KƏNDiR

ƏBÜLFƏT MƏDƏTOĞLU
59591 | 2007-05-01 05:07
Dünyada heç nə öz-özünə, elə-belə baş vermədiyi kimi, özü-özünə də, elə-belə də yerindən tərpənmir. Yəni mütləq bir təkan lazımdır. İstər irəliyə, istər geriyə...
   
   Bu gün dünyanın bütün təkanları - iqtisadi, siyasi, hərbi yönəltmələri ABŞ-dan qaynaqlanır. Bir növ həmin sehrli çubuq Amerikanın əlindədir. O da "erkək, bir baş" prinsipi ilə istədiyini, daha doğrusu istəyini yönəldir gah İraqa, gah İrana, gah Rusiyaya, gah Ermənistana, gah Koreyaya, gah da haralara. Sözsüz ki, bu təkanlar, yönəltmələr bəzən müəyyən müqavimətlərlə qarşılaşır. Amma buna baxmayaraq, necə deyərlər, Amerika bildiyini dədəsinə də vermir və öz işindədir. Bu da öz yerində...
   
   Bu gün hər hansı bir geyimin dəbə düşməsi, hər hansı bir dərmanın, texniki vasitənin, hətta saqqızın belə reklamı təkandan asılıdır. Bilmirəm fikir vermisiniz, yoxsa yox, insanları cəzalandırmaq üçün elektrik stulundan tutmuş, müxtəlif iynələrə qədər icad edildiyindən bir növü güllələnmə, boyunun vurulması, yəni başın kəsilməsi, dar ağacından asılma kimi unikal vasitələr yaddan çıxmışdı. Amma sağ olmamış Buş nətəri barmaq buladısa, az qala unudulub tarixin arxivinə üz tutmuş kəndir yada düşdü. Bilirsiniz də hadisə necə oldu?..
   
   Səddam Hüseyni asdılar və bu asmaq görüntüləri də telekanallar vasitəsi ilə dünyaya yayıldı. Nə baş verdi? Dünyanın neçə-neçə ölkəsində, hətta bu balaca Azərbaycanın bir neçə rayonunda kəndir əməlli-başlı hörmətə mindi və adamlar yaşından asılı olmayaraq başladılar özlərini asmağa. Düzdür, bunu tibb işçiləri psixoloji sarsıntı kimi qiymətləndirirlər, amma boş şeydi. ?örünür onlar öz dava-dərmanlarını satmaq üçün bu yoldan istifadə edirlər. Bir növü kəndirin paxıllığın edirlər, istəmirlər reytinq qazansın və buna görə də hay-küy salırlar. Amma boş şeydir, arxiv kəndirə təkan verdi. Öz keçmiş şöhrətini özünə qaytarmağa başlayıb. İnanmırsınızsa, dükan-bazara üz tutun. ?örün ötən ilki ilə builki arasında nə qədər fərq var. Ötən bazar günü 10-15 metr kəndir lazım idi, üstündən paltar sərəcəkdilər. Yaxınlaşıb qiymətini soruşdum. Satıcı altdan yuxarı məni süzdü və bilmirəm hansı mənada isə soruşdu ki, sürüşkən kəndir lazımdır yoxsa...
   
   Bəli, görürsünüz, hər şeyin bir səbəbi var. İndi kəndirin də bazarı açılıb, işi xod gedir. Və mənə elə gəlir ki, dədə-baba qaydası, yəni kəndirə qayıtma daha məqbuldur. Ən azı, bu milli dəyərdə. Çünki kəndir nə qədər uzun olsa da (oxu:örkən- Ə.M.), gəlib doğanaqdan keçir. İndiki məqamda da doğanaq həyat durumumuzdur. Məncə, bir tükdən, bir ümiddən və minbir dərddən asılmaqdansa, günü-gündən dəyərini artıran kəndirə üz tutmaq o qədər də pis olmazdı. Axı bu kəndirdən Səddam Hüseyn asılıb.
   
   Hə, Səddam Hüseynə qalmayan dünya axırda kəndirə qalıb. Özü də gözləyə-gözləyə.

TƏQVİM / ARXİV