adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ÖZBƏKİSTAN MACƏRALARI

MƏMMƏD DƏMİRÇİOĞLU
29189 | 2014-06-14 03:37
İşləmək, pul qazanmaq məqsədiylə Özbəkistanın Namanqan vilayətinə getmişdik. Gəlişimizin ilk ayları çox ağır, acınacaqlı keçsə də, dözməli idik. "Eşşəyə minmək bir ayıb, düşmək də bir ayıb"prinsipi bizi geri, - vətənə qayıtmağa qoymur, özümüzlə apardığımız ailəmizlə min cür cəfalara qatılaşaraq işlərimizin yaxşı olacağına ümid edirdik. Özümüz Hamanqan şəhərində kirayədə qalsaq da, ucqar rayonlarda, Üçkurqanda, Papda, Andicanda və sair yerlərdə iş axtarır, ən ağır işlərə belə girişib, acından ölməmək üçün balalarımıza çörək pulu qazanırdıq. Elə vaxtlar olurdu ki, qəriblikdə kimsəsizcə darıxan ailəmizi günlərlə görmürdük, yarı canımız uşaqların yanında qalırdı...
Nəhayət bəxtimizin üzümüzə gülən vaxtı yetişdi, Xakulabad şəhəri bizi rəssam kimi qəbul etdi, Rayonun 3-cü katibi Sanat Ziyayevna bizi xoş qarşılayıb, rayonlarında qalıb, rəssam işləməyimizi təklif etdi. Bundan böyük xoşbəxtlik olmazdı. Bizi, Payonun 2-ci katibinin otağına apardı. Sanat Ziyayevnanı görən ucaboylu, yarlı-yaraşıqlı 2-ci katib ayağa qalxaraq bizə tərəf gəldi, görüşüb Sanat xanımı maraqla dinlədi və bizimlə yenidən əl verib görüşdü. Milliyyətcə rus olan 2-ci katıbin adı Mixayıl Nikolayeviç idi. Uca boylu, dolu bədənli bu kişinin sifət qurluşu da çox gözəl idi. Alnına tökülməsə belə, tez-tez başının sərt hərəkəti ilə saçını geri atmaq adəti imiş. O, saçını arxaya ataraq gülər üzlə bizi sorğu-sual etməyə başladı. Özü Rastov şəhərindən olduğundan bizə "zemlyaki" deyirdi.
Beləliklə, məni Xakuklabad şəhərinin baş rəssamı vəzifəsinə təyin etdilər. Şəhərin mərkəzində yerləşən iri bir meyvə-tərəvəz mağazasını boşaldıb, emalatxana kimi ixtiyarımıza verdilər. Taleyimiz filmlərdəki kimi tez bir zamanda dəyişdi.
Qısaca olaraq deyim ki, bir çox uğurlu işlərimə görə mənə "06" markalı Jiquli avtomobili hədiyyə etdilər. Bu o zaman idi ki, avtomobili növbəyə durmaq yolu ilə almaq olurdu. Növbəni isə 5-6 il gözləmək lazım idi. Əlbət də bu işin başında bizimlə tez bir zamanda dostlaşmış "Zemlyakımız"- Mixail Nikolayeviç dururdu.
Bunu sözlə təsvir etmək çox çətindi. O illərin ən dəbdə olan avtomobili "06 jiquli" idi və yatsam yuxuma belə gəlməzdi ki, qısa zamanda, yağın içində olan təzə bir maşınım ola bilər...
Şərikim və dostum Pişi Ariflə, sevinə-sevinə Bakıya tələsirdik. Dostlara, qohumlara, elə bizi istəməyənlərə də nələrə qadir olduğumuzu sübut etmək eşqiylə alışıb yanırdıq.
Maşınımızla gedəcəyimiz Namanqan-Bakı səfərimizdə 1900 km. məsafəni qət etməli idik. Namanqan vilayətindən çıxaraq, Səmərqəndin, Buxaranın ərazilərindən keçib Fəraba, oradan da Sırdərya çayını keçib Çərcoya, yəni Türkmənistanın sərhədlərinə adlamışdıq. Oradan da, səhraların qızmar boynuna dolanmış 900 km. tənha yolla Krasnavodsiyə qədər qət edərək Bakıya gəlib çıxmışdıq.
İndi isə həmin yolları geri qayıtmaq üçün səfərə hazırlaşırdıq. Çox ağır bir səfərə. O səfərə ki...

ÖLÜM QOXULU SƏFƏR

Minik avtomobilimizlə arxa tərəfindən daxil olduğumuz bu nəhəg bərənin ilk olaraq nə olduğunu anlamamışdım. Açılmış nəhəng ağızlıqdan bir mərtəbə aşağı düşdük. Boyük futbol meydançasını xatırladan sahədə çoxlu sayda minik və yük maşınları var idi. Biz də maşınımızı bir tərəfdə saxladıq. Sonra isə aşağı qata enən piləkanlara yaxınlaşıb, maşın sexini maradla seyr etdik. Gözlərimə inana bilmirdim. 4-5 mərtəbəli evi xatırladan bu gəminin 2-ci qatı bağlandıqdan sonra, 3- cü qatına yük vaqonları dolduruldu. İki cərgəyə yerləşdirilən vaqonların sayı 30-a yaxın olardı.
Soruşa-soruşa bizə aid olan kayutamızı tapdıq. Dörd nəfərlik kayutanın yumşaq oturacaqları, yumru-yumru pəncərələri var idi. Boyca məndən xeyli uca olan dostlarım, Rişi Arif və Sırxavəndli Bayram (Sonralar Bayram, Qarabağ döyüşlərində ad-san qazandı, Sırxavənd alınan gündən saqqalına toxunmadı. İyirmi ildın çox saqqal saxladı. Ötən il, ağsaqqalların, dostların təkidi ilə qırxılan saqqalı uzanıb sinəsinə düşürdü və bu səbəbdən hamı onu "Saqqal Bayram deyə çağırırdılar.) yol azuqələrimizi çıxarıb süfrə açmağa başladılar.
Yolumuza xeyli azuqə tədarük etmişdilər. Xudmani süfrə açıb, soyutma kimi bişirilmiş toyuğun birini süfrəyə qoyduq. Adama 50-50 araq da içib, toqqanın altını bərkidəndən sonra, səhər yeməyinə saxladığımız ikinci toyuq soyutmasını gəminin bufetindəki soyuducuya qoymaq qərarına gəldik. Tərslikdən soyuducu işləmirdi. Nəhayət bir çıxış yolu tapdıq. Salafana bukülmüş toyuğu iplə bağlayıb, kayutamızın ulminatorundan (pəncərəsindən) aşağı salladıq. Fikrimizcə dənizin sərin havasında azuqəmiz xarab olmamalıydı.
Krasnavodskiyə çatanda hava tam işıqlaşmamışdı. Biz paromu tərk edəndə qizmar şəfəqləriylə üfüqü odlayan günəş yenicə burnunu göstərirdi.
-Bayram, günəş çıxana qədər özümüzü Qızıl arvad qəsəbəsinə yetirək. Sonra günəş od püsgürəndə işimiz çox çətin olacaq- deyib, yaşca böyük olduğuma görə, səfərin rəhbərliyini mən etməli oldum.
Az keçməmiş günəşin odlu şüaları hər yanı qarsalamağa başladı. İlk olaraq sükün arxasına oturan Bayramın sürəti artırmağına baxmayaraq, açıq pəncərədən dolan külək sərinlik əvəzinə, üzümüzü qarsalayırdı. Termoslara doldurduğumuz suları çox qənaətlə işlədirdik. Üçbucaq kağız bağlamada olan ayranları daha qənaətlə işlədirdik. İstidən dilimiz-ağzımız qurusa belə, mümkün qədər az su içməyə çalışırdıq.
Günəş şaqqımamış yolun bir qismini tezcə qət etmək fikriylə səhər yeməyini belə unutmuşduq. Məqsədimiz tezliklə Marı vilayətinə çatmaq idi. Qarşıda, uzun və yeri-göyü qarsalayıb odlayan, yeknəsək və ilğmlarda çimişən uzun bir yol uzanırdı.
Qızılarvaddan ötəndə aclığımızı xatırladıq. Sukan arxasına keçən Rişi Arif, Bayramı əvəz etdi və "Buralar od tutub yanır, gəlin Aşqabada qədər dayanmadan gedək"- deyərək, yeməyimizi də orada yeməyi təklif etdi. Onun fikriylə razılaşıb, yolumuza davam etdik. Su ehtiyatımız tükənirdi. Qumlu səhraların arasıyla qıvrılan tənha yolun kənarlarında nə bir yaşıllıq, nə bir qəsəbə, nə də bir dükan-mağaza gözə dəymirdi. Sağda-solda küləklərlə sığallanmış qum təpələri, üstündə ilğımlar buxarlanan təkəm-seyrək saksaul kolları sürətlə bizdən arxaya qaçır, səfari rıngli jiqulimiz isə od püskürən yolun dolamalarıyla irəli şütüyüb canını bu alovlu məkandan qurtarmağa can atırdı.
Bu da Aşqabad şəhəri. Demək olar ki, yolun çox hissəsini qət etmişdik. Axşam düşmüşdü. Yeri-göyü qarsalayan günəş hünər etmiş igidlər misalı yorğunluğunu almaq üçün üfüqlərin arxasına çəkilirdi. Yol kənarında dəmir lövhələrdən düzəlmiş dayanacağa yaxınlaşıb, elə buradaca süfrə açmaq qərarına gəldik.
-Siz süfrəni hazırlayın, mən isə sizə bir çay qaynadım, - deyərək Rişi Arif özüylə götürdüyü əl primusunu işə salmağa çalışdı. Xeyli cəhddən sonra primusu yandırdı, çayniki üstünə qoyub süfrəyə yaxınlaşınca külək söndürdü. Toyuğu parçalayan Sırxavəndli Bayram: "Arif, çayın başını burax, toyuğu yeyib qurtarırıq, gəl bir tikə də sən ye" - desə də, Arif inadından dönmədən çay işindən əl çəkmirdi. Sonuncu üçbucaq ayranları da içmək istəyəndə mən onları yola saxlamağı təklif etdim. Amma cəmisi iki ədəd ayran qalmışdı.
Nəhayət primisu xoda sala bilən Arif süfrəyə yaxınlaşdı. Üstü yapışqan kimi əlimizə yapışan toyuq soyutmasının tamsımasına baxmayaraq, Bayramla mən demək olar ki, hamısını yemişdik. Arif bizi məzəmmət edərək süfrədə qalmış bir tikə qanad və boğazla kifayətlənməli olub, yumurta soyutması, pendir-çörəklə qarnını doyuzdurdu. Amma onu deyim ki, ağır zəhmət bahasına başa gələn çayı çox xoşumuza gəldi.
Yola çıxmağa hazır idik.Ətrafa boylanıb, mağaza axtardıq ki, yola su və başqa şeylər alaq. Amma gözə dəyən bir mağaza tapmayıb, "Yolda rastımıza gələr" - deyərək, səfərimizə davam etdik.
Artıq hava qaralırdı. Qarşımızda uzanan yol, dəmirçi kürəsində qızarmış qızmar dəmir kimi aşağıdan yuxarı od püsgürürdü. Maşının sürəti artdıqca, pəncərədən dolan qaynar külək üz-gözümüzü daha da amansızcasına qarsalayırdı.
Sükan arxasında oturmaq növbəsi mənim idi. Gunəşin hənirindən əriyib dalğa-dalğa buğlanan yolun o başından qıvrılan ilğımlar səngimişdi. Səhra ilğımları çox canlı olurmuş. Dondan dona girən ilğımlar, yolumuzun qənşərində gah dalğalanan dənizə dönür, gah burula-burula göylərə bülənd olan qızılı kəlağayılara çevrilir, gah da qədim nağıl şəhərlərini xatırladan mənzərələrlə əvəz olunurdu.
Aşxabaddan çıxdıq.Yolun az bir qismini qət ermişdik. Başım gicəllənməyə başladı. Yorğunluğun əlamətidir - deyib əhəmiyyət vermədim. Sükanı yenicə mənə təhvil vermiş Pişi Arif arxa oturacağa uzanıb mürgüləyirdi. Sırxavəndli Bayram isə mənimlə yanaşı oturub, xəyallara dalmışdı. Maşının sürətindən içəri dolan qaynar küləyin fışqırtısından başqa bir səs eşidilmirdi. Baş gicəllənməmi ürək bulanmalar əvəz etdi. Yox, dözə bilmədim və maşını yolun sağına çəkib özümü qumların üstünə çatdırdım. Yediklərimi qaytardım və ağzımdan gələn kəsgin qoxunu hiss etdim. Özümü maşına çatdırıb su qablarına əl uzatdım. Aman Allah, su qabları boş idi. Üçkünç kağız qablarda olan bir cüt ayrandan başqa bir şey yox idi. Ayran isə isinib turşumuş, ürək bulandıracaq hala gəlmişdi. Turşumuş ayranla ağzımı yaxaladım. Ağzım zəhər tamsıdı. Dostlarım bu hərəkətimə o qədər də məhəl qoymadılar. Sükan arxasına keçib sürəti bir az da artırmaq istədim. Az keçməmiş yenə ürəyim bulandı və yenə maşını saxlamaq məcburiyyətində qaldım. Bu dəfə qaytararkən ağzımın zəhər daddığını duydum. Elə bu ara Sırxavəndli Bayram da güllə sürətiylə özünü ocaq kimi közərən qumların üstünə yetirdi. O da qaytarmağa başladı.
Məsələ aydın idi. Biz zəhərlənmişdik. Buna inanmaq istəməsək də fakt artıq özünü təsdiq edirdı. Qayıdıb maşına əyləşəndə Rişi Arif bizə lağ etdi ki, bəs toyuğu təkbaşına yeyəndə axırını düşünmədiniz?
Çox şeyi düşünməmişdik. Nə su ehtiyatımız qalmışdı, nə də qarşıdakı uzun yolu salamat başa vurmaq ümidimiz.
Ala-toran hava qaraldıqca ilğımlar da günəş şüalarının arxasınca süprülərək qeybə çəkilirdi. Günəş yerini yup-yumru bədirlənmiş aya təslim etmişdi. Gecənin şahı sayılan ay o qədər işıqlı idi ki, kölgəmiz belə odlu asfalt yolunun üstündə aydınca görünürdü. İndi hər on dəqiqədən bir Bayramla mın maşını saxlayıb son nəfəsimizi belə ögüyüb içimizdən çıxarmağa can atırdıq. Amma mədəmizdə heç nə qalmamışdı. Sonuncu dəfə sükan arxasına keçmək istəyəndə səndələdim, yıxılmamaq üçün maşının qapısındın yapışdım. Bayram da eyni gündəydi. O da sərxoş adamlar kimi səndələdi, yıxılmamaq üçün özünü tələsik maşının içinə saldı. Bayaqdan bizə istehza edən Arif, işin çox ciddi olduğunu anladı və özü sükan arxasına keçməli oldu. Bayramla məndə, artıq həyat əlamətləri sönməyə doğru gedirdi.
-Oğlan, (Çox zaman Arifə belə müraciət edirdim) indi ümidimiz sənə qalıb. Nə yaxşı ki, primusa başın qarışdı, toyuğun ətindən az yedin. Şükür Uca Allahımıza. Görünür o primusu qəsdən söndürürdü ki, sən bizi xilas edəsən. - Ağzımın içi palçıq kimi idi, su istədim: - Oğlan, dilmiz dodağımız yanır, ağzımız zəhər dadır. Harada işıq görsən maşını ora sür. Bəlkə bir inir-cinirə rast gəldik, bəlkə bir udum su tapdıq.-deyərək Arifi ehtiyatla tələsməyə səslədim. Yolun elə bir yerində qalmışdıq ki, geriyə də eyni məsafə, irəliyə- Marıya da (Marı Türkmənistanda vilayət mərkəzidi) eyni məsafə qalmışdı.
İkinci mərhələdə qarın işləmələri başladı və sonuncu dəfə Arif hər ikimizi sürüyə-sürüyə maşının içinə sala bildi. Artıq maşından yerə düşməyə belə taqətimiz qalmamışdı. Mən arxa oturacaqa uzanmışdım. Maşının tavanı sürətlə başıma fırlanırdı. Elə bu ara Arif maşını saxlayıb çölə qaçdı. Məsələ qəlizləşirdi. Arif də toyuqdan yemişdi. Az yeməsinə baxmayaraq, görünür artıq zəhərlənmə büruzə verirdi. O xeyli ögüyüb qaytardı. Artıq həyatımız tükdən asılı qalmışdı. Arifin də zəhərlənməsi ümidlərimizi puç edirdi.
Dünya aləm başıma fırlandı, uşaqlığımdan tutmuş, tələbəlik, əsgərlik illərim, ilk sevdiyim qız və nəhayət bizim səfərə çıxdığımız gündəm iki gün sonra təyyarə ilə Oş vilayətinə uçacaq ailəm, 4 balam gözlərimin önünə gəldi. İndi ölümün bir addımlığındayıq.
Bir neçə dəfə yol maşınlarına əl etdik. Gecə olduğundan yol maşınları belə bizə məhəl qoymur, saxlamırdılar ki, onlardan ümid verəcək bir xəbər sorayaq. Biz buralarda ölüb qalsaq, ailəmizi Oş vilayətində qarşılaya bilməyəcək, balalarımız qürbətdə pələsəng olacaqdılar...
Arifin ah-naləsini eşitdim. Bir anlıq huşum özümə qayıtdı. O maşından xeyli aralıda asfalta yıxılıb qalmışdı. Qabaqda oturmuş Bayramda həyat əlaməti hiss olunmurdu. Sifəti qaralmış halda, hərəkətsiz vəziyyətdə qalmışdı.
-Ay Allahım, mənə güc ver sükan arxasına otura bilim - deyərək, Arif maşına tərəf sürünməyə başladı. Ona kömək etmək qərarına gəlib, qapını açmaq istədim. Amma qapını açacaq taqətim yox idi.
-Yalvarıram, Arif, gücünü topla! - deyə bildim.
Arif sürünə-sürünə sükanın arxasına qalıxa bildi.
-Daha maşından düşmə, qaytarmaq istəsən elə sükan arxasında qaytar - deyib, onu tələsdirdim: - Onu bil ki, hər anımız ölümdü. Harada gözünə işıq görünsə ora sür. Biz ölürük! - deyib onu bir daha tələsdirdim.
Elə bu ara körpünün üstündən keçən maşın havaya qalıxdı. Əgər Arif sükanı düzgün idarə etməsəydi, qarşımıza çıxan döngədən vaxtında sağa burulmasaydı, maşın yolun kənarlarına topalanmış qum təpələrinin içinə girəcəkdi. Vıyıltı səsləriylə maşın səndələyərək yoluna düzəldi. Butün olanlardan xəbərsiz olan Bayram, sağa sola yelləndi, yenə də sakitcə əvvəlki ölü vəziyyətini aldı.
Arifin ucadan: - İşıq, qarşıda işiq görürəm! - deyərək bağırması məni sanki yuxudan oyatdı.Təfərinclə qarşıya baxdım. Çox uzaqda ulduza bənzər bir işıq görünürdü.
-T ez ol! Tez ora sür! - deyə bildim. O işığa çatmağımızdan bir il keçdi sanki. Çata bilmirdik o işığa. Biz işığa can atdıqca, işıq bizdən qaçırdı sanki. Gözlərimi çəkmirdim o işıqdan. O işıq sonuncu ümidimiz idi. O işığa çatan kimi, ölüm yaxamızı buraxacaq, kimsə bizə su verəcək, bizi xilas edəcəkdi. Nə yaxşı o işıq göründü. Mən bilirdim huşumu itirmək ərəfəsində olduğumu. Nə yaxşı Arifin huşu onu tərk etmirdi. Ay işığında gümüş kimi parlayan ucsuz-bucaqsız yol ilə şütüyən maşınımız işığa tələsirdi. Yumulmaq istəyən gözlərimi, son ümid yumulmağa qoymurdu.
Bayaq sevinclə: "İşıq!" deyə qışqıran Arifin məyus səsi sonuncu ümidimizi də puça döndərdi:
-Allahım, Allahım! Bu ki, kimsəsiz bir yanacaq doldurma məntəqəsinin keşikçi işığı imiş. Səhranın ortasında tənha və kimsəsi bir yanacaq doldurma məntəqəsi. Qapısı bağlı...
Ağır və sərt bir silkənişə gözlərimi açdım. Ətrafda nələrsə baş verirdi. Qırmızı papaqlı yol milisləri bizim maşınımıza tərəf qaçışırdılar. Qarşımızda, arxasında qoşqusu olan "Kamaz" markalı bir maşın dayanmışdı. Qapımızı açan milis nəfəri burnunu tutaraq geri sıçradı. Maşından glən üfunət iyisi onu vahiməyə salmışdı. Arifin boynu sükanın ustündə qalmışdı. Bayramın ölüb, ölmədiyini ayrıd etmək mümkün deyildi. Məni oyaq görən milis nəfəri açıq pəncərəmə yaxınlaşdı. Bircə kəlmə deyə bildim: "Mı otravilis..."
Biz ölməmişdik. Allah bizi ölməyə qoymamışdı. Həmin gecə Marı vilayəti ayağa qalıxmışdı. Şayiələr yayılmışdı ki, taun xəstəliyi ilə üç nəfər tapılıb. Gözlərimizi Reanimasiya şöbəsində açanda, çoxlu saylı ağ xalatlılar gördük. Qollarımıza sistemlər asılmışdı. Burnumuza kislarodlarla hava verirdilər. Təcili mədəmizi yuyub ilkin yardım göstərən həkimlər gözümüzü açanda bizi təbrik etdilər:
-Sizin sağ qalmağınız Allah möcüzələrindən biridir, - deyən həkim davam etdi: - Əgər bir neçə dəqiqədə gecikmiş olsaydınız həyatınızı xilas etmək mümkün olmayacaqdı. Təzyiqiniz 60-ın 40-a qədər enmişdi. Tez bir zamanda böyrəkləriniz imtina edəcəkdi və...
Doğrudan da Allah bizi saxlamışdı. Allaha inanın və onu sevin!

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV