ÇƏTİN GÜN

FAİQ QİSMƏTOĞLU
31863 | 2014-06-07 05:38
...İstər şah ol, istərsə də padşah, nə vaxtsa sənin mütləq çətin bir günün olmalıdır. O çətin gün elə bir şeydir ki, nə vaxtsa insanın qapısını döyür, içəri girir və sənin qonağın olur...
Mənim bir dostum vardı, rəhmətə gedib, Əhliman həkimi deyirəm. Çox müdrik, ağıllı və uzaqgörən bir ziyalı idi. Həmişə deyərdi ki, dərd qapını döyəndə, çətinlik sizi yaxalayanda səbirli olun, qapını da, pəncərəni də açıq qoyun, qoy gəlsin girsin içəri və nə vaxt istəyir o vaxt da çıxıb gedəcək. Əgər səbirli olub onun "nazı" ilə oynasan, tezliklə çətin vəziyyətdən çıxa biləcəksən.
Bayaq dedik ki, çətinlik hər bir adamın qarşısına çıxa bilər, amma sadəcə olaraq onu dəf etməyi və özündən uzaqlaşdırmağı bacarmalısan. Ailə qurandan sonra nə az, nə çox səkkiz il kirayənişin qaldım. Özü də atamın çox böyük imkanı ola-ola. İstəmirdim ki, atamın minnətini götürüm, mənə ev alsın və gözü kölgəli olum. Hər şeyə öz zəhmətimlə, alın tərimlə nail olmağa çalışırdım. Həyat yoldaşım da işləyirdi. Ancaq ən ağır gündə, ən çətin gündə nə o, nə mən maddi sıxıntımızı və ehtiyacımızı heç kimə deməzdik.
Bir dəfə elə oldu ki, payız mövsümü gələndə köhnə plaşımın astarını dəyişmək üçün dərziyə verdim. Dərzi dedi ki, təmir pulu 15 manat eləyir. On gün keçdi, iyirmi gün keçdi, artırıb o 15 manatı dərziyə verə bilmədim və o plaş da elə dərzidə qaldı. Və bir daha ora getmədim.
Bu epizodu yada salmaqda məqsədim ondan ibarətdir ki, indi ailə quran gənclər çətinliyə dözə bilmirlər. Biz o vaxtı hər cür çətinliyə dözdük, çörək də qazandıq, ev də aldıq, oğul-uşaq və nəvə sahibi də olduq. Zəhmətlə yeyilən çörəyin dadı heç vaxt adamın damağından getmir.
Bu günlərdə yaxın qohumlardan birinin ailəsində problem yaranmışdı. Problem də ondan ibarət idi ki, qız həyat yoldaşının mobil telefonunda kimdənsə gəlmiş mesajı görüb. Elə bundan sonra da dığ-dığ, dedi-qodu, söz-söhbət səngiməyib. Hər gün evdə qızın anası, atası, qardaşı, dayısı gəlib oğlana hədə-qorxu gəlirmişlər. Deyirmişlər ki, utanmırsan ailən ola-ola kiminləsə oturub-durursan. O da and-aman edir ki, vallah, tanımadığı bir adamdan mesaj gəlib. Bəlkə elə kimsə qəsdən ailəmizi dağıtmaq üçün bu işi görüb.
Qızın nə anası, nə atası, nə də dayıları ipə-sapa yatmayıb. Oğlana deyib ki, sən qızdan üzr istəməlisən. Oğlan da üzr istəyib, amma bir neçə gündən sonra vəziyyət daha da qəlizləşib, yəni it yiyəsini tanımayıb. Oğlanın üstünə hücum çəkən qızın qohumları deyib ki, yenə gecələr evə gec gəlirsən, orda-burda veyillənirsən. Yenə oğlan and-aman edib bildirib ki, mənim işim belədir ki, gec çıxıram, sonra da gəlib dostlarımla çayxanada çay içirəm. Hələ bir dəfə də olsun evimin heç bir maddi problemi, sıxıntısı, çətinliyi olmayıb. Həmişə bazarlıq etmişəm, iki uşağıma ürəkləri istədiklərini almışam və həyat yoldaşımı da sevindirmişəm.
...Dığ-dığ yenə bitməyib. Qızın ata və anası gündə oğlana bir sifariş göndəriblər. Deyiblər ki, çox o yan-bu yan eləməsin, onun başına olmazın oyunlarını açarıq, sonra da ilim-ilim itirərik.
...Bu söz-söhbətdən sonra oğlan yeni tikdirdiyi üçotaqlı mənzildən pencəyini götürüb çıxır. Elə o vaxtdan da aləm bir-birinə dəyir. Qızın ata-anası səhv elədiklərini anlayır və başa düşür. Ancaq hər şey gec olur, oğlan evə qayıtmır ki, qayıtmır. Bildirir ki, yenə uşaqlarıma baxacam, bazarlıqlarını eləyəcəm, əyin-başlarını alacam, amma o evə geri dönməyəcəm.
Bax belə qayınata, qayınana və gəlinin hikkəsi üzündən bir mehriban ailə dağılmaq üzrədir. İndi oğlanın ağsaqqalları onu yanına çağırıb dilə tutur ki, evinə, balalarının yanına dönsün, o da iki ayağını bir başmağa dirəyib deyir ki, mən bir də ora qayıdan deyiləm...
İndiki gənclərin ailələrinə istər qayınata, istər qayınana, istərsə də digərləri burun soxurlar. Elə bunun nəticəsidir ki, son vaxtlar boşanmaların sayı kəllə-çarxa qalxıb. Birinin evi olmur, həyat yoldaşı güc-bəla ilə evini dolandırır, gəlin isə deyir ki, gərək mən dəbdəbəli evdə yaşayam. Heç olmasa qızın valideynləri övladlarını başa salmır ki, balam, çox zilə qalxma, çətinliyin ömrü gödək olar. Elə bunu deməyən valideynlər sonradan da gənc ailənin dağılmasına və ayrılmasına zəmin yaradırlar.
İndiki gənclərin birinin sözü o birinin boğazından keçmir. Heç bir-birinə güzəşt eləmək belə istəmirlər. Tərslikləri tutanda o yoldan dönməyə maraqları olmur. Çünki ağsaqqalsız, böyüksüz ocaqlarda gənclərə düz yol göstərilmir. Biri qızına haqq qazandırır, o biri isə oğluna. Nəticədə daş qayaya rast gəlir, axırı da çox pis qurtarır.
Çətinlik yazımızın əvvəlində qeyd elədik ki, kimliyindən asılı olmayaraq hamını yaxalaya bilər. Səbirsizlər, dar düşüncəlilər, uzağı görməyənlər buna dözə bilməyib quyunun içinə düşürlər. Sonra da o quyudan bu cavanları çıxaran tapılmır ki, tapılmır. Amma bir balaca zəhmət çəkən, çətinliyə dözən, səbri olan gənclər özlərinə inanır, bir-birilərinə hörmətlə yanaşır və nəticədə də gözəl ailə sahibi olurlar. Gənclər, bir az səbrli olun, bir az dözümlü olun. Hər söz-söhbətə, hər müdaxiləyə görə ailənizi dağıtmayın, çünki o dağılan ailələrdə körpə uşaqların heç bir günahı yoxdur. Bəlkə o körpələrin xətrinə sıxıntılara üstün gələsiniz və evinizə dönəsiniz!..

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV