MüXALiFƏTi "SAPLADILAR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
30703 | 2007-05-05 06:47
Allah rəhmət eləsin İsmayıl Şıxlıya, rəhmətlik xalq yazıçımız sağlığında atalar sözümüzə ikinci ömür bağışladı. Az qala unudulmuş bir rəvayəti cəmi bir sözlə yaddaşlarda təzələdi. Və məlum oldu ki, meşənin qənimi elə sapı özündən, yəni meşənin ağacından olan baltaymış... O vaxtdan xeyli müddət keçib, amma demək olar ki, hər gün bu zərbi-məsəli eşidirik, xeyirdə-şərdə, yeri gəldi-gəlmədi, bəzən ironiya ilə, bəzən də ciddi şəkildə "Sapı özümüzdən olan..." deyirlər. Amma...
   
   
   
   Amma zaman göstərir ki, sən demə kənarın, yadın, özgənin, lap elə Vartanın, İvanın bizə elədiklərinin yanında özümüzün özümüzə elədiklərimiz əməlli-başlı bir faciə imiş. Necə deyərlər, onların elədikləri toya getməli... Bax, bu mənada bizim, yəni bu gün 8 milyonu bir xeyli ötüb keçmiş və eni-boyu altı saatlıq yol olan Azərbaycanda gördüklərimiz, eşitdiklərimiz, iştirakçısı olduqlarımız, əgər yumşaq ifadə etsək, "Min bir gecə" nağıllarının süjetindən az zəngin deyil. Ona görə ki, bütün bunların içərisində öz barmağımız var...
   
   Qəzetlerdən oxudum ki, sən demə, müxalifətdə də "Sapı özümüzdən olan baltalar" varmış. Dərhal da barmağımı dişlədim. Daha doğrusu, əlimi çırpdım dizimə və öz-özümə dedim ki, əcəba bəs bu müxalifət iddia edirdi ki, onların parçalanmasında, pərəm-pərəm düşməsində, nə bilim nüfuzlarının itirlməsində, özlərini təsdiq edə bilməmələrində, piketlərinin baş tutmamasında, ofislərinin olmamasında, sıralarının genişlənməməsində, daha nə bilim nədə, nəmənədə iqtidar günahkardı. Əgər onların öz içində də "Sapı özündən" olan varsa, onda heç nə, bu iddalar ən azı sabun köpüyünə oxşayır. Çünki bu iqtidar müxalifətin iddia etdiyi kimi əvvəldə sadaladığımız həmin o müxalifət problemlərinə sap düzəltsəydi, ümumiyyətlə məmləkətimizdə müxalifət olmazdı. Deməli, "Sap" elə müxalifətin öz içində imiş.
   
   Fakt üçün uzağa getməyə ehtiyac yoxdur. İki gün öncə Azad Sözün bayramı idi. Məclis iştirakçıları arasında özünün nüfuzu ilə, mövqeyini qəti bildirməsi ilə həmişə fərqlənən Pənah Hüseynli "icazəsiz mitinqlərə ancaq muzdla tutulanlar çıxırlar" deməsi yekə, ən azı cəmi müxalifət boyda bir qalmaqala səbəb olub. Nəticədə də bir çoxları məclisi tərk ediblər. Sonda da məclis öz-özünə dağılıb və hər kəs də qələmini götürüb çıxıb gedib. Burada iki məqam var: birincisi, düz sözü deməyin nə iqtidara, nə də müxalifətə xoş gəlməməsidir (İndiki halda söhbət müxalifətdən gedir). İkincisi, müxalif düşərgədə bir-birinə inam, etibar, dözümlülük nümayiş etdirmək mümkünsüz bir halda olduğundan son nəticədə bir araya gəlmək, istənilən bir tədbiri sona qədər bir yerdə başa vurmaq mümkün olmur. Və bu cür davam etsə, heç mümkün olmayacaq da. Çünki müxalifət öz içində "iqtidar barmağı" axtarır, iqtidar da müxalifət...
   
   Bəli, qəzetlərdən öyrəndik ki, Müxalifət də "saplanıb" (bu sözü müxtəlif mənalarda yozmaq mümkündür. Amma şəxsən mən bunu rəhmətlik İsmayıl Şıxlının dediyi mənada görür və yazıram) və ona görə də onlar öz içində hələ uzun müddət sap axtarışında olacaqlar. Axtarsınlar, bəlkə də tapdılar. Tapmasalar onsuz da şübhələnməyə başqa bir məqam da var. Və bir də hər cür şübhələnmək üçün ünvanı unutmamaq lazımdır. Yəni, bura Azərbaycandır. Sapı da özümüzdəndir, baltası da. ə

TƏQVİM / ARXİV