SƏNƏT MƏBƏDİMİZ

VAQİF YUSİFLİ
36805 | 2014-06-14 04:01
1917-1920-ci illər isə Azərbaycanın, xüsusilə Bakının ən çətin, mürəkkəb, qatmaqarışıq bir dövrü idi. Ölkədə baş verən hadisə və olaylar bədii söz sənətindən də yan keçmirdi. Bir tərəfdən bolşevizmin şüurlara hakim kəsilməsi, digər tərəfdən milli istiqlal hərəkatı... Rüsvayçılığa məhkum olunmuş Bakı Kommunasıgsonra Azərbaycan Demokratik Respublikası. Ermənilərin kütləvi qırğın törətmələri... Nəhayət, qəsbkar Qızıl Ordunun Bakıya daxil olması. Amma belə çətin və mürəkkəb şəraitdə də yazıçılar bir araya gələ bilirdilər. Həmin illərdə bir qrup jurnalist və yazıçı "Qırmızı qələm cəmiyyəti"ndə, bir qismi isə "Ədəb yurdu" və Yaşıl qələm" dərnəklərində birləşdilər. Adı çəkilən dərnəklərə tanınmış tənqidçi və mühərrir Seyid Hüseyn rəhbərlik edirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tədricən yazıçıların təşkilatlanması prosesi başlandı. Məlum idi ki, bolşevik ideologiyası yeni quruluşun təbliğ olunmasında, ədəbiyyat işinin ümumproletar işinin tərkib hissəsinə çevrilməsində inadlı idi. V.İ.Lenin hələ 1905-ci ildə yazmışdı ki: "Ədəbiyyat partiyalı olmalıdır. Rədd olsun bitərəf ədəbiyyatçılar! Ədəbiyyat işi ümumproletar işinin bir hissəsi, bütün fəhlə sinfinin bütün şüurlu avanqardı tərəfindən hərəkətə gətirilən vahid, böyük sosial-demokrat mexanizminin "təkərciyi və vintciyi" olmalıdır". Bu siyasət inqilabın ilk illərində Rusiyada və onun bolşevikləşdirdiyi bütün respublikalarda həyata keçirilməyə başladı. RK(b)P MK 18 iyul 1925-ci ildə "Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında" qətnamə qəbul etdi. ÜİK(b)P MK isə 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərar qəbul etdi. Bu qərardan sonra Rusiyada VOAPP, RAPP, RAMP adlı ədəbi-bədii təşkilatlar aradan qaldırıldı, ədəbi plüralizmə son qoyuldu. Ayrı-ayrı pərakəndə ədəbi qruplar əvəzinə vahid təşkilat-SSRİ Yazıçılar İttifaqı yaradıldı. Diqqət yetirsək, bu proses digər sovet respublikalarında da eyni şəkildə həyata keçirilirdi.
Azərbaycana gəldikdə isə gəlin, bu prosesi xronoloji şəkildə izləyək.
17 avqust 1923. Bir qrup yazıçının bütün Azərbaycan yazıçılarına müraciəti çap olunur. Müraciətdə yazıçılar ittifaqı yaratmaq məsələsi irəli sürülür. Həmin müraciətdə deyilirdi: "Heyəti-mütəşəbbüsə"nin səyi və fəaliyyəti sayəsində artıq "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis edilmiş, məramnaməsi yazılmış, adı da "İldırım" qoyulmuşdur. İş bu münasibətlə bütün qələm arkadaşlarımıza müjdə verərək həmin avqust ayının 18-ci günü axşam saat 7-də "Darülmüəllimin" binasına təşrif gətirərək məramnaməmizi gözdən keçirmələrini rica edirik".
30 mart 1925. "Ədəbiyyat cəmiyyəti" təşkil edilmişdir. "Ədəbiyyat cəmiyyəti"nin qayəsi "əski və yeni Azərbaycan ədəbiyyatını tədqiq, xalq ədəbiyyatının yaxşı ənənələrini müasir ədəbiyyatımıza gətirmək, ədəbi tənqidi genişləndirmək, gənc ədəbi qüvvələri sənət və bədiiyyatın incəlikləri ilə tanış etmək, Şərq və Qərb ədəbiyyat cəmiyyətləri ilə daimi əlaqə saxlamaq idi".
Dekabr 1925. Gənc yazıçılar "Kommunist" qəzeti ətrafında birləşərək "Gənc qızıl qələmlər cəmiyyəti"ni təşkil edirlər. "Gənc qızıl qələmlər" cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi.
30 noyabr 1926. "Gənc qızıl qələmlər" təşkilatı "Ədəbiyyat cəmiyyəti"ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət "Qızıl qələmlər ittifaqı" adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində - Naxçıvanda, Gəncədə, Şəkidə "Qızıl qələmlər ittifaqı"nın şöbələri açıldı. 1927-ci ildən "Maarif və mədəniyyət" jurnalı "Qızıl qələmlər ittifaqı"nın orqanı oldu.
Fevral 1927. Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları "Qızıl qələmlər" ədəbiyyat cəmiyyətində birləşdirilir. "Qızıl qələmlər" ədəbiyyat cəmiyyəti heyətinə R.Axundov, M.Quliyev, T.Hüseynov (sədr), Ə.İbrahimov, H.Nəzərli, S.Rüstəm (katib) seçilirlər.
13-16 yanvar 1928. Azərbaycan proletar yazıçılarının I qurultayı keçirilir. S.Rüstəm, M.Yurin və T.Hüseynov qurultayda məruzə etmişlər. Qurultaydan sonra Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti (APYU) rəsmi fəaliyyətə başlayır. Bəzi nöqsanlarına baxmayaraq, bu cəmiyyət yaşlı və gənc yazarları öz ətrafına toplaya bilir.
20-27 oktyabr 1929. Azərbaycan proletar yazıçılarının II qurultayı keçirilir. Qurultay beşillik plan ilə əlaqədar olaraq yazıçıların üzərinə düşən vəzifələri müzakirə edir, ədəbiyyatda əmələ gələn bəzi zərərli təmayüllərlə mübarizə məsələsi də müzakirə hədəfinə çevrilir. Qərbi Avropa yazıçıları: Bella İlleş, İohannes Bexer, Mate Zalka, Lüdviq Renn də qurultayın işində iştirak edirlər.
Sovet yazıçılarının birinci qurultayı 1934-cü il 17 avqust-1 sentyabrda keçirildi. Qorki qurultayda Sovet ədəbiyyatının vəzifələri haqqında məruzə etdi. Qurultayda Azərbaycandan M.K.Ələkbərli Azərbaycan ədəbiyyatı haqqında məruzə etdi, C.Cabbarlı, M.Rəfili və Ə.Nazim də çıxış etdilər. Cabbarlının çıxışı daha maraqla qarşılandı.
İndi isə bir az əvvələ, 1934-cü ilin iyun ayına qayıdaq. İyunun 13-də Azərbaycan yazıçılarının I qurultayı keçirilir. Hacıbaba Nəzərli "Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin fəaliyyəti haqqında" məruzə ilə çıxış edir. Beləliklə, həmin gündən Azərbaycan Sovet Yazıçılar İttifaqı rəsmən fəaliyyətə başlayır. Bu, Azərbaycan mədəniyyəti tarixində önəmli hadisələrdən biri kimi qiymətləndirilməlidir. Təbii ki, belə bir təşkilatın yaradılması Kommunist partiyasının ideoloji siyasəti ilə bağlı idi, ədəbiyyat sosializm realizmi prinsipləri ilə hərəkət etməliydi. Azərbaycan sovet ədəbiyyatı da sosializm realizmi yaradıcılıq metodunun prinsiplərini, partiyanın bədii ədəbiyyat haqqında qərarlarından irəli gələn müddəaları əsas tutdu və bu gün 70 il ərzində yaradılan onlarla, yüzlərlə əsərləri nəzərdən keçirərkən bəziləri kimi qətiyyən təəssüf hissi keçirmirəm. Əvvəla, Lenini, partiyanı, Stalini, Oktyabr inqilabını tərənnüm edən şeirlərin, poemaların böyük bir qismi şair ilhamının, qəlbin istəyinin məhsulu deyildi və bu əsərlər onsuz da "ədəbi qəbiristanlığa" gömülməliydi və gömüldü də. İkincisi, hər bir ədəbi əsər yarandığı zamanın əhval-ruhiyyəsini, ictimai-siyasi ovqatını əks etdirirsə və sovet dövründə yazılan əsərlərdə də bu ovqat əks olunursa, üstündən illər keçəndən sonra onları niyə inkar etməliyik? Burada Anarın bir fikrini xatırlayıram: "Mənə elə gəlir ki, sovet ədəbiyyatı deyilən bir şey çox şəxsi bir termindir. Yəni sovet ədəbiyyatı əgər sovet dövründə yaranan bütün ədəbiyyata aid olarsa, mən bunu termin kimi qəbul etmirəm, çünki tutalım, Rusiyanı götürsəniz, görərsiniz ki, sovet dövründə Pasternak da yazıb-yaradıb, Solcenitsin də, Bulqakov da, Yesenin də yazıb-yaradıb. Bunların heç birini sovet ədəbiyyatına aid etmək olmaz.
Mən bu ocağın, bu sənət məbədinin başında duran Şəxsiyyətləri xatırlamaq istəyirəm. Repressiya qurbanı olmuş - biri güllələnən (M.Ələkbərli), digəri isə on yeddi il sürgündə yatandan sonra bəraət qazanan (S.Şamilov) iki sədr haqqında söz açdım. Repressiyadan sonra Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş şəxslər bunlardır: Rəsul Rza (1938-1939), Süleyman Rəhimov (1939-1940, 1944-1945, 1954-1958), Səməd Vurğun (1941-1944, 1945-1948), Mirzə İbrahimov (1948-1954, 1965-1975, 1981-1986), Mehdi Hüseyn (1958-1965), İmran Qasımov (1975-1981), İsmayıl Şıxlı (1986-1987). Qeyd edək ki, Yazıçılar İttifaqının rəhbəri eyni zamanda SSRİ Yazıçılar İttifaqının katibi vəzifəsini də daşıyırdı.
1987-ci ildə Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi seçildi. Burada bir dəqiqləşdirməyə ehtiyac duyuram. Müxtəlif illərdə Yazıçılar İttifaqının rəhbəri olmuş şəxsin vəzifəsi gah Sədr, gah da Birinci katib adlanıb. Bəzən isə Yazıçılar İttifaqında həm Sədr, zəm də Birinci katib (əslində Sədrin birinci müavini) vəzifələri olmuşdur (məsələn, M.İbrahimovun üçüncü sədrlik dövründə (1981-1986) İ.Şıxlı Birinci katib idi. 1991-ci ildə, yazıçıların IX qurultayında Anar İttifaqın sədri, Yusif Səmədoğlu isə Birinci katib seçildi. Y.Səmədoğlunun vəfatından sonra bu vəzifəyə Xalq şairi F.Qoca təyin olundu.

Öncə qeyd etdik ki, Azərbaycan Yazıçılar Birliyinin 80 illik tarixi əslində, Azərbaycan ədəbiyyatının 80 illik tarixi deməkdir. 1934-cü ildən bu günə kimi Yazıçılar Birliyi həmişə ədəbi həyatımızın ən qaynar nöqtəsi olmuşdur, onu Azərbaycan yazıçılarının Baş Ştabı da adlandırmaq olar.
Bu 80 ildə Azərbaycan Yazıçılar Birliyini sözün əsl mənasında bir yaradıcılıq akademiyası, qaynar ədəbi mühitin "paytaxtı" adlandırmaq olar. Sevdiyimiz, bizə əziz olan "Natəvan" klubunda Azərbaycan ədəbiyyatının (istər klassik, istər müasir) ən vacib, aktual problemləri müzakirə hədəfinə çevrilir, gənc ədəbi qüvvələrin yaradıcılığı müzakirə olunur, Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanınması, təbliğ olunması üçün əməli işlər görülür, tez-tez yeni kitabların müzakirəsi, vəfat etmiş yazıçıların xatirəsi anılır. Mən burada Yazıçılar Birliyinin ədəbi orqanlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. 1923-cü ildən nəşrə başlayan və "Azərbaycan ədəbiyyatının güzgüsü" adlandırılan qocaman "Azərbaycan" jurnalının 92 illik nüsxələrini qoyun qarşınıza. Yazıçılar Birliyinin nəşrləri içərisində "Ədəbiyyat qəzeti"nin, "Literaturnıy Azerbaydcan" və "Ulduz" jurnallarının da ədəbiyyatımızın təbliğində mühüm rolu olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi müəyyən struktura, iş prinsipinə malik bir təşkilatdır. Onun rəhbər orqanları yazıçıların qurultayında açıq, yaxud gizli səsvermə ilə seçilir. İndiyə kimi Birliyin on bir qurultayı keçirilmişdir (1934, 1954, 1958, 1965, 1971, 1976, 1981, 1986, 1991, 1997, 2004-cü illərdə). Birliyin fəaliyyət proqramı onun Nizamnəməsində dolğun əks olunmuşdur.
Keçən əsrin 70-80-ci illərindən başlayaraq Birliyin fəaliyyətini daha da genişləndirmək məqsədilə ayrı-ayrı bölgələrdə onun filialları açıldı. (Gəncədə, Sumqayıtda, Qazaxda, Şəkidə, Şamaxıda, Lənkəranda, Naxçıvanda, Mingəçevirdə, Qarabağda, Qubada, İmişlidə, Salyanda, Azərbaycandan kənarda isə Rusiyada və Gürcüstanda). .
Böyük Vətən müharibəsi illərində Azərbaycan Yazıçılar İttifaqı bütün xalqın mənəvi istinadgahına çevrilmişdi. S.Vurğunun "Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən! Bu gün bir süngüdür əlimdə qələm" misraları ilə başlayan şeirindən başlayan çağırış və vətənpərvərlik ruhu bütün müharibə boyu davam etdi.
Bu ənənə Qarabağ müharibəsi başlananda da davam etdi. Doğrudur, Qarabağ müharibəsi ilə Böyük Vətən müharibəsini eyni bir meyarla səciyyələndirmək olmaz, sonuncu müharibə Azərbaycanın taleyi ilə bağlı idi. Ekstremal bir vəziyyət yarandığını da unutmaq olmaz. Ordu hələ yaradılmamışdı, ölkə daxilində isə hakimiyyət uğrunda mübarizə gedirdi. Sistem dağılırdı, çökürdü. Amma bu xosda və hərc-mərclikdə Azərbaycan Yazıçılar İttifaqı öz varlığını qoruya bildi, istər müstəqillik uğrunda mübarizədə, istərsə də Qarabağ müharibəsində xalqın daha çox üz tutduğu insanlar yazıçılar idi. Bir anlığa 1988, 1989, 1990-cı illəri xəyalınıza gətirin. Xalqın gücü kimi sarsılmaz bir qüvvə vardı və bu qüvvə Azadlıq meydanında "İstiqlal" deyə bağırırdı. Bakının və Respublikanın ağırlıq mərkəzi, dayaq nöqtəsi Meydan idigüzü meydana tribunalar qurulmuşdu. Xalqın qarşısına kimlər çıxırdı? Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, İsmayıl Şıxlı, Qabil, Sabir Rüstəmxanlı
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin 1500-ə yaxın üzvü var. Bəlkə də bu rəqəm gözlənildiyindən artıqdır, amma üzvlərin tən yarısını (bəlkə az ya çox) gənclər-ədəbiyyatın yeni qüvvələri təşkil edir. Onların içərisində istedadlar az deyil.
Azərbaycan Yazıçılar Birliyinin yubileyi ilə bağlı bu söhbətimizdə ən mühüm bir məqamı da unutmaq olmaz. Bu da ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Yazıçılar İttifaqına, ədəbiyyatımıza və ayrı-ayrı yazıçılara göstərdiyi qayğıdır. Sovet dövründə şəxsən H.Əliyevin dəstəyi ilə Rəsul Rza, Süleyman Rəhimov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görüldülər. Məhz onun təşəbbüsü ilə dahi Hüseyn Cavidin məzarının qalıqları uzaq Sibirdən Azərbaycana-doğulduğu Naxçıvan torpağına gətirildi. Nəsiminin anadan olmasının 600, Füzulinin 500 illik yubileylərinin dünya miqyasında qeyd olunması da ilk növbədə, onun adı ilə bağlıdır. H.Əliyevin birinci hakimiyyəti dövründə ədəbiyyat və incəsənət xadimlərinin SSRİ və Azərbaycan SSR Dövlət mükafatlarına, bir çoxunun "Azərbaycanın Xalq Şairi", "Azərbaycanın xalq yazıçısı" fəxri adlarına layiq görülməsi də ədəbiyyat adamlarına xüsusi məhəbbətinin ifadəsi idi. Müstəqillik dövründə də ulu öndər bu qayğı və məhəbbəti sənət adamlarından əsirgəmədi. Azərbaycanın ən yüksək fəxri ordeni -"İstiqlal"a layiq görülənlər sırasında B.Vahabzadənin, M.Dilbazinin, Anarın, Elçinin, Ə.Əylislinin adlarını görmək nə qədər xoşdur. Heydər Əliyev ədəbiyyatı sevirdi, həm də bu sevginin içində ədəbiyyata dərindən bələdlik duyulurdu və bu sevgi onun Azərbaycan Yazıçılar İttifaqının dörd qurultayında (VI- VIII və X) etdiyi çıxışlarında da aydın görünür. Bu qayğılar içində H.Əliyevin maliyyə burulğanına düçar olan Azərbaycan Yazıçılar İttifaqına dəstək verməsi oldu. Ümumiyyətlə, onun təxminən 30 illik hakimiyyəti dövründə Azərbaycan ədəbiyyatına göstərdiyi qayğılar saysız-hesabsızdır. Bu, dünya tarixində hökmdarın-Ali Məqamın öz xalqının ədəbiyyatına göstərdiyi qayğının ən parlaq nümunələrindən biridir. Ulu öndərin bu ədəbi siyasəti indi hörmətli prezidentimiz İlham Əliyev və YUNESKOnun xoş məramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən də davam etdirilir.
Yazıçılar Birliyinin pillələri ilə yuxarıya qalxıram. Təzəcə təmirdən çıxmış bu gözəl, yaraşıqlı binanın mərtəbələrində ədəbiyyatımızın klassiklərinin , "Xalq şairləri" və "Xalq yazıçıları"nın lövhədəki şəkilləri ilə qarşılaşıram.Onların hər birini salamlayıram. "Bura Azərbaycan yazıçılarının müqəddəs ocağıdır" deyirəm, Xatırlayıram ki, binanın da yazıçılara verilməsinin 75 ili tamam olur. Ürəyimdən bu səs qopur: Bayramın mübarək, bizim müqəddəs ocağımız, sənət məbədimiz.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV