənim atamın babası Məkkədə ziyarətdə olan zaman dünyasını dəyişib. Orda da dəfn olunub. Atamın nənəsi Kəlbəcərdə Qoçdaşda dəfn olunub. Onların məzarını tampağım mümkünsüzdür. Üç nəsildən sonra yaşayanlarımız haqda isə məlumatım yoxdu.
Qarabağda nə qədər doğmalarımızın məzarı qaldı. Bunun ağrısı əsrlərlə yaşanacaq.

***
Qəbiristanlığa gedəndə köhnə, əyilmiş başdaşıları görürük. Mamırlamış, yağışdan, gündən rəngi dəyişmiş, ərəb hərfləri ilə yazılı bu qədim başdaşılarının yanından etinasızlıqla ötürük. Düşünmürük ki, onların altında uyuyan da insandır. Kiminsə babası, ulu babası, ulu nənəsidir.
Qonşumla yuxarıda yazdığım söhbətdən sonra qəbiristanlığa getmişdim. Əyilmiş köhnə, mamırlı başdaşılarını, itib getməkdə olan məzarları gördükcə ayaq saxlayırdım. Fızıllığın, qurumuş otların əhatəsindəki bir tənha qəbirə aparan kçik cığır bəlkə də qərinələrdir, tapdanmırdı. Diqqətlə baxdım. Ərəb hərfləri ilə nəsə yazılmışdı. Ətrafdakı molla əyilmiş nazik uzun başdaşındakı yazını oxumağa cəhd elədi. Dedi ki, mərhum orta yaşlı bir kişiymiş. Təxminən iki əsr öncə dünyasını dəyişib.
Kiminsə ulu babasıydı.
"Kaş mənim də ulularımın məzarı əlim çatan yerdə olaydı" - deyə düşündüm...
Nə Məkkəyə əlim çatır, Nə də Qoçdaşa...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV