SÜLEYMANA QALMAYAN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
39866 | 2014-06-07 06:33
Səhərin gözü yenicə açılıb. "Azərbaycan" nəşriyyatında həyat da öz axarına doğru istiqamət götürüb. Elə bizim 6-cı mərtəbədə də yavaş-yavaş addım səsləri eşidilir. Əməkdaşlar bir-bir iş otaqlarına yaxınlaşır, səs-küylü açarlarla qapıları açırlar. Mən dəhlizdə dayanıb işə gələn əməkdaşların çöhrələrinə baxıram. İnanın, əlimi ürəyimin üstünə qoyub and içərək deyərəm ki, heç kimin gözünün dibində sevinc görmürdüm, hamı qayğılıydı. Bilmirəm, bu yuxusuzluqdan, hava şəraitindən, yoxsa başqa bir səbəbdən idi.
Bax, belə bir ovqatla görüşürəm iş yoldaşlarımla. Və hər kəs də artıq adətə çevrilmiş, bir növü gündə təkrarlanan suallarla bir-birinin halını soruşur. Elə bil bir köhnə səs yazısı təkrarlanır. Sadəcə, bu səs yazısı hələ ki, canlıdı. Yəni salamlaşanlar, hal-xoş edənlər ayaq üstədilər, nəfəs alırlar, hərəkət edirlər, hanısısa bir işin qulpundan tuturlar. Ona görə də təkrarlanan səs yazısı adamı bezdirmir. Səbəb də əvvəldə dediyim kimi, bu səsin içərisində həyat əlamətlərinin olmasıdı. Çox maraqlıdır ki, bunu təkcə mən hiss etmirəm, mən dəyərləndirmirəm. Elə hamımız bunu bu və ya digər formada yaşayırıq və bu yaşamın içərisində yazılmasa da qəbul olunmuş bir qanun var. O da suyu sıxılmış qupquru, necə deyərlər, başa vursan baş yarar bir meyvəyə, lap elə narın özünə bənzəyir. Həmin qanuna görə, dünya beş gündü, çalışmaq lazımdır ki, yola verəsəng Bu yerdə pauza etmək zərurəti yaranır. Əcəba, görəsən biz dünyanı yola veririk, yoxsa dünya bizi? Köklü məntiqlə yanaşanda dünya bizi yola verir. Amma ovqata söykənən məntiqlə yanaşanda arada biz də dünyanı yola veririk və beləcə, bir-birimizin çiynində həmin o beş günü yaşayırıq...g
Bütün bu girişdən sonra yazımın başlığına çıxardığım mətləbin üstünə gəlirəm, özü də bir az dolayısına. Çünki söylədiklərim, daha doğrusu, yazdıqlarım mənim üçün son dərəcə gerçək həqiqətlərdi, yəni yaşadıqlarımdı, görüb şahidi olduqlarımdı. Bax elə mən də həmin o görüb, eşidib, şahidi olduqlarımdan başlayıram...
Hələ kəndimiz-kəsəyimiz yerində idi... hələ müharibənin, evsizliyin heç sözü-söhbəti də getmirdi. Loru dildə desəm, qurdla quzu bir otlayır, adamlar "səhər naxıra, axşam axıra" prinsipini heç yadlarına da salmadan ümumi bir axında, sovet terminologiyası ilə desəm, ictimai və birgə yaşayışın dadını çıxarırdılar. Hamı işə tələsir, hamı nahar fasiləsinə çıxır, hamı məzuniyyət, istirahət, nə bilim, 13-cü əmək haqqı, mükafat və sairə barəsində ortaq bir düşüncəni bölüşürdü. Bu da iş dalınca qaçmaq, çörək qovmaq. Harda dayanıb günəmuzd iş gözləmək söhbəti demək olar ki, mövcud deyildi. Biz bunu daha çox tarix dərslərindən, tarixi günlərdən görüb bir az təəccüb, bir az təəssüf, bir az da nifrət hissi ilə baxırdıq. Lakin bütün bunların içində insanların hansısa xırda nüanslar üzündən bir-birinə xoş getməyən addımlar atması yaşlılara, böyüklərə təsir edir və onlar da ağsaqqal zəhmiylə, kəsəryilə və bir az da ərkiylə həmin sözləri düz gəlməyən kəslərə irad tuturdular:
- Bala, bu dünya Süleymana qalmayan dünyadı. Bizə də, sizə də heç nə qalmayacaq. Çalışın dil tapın, bir-birinizi yola verin. Axirətdə görüşəndə utanmayasınız...
Doğrusu, yanaşma, bu tərbiyə üsulu mənə çox gülməli, hətta primitiv görünürdü. Öz-özümə deyirdim ki, bu ağsaqqallar hardan bilirlər ki, bu dünya heç kimə qalmayacaq... hardan bilirlər ki, bu insanlar axirətdə görüşəcəklər.
İndi həmin o məsləhətləri, sözləri xatırlayıb özümün primitiv düşündüyümün, özümün söylənilən kəlamlardan vaxtında baş aça bilmədiyimin fərqinə varıram. Görürəm ki, həmin o ağsaqqallar çox mətləbləri bizdən və çoxlarından gözəl bilirlərmiş, hətta Türkmənbaşından da gözəl bilirlərmiş. Oxuduğunuz bu ad sizi təəccübləndirməsin. Axı Türkmənbaşı elə-belə kişilərdən olmayıb. O, dövlət başçısı, hökm sahibi və sairə və ilaxirəyə əli, gücü, nüfuzu, üstəlik digər təsiredici imkanları olan səlahiyyətə malik bir şəxsiyyət kimi həm öz xalqının, həm də MDB-nin tarixinə düşübdü. Ancaq...
Bax, bu yerdə həmin o mətləbi açmaq istəyirəm. Demək istəyirəm ki, bizim kəndin müdriklərinin söylədikləri Süleymana qalmayan dünya barəsində sən demə, Türkmənbaşının məlumatı yox imiş. Əgər olsaydı, özünə o cah-cəlalı düzəltməzdi, özünə qızıldan abidə yapdırmazdı, daha nələri, nələri etməzdi. Bir normal, özünə və ailəsinə, nəslinə və nəcabətinə kifayət edəcək şəraitdə həm xalqına, həm dövlətinə, həm öz ətrafına, həm də elə bütün dünyaya gərəkli xidmət edərdi. Təəssüf ki, hər şeyi bilən bu Baş nədənsə dünyanın Süleymana qalmadığını bilməyib...
Yeri gəlmişək, mən hərdən öz-özümə fikirləşirəm ki, görəsən bu Süleyman özü kimdi? Əgər Fateh Süleymandısa, bəli, dünya ona qalmayıb... Peyğəmbər Süleymandısa, dünya ona da qalmayıb. Bəs onda bu fikir hardan yaranıb? Süleyman kimdi? Bəlkə bu şərti ad bizim hamımıza aiddi. Axı dediklərimdən çıxış etsək, son nəticə budur ki, beşgünlük dünya bizə də qalmayacaq...
Hə, bax elə bunu demək istəyirəm, yəni özümə yaxın, doğma olan insanlara üzümü tuturam. Uzun illərdi tanıdığım, çörək kəsdiyim, necə deyərlər, həyatın çox üzünü birgə gördüyüm məmur dostlarım, biznesmen əzizlərim, səlahiyyətli doğmalarım... kəsəsi, əlində möhürü və maddi imkanı olan insanlar... Yəqin ki, siz də eşitmisiniz, siz də bilirsiniz ki, dünya Süleymana qalmayıb. Əgər eşitməmişdinizsə, yəqin ki, xəbəriniz oldu. Dünya Türkmənbaşına da qalmadı... lap ondan öncə Stalinə, Berejnevə, sonra Qəddafiyə, Səddama... Bəli, deməli, sizlər də düşünməyə məcbursunuz, təbii ki, vaxt tapanda. Axı sizlər heç adlarını sadaladığım tarixi şəxslərin malik olduğu səlahiyyət və imkanın birdə birinə malik deyilsiniz. Odur ki, ətrafa baxın, baş verənlərdən örnək götürməyə və yaxud da gecələr özünüzə hesab verəndə "dünya mənə də qalmayacaq" məntiqinə bir qapı açın. O qapıdan üzünüzə meh toxunsun...
Bütün bunlar nəsihət deyil və mənim kimlərəsə nəsihət etmək haqqım da yoxdu. Sadəcə, sizələrə baxmış mənim boş vaxtım daha çox olur. O vaxtı öldürmək üçün, o vaxtı doldurmaq üçün oturub bu cür məqamları düşünürəm, bu cür deyimləri ürəyimə, iç dünyama yaxın buraxıram. Və sonra da görürəm ki, bu dünya heç kimə qalmayacaq. Böyük Məmməd Araz demiş, bu dünya heç kimindi. Bizə isə bu dünyanın heç kimin olduğunu anlamaqla bahəm, bir-birimizi sevmək, bir-birimizi dəyərləndirmək, bir-birimizin qolundan tutumaq daha çox gərəkdi. Çünki:

Mən dünyaya ümidin
İşığında gəlmədim.
Taleh payı çəkilən -
Qaşığında gəlmədim...

Dərd, qəm üçün doğuldum -
Meydanda təklənməsin...
Hər ötəri baxışdan -
Diksinib şəklənməsin...

Çiynimi yük altına
Könlümü sözə verdim...
Mən canımın odunu -
Qaralan közə verdim...

Ümidin ətəyinə
Ümidlilər əl atdı...
Allah mən bəndəsini -
Sevmək üçün yaratdı!

***

Bugünlərin söhbətidi. Bir dostun qapısını döydüm. Özüm üçün yox, başqa bir dost üçün. Rica edəcəyim iş də sadəcə, dostlar arasında su içmək kimi bir şey idi. Bir az da çılpaqlasam, hansısa bir vərəqi diqqət çəkən yerə qoymaq lazım idi... Və mən də həyatım boyu heç bir təmənna güdmədiyim həmin o dostun qapısını təmiz ürəklə, ərklə, təmənnasız getmişdim. Tərəflərin ikisi də bir-birini gözəl tanısa da, sadəcə, biri mənə o birisinin yanına xahişə göndərmişdi. Və bəhanəsi də bu olmuşdu ki, istəmirəm aramızdakı pərdə götürülsün...
Mən də yazı-pozu adamı, elə yazı pozu havasıyla da həmin o qapını döydüm. İnsafən, həmişəki səmimiyyətlə qarşılandım, axıra kimi dinlənildim və sonda...
Bax, bu yerdə yenə dünyanın Süleymana qalmadığı fikri beynimdən gəlib keçdi. Bir anlıq dostumun əyləşdiyi kresloya baxdım. Stolun üstündəki rəngbərəng telefonları gözdən keçirdim, çay gətirən ədalı katibəyə lütfünü hiss etdim və...
Bütün bunların bir qədər əvvəl başqa bir insana aid olduğunu, həmin kresloda başqa birisinin əyləşdiyini, həmin katibənin başqa birisinə təbəssüm bəxş etdiyini düşünə-düşünə otağı tərk etdim. Qapını arxamca örtərkən dönüb həmin dostumun gözlərinin içinə baxdım, o da mənə baxdı. Baxışlarından oxudum ki, o məni anlamayıb, ona niyə baxdığımı dərk etməyib. Çox təəssüf...
Xeyli vaxtdır ki, həmin o məqam nə yadımdan çıxmır, nə də gözlərimin qarşısından çəkilib getmir. Eləcə Mirzə Fətəli Axundovun məşhur əsərlərinin birində işlədilən "meymunu yadınıza salmayın" fikrinin oxşarı olan bir durum məni tərk etmir. Yəni dünyanın həmin dostuma da qalmayacağını ancaq onun bunu anlamadığını və yaxud da anlamaq istəmədiyinə dair düşüncələr məndən əl çəkmir. Hara gedirəmsə, hansı işi görürəmsə, o fikir pərvanə kimi başıma fırlanır. Məhz belə bir məqamda köməyimə yenə misralar çatır.

Bir təzad var - yoz bir baxım
Əyrisin, düzün tanıyım.
Sən arada göz vur, baxım -
Dünyanın üzün tanıyım...

Döndükcə balım zəhərə
Batıram qəmə, qəhərə.
Gecədən çıxıb səhərə -
Bir yolun, izin tanıyım...

Boşalır ev də, pətək də
Üstümə hürür köpək də.
Tütmuşam, əlim ətəkdə -
Kaş Onun özün tanıyım!

Bəli, biz nə qədər ki, kreslonun, maddi nemətləri, səlahiyyəti və sairəni özümüzdən üstün, özümüzdən, yəni mənəviyyatımızdan dəyərli bilir. Ona səcdə ediriksə, onda dünyanın Süleymana qalmadığının fərqinə varmayacağam. Görə-görə gəlsək də, görən gözümüz tutulacaq. Bəlkə bir anlıq əl-üzümüzə su vuraq gözümüz açılsın......

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV