adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

OLUM, YA ÖLüM? - BUDUR MƏSƏLƏ

OQTAY SALAMOV
21306 | 2007-05-09 05:52
Hər il bu günlər nə yazmaqda, necə yazmaqda çətinlik çəkirəm. Elə bil Ulu yaradan tarixdə bu günlərdə təzadlı, bir-birinin tam əksi olan hadisələr koleydoskopu yaratmaqla bizi bir də sınağa çəkib. Şuşanın itirilməsi, Qələbə günü və Heydər Əliyevin doğum günü. Şuşa hər iki tədbirə qəm gətirir, bayram edənlərin bayramına zəhər qatır... Və çox sadə, məntiqi bir həll bir də qarşımızda durur: Şuşamızı qaytarandan sonra bizə bütün bayramlar yaraşacaq, bütün bayramlar halal olacaq. Amma bu gün...
   
   Dünyanın hər yerində iqtidarla müxalifət arasında qarşılıqlı çəkişmə, narazıçılıq, mövqe müxtəlifliyi olur və bu, təbiidir. Amma mən inanmıram ki, dünyanın hansısa bir yerində bizim iqtidarla müxalifətin bir-birinə münasibəti kimi münasibətləri olsun. Bizim iqtidar müxalifətin düşmənidi, özü də qan düşməni. Müxalifətin heç bir sözü iqtidarın boğazından keçmir və müxalifət "Allah birdir" deyəndə də iqtidar onu qəbul eləmək istəmir. Müxalifətimiz iqtidarımızdan qətiyyən geri qalmır. İqtidarın siyasətini, gördüyü istənilən işi, atdığı hər bir addımı lənətlədiyi bir yana, xalqın güzəranının yaxşılaşması, Qarabağla bağlı sərt bəyanatları da az qala xalqa xəyanət kimi təqdim edir. Allah özü dadımıza yetişsin, bəndənin umuduna (umudla ümid eyni şey deyil) qalsaq, batdıq...
   
   Tuthatutun şıdırğı vaxtında Əliağa Vahiddən soruşurlar ki, niyə yeni yazıların yoxdur. Cavabında bircə misra söyləyir:
   
   -Tutaq ki, əsrimizin
   
   Həzrəti-Musası mənəm,
   
   Bu soxasoxda necə
   
   möcüzə icad eləyim?..
   
   Bənzətmə və iddia böyük çıxmasın, tək özümü demirəm, hansısa tərəfə yıxılmayan, guya müstəqil olan, ən azından özünü belə təqdim etməyə çalışan bütün qəzet yazarları bu günlər nə və necə yazmaq çətinliyi qarşısındadırlar. Çox düşünüb-daşınandan sonra replikalar yazmağa üstünlük verdim, hər halda, bu da bir mövqedir.
   
   Ayın 7-də bizim evin işıqları da sönmüşdü. Sən demə, "Çap Evi" nəşriyyatında transformatorda qəza baş veribmiş. Yəni bizim işıqlar həmin transformatorun zibilinə düşüb söndürülübmüş. Əşi, canımız sağ olsun, hər gün birinin zibilinə düşüb işıqsız qalırıq, nə olar ki, ulu babalarımız, lap elə ulu olmayan babalarımız elektrik işığında oturublar? "Barmek"in vaxtında Arabul ora türkü idi, söyürdük, ürəyimiz boşalırdı, indi söyməyə də ürək eləmirik... Nə isə, söhbət onda deyil. Həmin gün işıq olmaması ucbatından "Çap Evi"ndən "Yeni Müsavat", "Bakı-Xəbər" və "24 saat" qəzetləri çıxmayıb. Əlbəttə heç yaxşı iş olmayıb. Amma görün "Bakı-Xəbər" dünənki sayında bu olayı necə təqdim edir: "Ötən gün ölkə ictimaiyyəti mətbuatsız qalıb". Əgər bu üç qəzet bütövlükdə ölkə mətbuatı sayılırsa, onda elə mən haqlı olaraq özümü Vahidlə müqayisə etmişəm...
   
   Qəzetlər, televiziyalar, aşıqlar, şairlər, şou əhli bəhsəbəhslə "Boylana-boylana"nın aşıq sənətinə təhqir olub-olmadığını müzakirə etməkdədir. Yeganənin "əcəb eləmişəm"i camaatı yerindən eləyib. Kamranın da özündənrazı, dikbaş çıxışları odun üstünə bir az da yağ töküb. "Aşıqlar Birliyi" deyir 500 üzvümüz var, hamısını yığıb tökərik Bakıya, aşıqlar ordusu böyük qüvvədir. Düz deyir "Aşıqlar Birliyi", bu ordunu üzü Qarabağa çevirsən, "Misri" erməninin bağrını yarar. Öz aramızdır, "Yazıçılar Birliyi"nin də 1500-dən çox üzvü var...
   
   Kamranın hoqqasını bəyənməyənlər sözsüz ki, haqlıdırlar. Amma o nə böyük matah oldu ki, xalqdan üzr istəməyi ondan tələb edirsiniz? Bir də Kamandarın, Ədalətin, Zülfiyyənin göylərə qaldırmaq üçün özlərini oda közə vurduğu sazı çayxanalarda "bir məmməd"ə yerə vuran gədə-güdə babalarımızın ruhunu daha çox təhqir edir, yoxsa Yeganə ilə Kamran? Onda "Aşıq Yediyar"ı aşıqlar gərək məmləkətdən qovaydılar ki... Bildiyim bircə odur ki, Yeganə ilə Kamranı əməlli-başlı reklam elədiniz, indi oğulsunuz bunların qabağında durun...
   
   Üçüncü replikanı yazmaq istəyəndə qeybdən qulağıma bir səs gəldi: "Bu gün Qətl günüdü, Mahmud, Baba kahanı partladırlar"... Allah axırını xeyir eləsin, qulağına səs gəlmək yaxşı əlamət deyil. Allah dünyasını dəyişənlərin hamısına rəhmət eləsin. Allah Şuşanı qaytarmaq üçün bizə təpər versin. Hə, bir də... bir də bayramınız mübarək. 57 il bundan qabaq rusun torpağını almandan azad etməyimizin Qələbəsini bayram eləyirik axı. 15 il bundan qabaq da Şuşanı verdik erməniyə... "Biz niyə bu günə qaldıq, ay dədə"...
   
   
   
   

TƏQVİM / ARXİV