adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Dünyadı da, nə bilmək olar...

SAMİRƏ ƏŞRƏF
41191 | 2014-06-07 07:24
Başım mürəbbə, kompot, yarpaq bağlamağa nətər qarışdısa, bir də onda ayıldım ki, ədəbiyyat aləmi yenə dəyib bir-birinə çalxalanır.
Ümumiyyətlə bizim ədəbi mühit həmişə eləcə çalxalanır. Yəni boş-boşuna çalxalanmalar olur. Ortalıqda nə yağ olur, nə də ayran.
Ədəbiyyatdan söz düşmüşkən nədənsə keçmişi xatırladım. Bilənlər bilir, bilməyənlərə də ərz olsun ki, mənim rəhmətlik atam otuz ilə yaxın Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Öz peşəsini həddindən artıq sevən adam olub.
Yadıma gəlir biz uşaq olanda atam bizə saatlarla nağıllar danışardı. Biz böyüdükcə nağıllar da dastanlarla əvəz olunmağa başladı. "Koroğlu" dastanını mən başdan sona qədər atamdan dinləyib, öyrənmişdim. Rəhmətlik əhvalatı o qədər gözəl nəql edirdi ki, dəfələrlə Koroğlunun Nigarına paxıllığım tutmuşdu.
Dastanın bir hissəsində Koroğlu hansısa bir igidə qol gücünə yox, silah gücünə məğlub olur. Silahın nə demək olduğunu ilk dəfə bilən Koroğlu isə təəssüflə deyir: Silah çıxandan sonra mərdlik batdı.
Ola bilər ki, əhvalatı olduğu kimi nəql etməyim. Səhvim olsa, gərək keçəsiniz. İyirmi beş ilin söhbətini edirəm.
İndi Koroğlunun sözü olmasın, məncə də iki gündü bizim ədəbi mühiti çalxalandırmağa qadir olan məlum "zəka" ədəbi mükafatı təsis olunduqdan sonra bizim yazıçıların da kitabı bağlandı.
Ona görə bağlandı ki, daha bu qədər də ağ olmaz. İndi adamın pulu, toyu çox olanda belə edər?
Allah google saytını çıxardanların canını sağ eləsin. Adını ilk dəfə eşitdiyim "zəka" mükafatının təsisçisini googledə arayıb axtardım. Əvvəl hekayə adlandırdığı yazılarına göz gəzdirdim. Daha sonra dişimi-dişimə tutub bir neçə mahnısına qulaq asdım. Hətta müğənnilik etdiyi toylara da baxdım. Amma heç nə başa düşmədim. Ən əsası isə bu qədər zıppıltının ədəbiyyatla nə əlaqəsi olmasını anlamadım.
İndi işdi də olanda olur. Zəka Vilayətoğlu ola bilsin ki, bizim çətin güzəra düşmüş ədəbiyyatımızın bu gününə yanmağa çalışan adamdı. İstəyir ki, cibində qəpik-quruşla gəzib, dolaşan yazıçılara, şairlərə həm pul qazandırsın, həm də yaradıcılıq üçün stimul versin. Çox əcəb, çox gözəl. Amma mükafatın adının niyə Zəka qoymağını ədəbi cameə heç vaxt ona bağışlamayacaq. Nöşün ki, adama deyərlər başına ad qəhət olub?! Necəki deyirlər.
Zəka bəy, təbii ki, zəka sözünü öz adı ilə yox, ədəbiyyatın adı ilə bağlamağa çalışıb. Yəni burda bəxti üzünə bir azca gülüb. Məsələn, allah eləməmiş nə vaxtsa pullanıb, eləsəm və mükafat təsisi etmək fikrinə düşsəm, heç vaxt həmin mükafata Samirə adını verə bilmərəm. Adımın açmasının ədəbiyyatla, biliklə heç bir əlaqəsi yoxdur. Üstəlik də Babək Xürrəminin edam olunduğu şəhərin adı da Samirə olub. Vay-vay.
Amma Zəka bəy, deyir ki, mən mükafata öz adımı yox, elm, nur, zəka anlamı daşıyan bir ad vermişəm. Görürsünüz siz allah. Siz də az qalırsınız ki, əlinizə "Zəka Vilayətoğluna ölüm" yazılmış plakatlar alıb şəhərin canına düşəsiniz.
Birdə ki, mükafatın təsisçisi müğənni, şair, yazıçının dağdan ağır münsiflər heyəti var. Münsiflərdə olan hər üç nəfər ədəbiyyata azdan-çoxdan bələd olan adamlardılar.
Daha burdan o tərəfə nə deyib, nə danışasan. Ən yaxşısı oturub gözləməkdi. Görək bu işin axırı necə olub, harda qurtaracaq. Birdə gördünüz ki, bu gün Zəka Vilayətoğluna güllə atanlar sabah həmin müsabiqənin qalibi oldular. Dünyadı da nə bilmək olar.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV