adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Yozulmayan yuxular

XURAMAN HÜSEYNZADƏ
28812 | 2014-06-07 06:57
Yuxuların real həyatla əlaqəsi haqda fərziyyələr də var, elmi sübutlar da. İnsanı telepatik idarə edən yuxular haqda Vikipediyadan nəyisə "copy" edib yazmağa, yaxud əzbərləməyə ehtiyac yoxdu. Elə bu gecə gördüyüm və yoza bilmədiyim bir yuxunun diktəsilə yazıram bu yazını...
"Yuxu" filmini xatırlaya bilərik: Əlabbasın yuxusu başına bəla olur. Yaşayacağımız hadisələrin yatarkən bizə əyan olması haqda düşünəndə ilk öncə Raskolnikovun Marmeladovun ölümünü yuxusunda görməsi yadıma düşür. Dostoyevski "Cinayət və cəza"da Marmeladovun at arabasının altında qalıb ölməsi səhnəsini əvvəlcə Raskolnikova yuxusunda əyan edir: Mikolka atı döyə-döyə öldürür. Raskolnikovun atası Mikolkanın bu vəhşiliyini içkili olması ilə əlaqələndirir.
Bir müddətdən sonra Marmeladov içkili halda at arabasının altında qalıb ölür.
Bəzən yuxuda gördüklərimizdən qorxub ayılırıq. Gördüyümüz qorxulu hadisələrin baş verəcəyindən ehtiyatlanırıq. Tədbirli oluruq. Soğan dişləyib atırıq. Yuxumuzu suya danışırıq. Az qala hər birimizin evində "Yuxuyozmalar" kitabı var. Açıb vərəqləyirik, gördüklərimizi yozmağa çalışırıq. Məsələn, bizim evdəkilər çox vaxt gördüyü yuxuların yozumu ilə günə başlayır.
Bəzən də sevinirik. Qan görürük, deyirik ki, qovuşmaq anlamındadı. Kimsə gələcək. Yuxudan qopub intizara könül veririk. Uzun saç, ilan görürük, deyirik, uzaq yoldu, gələn olacaq. Gözlərimiz yollara dikilir, ümidimiz asılır telefondan.
Bir də var, yoza bilmədiyimiz yuxular...
Torpağa əmanət etdiyimiz bir doğmamızı yuxuda görürük, elə bilirik, sağdı. Yuxuda elə sevinirik ki! "Kaş belə yuxuların sevinci sabahın günəşində əriməyəydi" deyirik... Amma oyanmalıyıq. Və bilməliyik ki, bu, sadəcə bir yuxuymuş... Kədər bürüməlidi üzümüzü. Sevincimiz o qədər qısa olmalıdı ki!..
Yazmışdım. Əmimin 29 yaşlı oğlunu bu ilin fevralında mənasız bir mübahisə üstündə iki cahil gənc qətlə yetirdi. İlk bıçaq zərbəsini qolundan vurmuşdular. Mərhumun bacısı bir dəfə ağlaya-ağlaya dedi: "Yuxuma gəldi gecə. Həmin qolunu göstərib dedi ki, bacı, qolum yaman ağrıyır..."
Bir müddət öncə baş vermiş bu hadisəni bu gecə yuxuda gördüm... Bacısı ağlaya-ağlaya qardaşından danışırdı.
Bilmirəm, bu yuxunu necə yozum...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV