AXSAYAN YERiMiZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
25312 | 2007-05-03 22:43
Yazıya özümdən başlamaq istəyirəm. Son vaxtlar iş elə gətirib ki, demək olar hər gün həkimlərlə təmasda oluram və hər gün də yeni bir xəstəliyin adını öyrənməklə yanaşı, həm də təzə bir dərmanın da mövcudluğundan xəbər tuturam. Amma di gəl ki, nə o xəstəliklər tükənib qurtarır, nə də ki, o qəttəzə dərmanların nə isə bir faydası olur. Babalı deyənlərin boynuna, eşitdiyimə görə, xarici adı ilə bizə sırınan bütün təzə dərmanları elə daxildə, yəni Bakımızda, hansısa zirzəmilərdə hazırlayırlar. Ona görə də gün işığına çıxan kimi keyfiyyətini itirir. Doğrudur, hərdənbir zəhərlənmə, əks təsir və s. kimi fəsadlar da baş verir, amma bu hələlik o qədər də böyük dairəni əhatə etmədiyindən mən də üstündən hələlik sükutla keçirəm...
   
   Bu gün cəmiyyətimizin elə problemləri var ki, onları qabartmaq və yaxud sadalamaq üçün həm xeyli vaxt, həm də aşağısı bir qəzet səhifəsi gərəkdir. Oxucuların hansı psixoloji durumda olduğunu nəzərə alaraq etiraf etməliyəm ki, bu gün kobud ifadə etsəm, "palaz-palaz" yazıları oxumağa heç kimdə nə o qədər səbir, nə də həvəs var. İkincisi, həmin yazıların doğuracağı effektin də sual altında olması böyük yazıların qarşısında elə özü boyda da sual işarəsi qoyur. Ona görə də birbaşa mətləbə keçmək və bizim axsayan yerimizdən danışmaq istəyirəm...
   
   Hansı məclisdə söz düşürsə, dərhal hamı problemləri sadalamağa başlayır və deyir ki, mətbuat buna reaksiya vermir. Həmin fikrin üstündən yel keçməmiş, ardınca onu da vurğulayırlar ki, əşi, bu qədər də qəzet olar?! Bildiyiniz kimi, dünən Azad Sözün bayramı idi. Və həmin o azad sözün verdiyi imkanlar əslində problemi sadalayan insanlar üçün də bir azad fikir meydanı açmışdır. Bax, elə o meydandan çıxış edib hər kəs öz içində olanları dilə gətirirdi. Və qəribə burasıdır ki, budaqda əyləşib budağı kəsənlər kimi, hər iki məqamı da bizlər dilə gətiririk, yəni cəmiyyət bunu vurğulayır. Bilmirəm, fərqinə varırsınız yoxsa yox, həm problemlərdən danışırıq, həm də qəzet bolluğundan. Bildiririk ki, söz kəsərdən küsüb, qəzetçilik bəzən reketçiliyə, sözçülüyə, təhqirə çevrilir. Amma bütün bunları deyə-deyə də həm də qəzetdən umuruq ki, niyə yazmır, niyə demir?...
   
   Bəli, qəzet cəmiyyətin güzgüsüdü, yazır, göstərir. Amma bu güzgüdə hər kəs özünü necə görür, bu artıq təkcə qəzetin problemi deyil, bu həm də cəmiyyətin öz intellekt problemidir. ?örünür, bizim özümüzün özümüzə başımız o qədər qarışıb ki, ağrılarımız bizi o qədər üstələyib ki, axsayan yerimiz yadımızdan çıxıb. Diqqət yetirin, yazanda da günahkar sayılırsan, yazmayanda da. Deyəndə də günahkarsan, deməyəndə də. Çıxış yolu nədədir? Təbii ki, cəmiyyətin intellektində. Bax, elə o intellekt zamanın tələbləri səviyyəsinə gəlib çata bilsə, onda qəzet bolluğu özü-özlüyündə aradan çıxacaq. Səviyyə imkan verməyəcək ki, "boz qəzetlər", duzsuz sözlər insanların əsəblərinə, duyğularına təsir etsin. Deməli, bizim axsayan yerimiz birmənalı olaraq qəzetlərin bolluğu yox, intellektimizdir...
   
   Zaman bütün dərdlərin dərmanı, təbibidir deyirlər. Amma zamanı gözləmək həm də bu günü itirmək deməkdir. Odur ki, biz özümüz də özümüzün axsayan yerimizi bilə-bilə (ağrılarımızı hələ demirəm) oturub gözləsək, əməlli-başlı şikəst ola bilərik. Bu şikəstlikdən qurtulmağın yolu bəllidir. Təbabətdə çətini dərdi tapıb göstərməkdir. Əgər dərd bəllidirsə, dərmanını hansı yolla olur-olsun əldə etmək mümkün olur. Bax, belə...

TƏQVİM / ARXİV