adalet.az header logo
  • Bakı 13°C

HAJAN BƏKİROV

MƏMMƏD DƏMİRÇİOĞLU
30464 | 2014-06-07 02:46
İncə Dərəsinin yaddaşlarda yaşayan elə maraqlı insanları olub ki, onlar bu elatın keçmiş dəyərlərinin özülünü təşkil etmişlər. Və mən, imkanım daxilində onların xatirələrdə yaşayan əməllərini, keyfiyyətlərini, igidlik və müdriklik nümunəsi olan həyat yollarını qələmə alıb, obrazlarını mənzərə şəklində gerçəkləşdirərək gələcək nəsillərimizə ərməğan etmək amacındayam.
Bu silsiləyə daxil olan kişilərdən biri də Hajan Bəkirov olmuşdu. O kəndimizə sədr təyin olunanda, cəmisi 26 yaşı var idi. On ilə yaxın kəndə rəhbərlik edən bu maraqlı insan, ondan əvvəl yaşayıb, bu kəndə rəhbərlik etmiş Süleyman kişinin, Şair Cəlilin və digər urvatlı el ağsaqqalarının ənənələrini davam etdirmiş, özəl xarakteri və əsil Türk kişilərinə məxsus mərdi-mərdanə hərəkətləriylə adını elin yaddaşına möhürləmişdi.

ÇAYQOŞAN ƏHVALATI

Yenə el yaylaq köçünə hazırlaşırdı. Camaat yır-yığış edir, arabaların təkərləri yağlanır, köhlən atlar Qaleçi Nəbinin çəkicinin altından keçib nallanır, tükləri bozarmış quzular sürülərdə dəstələnir, ağzı qara qplan itlərin boyunlarına polad iynəli xış bağlanır, dağa hazırlaşan uşaqların sevinci aşıb-daşırdı.
Kolya (adı bəlli Kəhər atın mehtəri. Bu ati ancaq Hajan minə bilirdi.) kəhər atı Qaleyçi Nəbinin hyətinə endirdi. Toylarda bütün nəmərləri alan bu atın həmişə ağzı göynən gedər, bircə an belə sakit durmaz, daim ayaqları ilə yeri eşər, fınxıraraq saçaqlı yalmanını sağa-sola yellədərdi.
Atın xasiyyətini bilən Qaleyçi Nəbi, üzünü Kolyaya tutub:
- Bunun burnunu eşməsəm saxlaya bilməyəcəksən.- deyib, kəhər ayğırın burnunu xüsusi irəşmə və qisa kəsilmiş ağacla burdu, üzəngisini dartib, əyilmiş boynunu yəhərin qaşına bağladı. Eşilmiş burnunun ağrısı onu Həbi kişiyə təslim etdi. Atın fağırladığını görən Həbi kişi, əliylə dal ayağının dirsəyindən vurdu. Təkcə Nəbi kişiyə təslim olan kəhər itaətlə ayağını qatladı, Kolya atın ayağını irəli verdiyi dizinin üstünə qoyub Qaleyçi Həbinin tapşırıqlarını gözlədi. Nəbi kişi kəhərin quyruğuna bağladığı kəndirlə onun geriyə qarlanmış ayağını xüsusi qaydada möhkəmcə bağlayıb, kəndirin uçunu Kolyaya verdi. O bu üsulu ona görə tətbiq etdi ki, dəlixay kəhər şulux salanda Kolyanı cəhənnəmə vasil etməsin...
Artıq el yaylağa köçmüşdü. Sədr Hajan, Kənd Sovetinin Sədri İspalkom Əfəndiylə at belinə qalxıb yaylaq səfərinə çıxdılar. Əhməd Əfəndinin təkidinə baxmayan sədr: "Əhməd Əfəndi, gəl bu dəfə vilislə yox, atla qalxaq yaylağa. Kəsə yollarla maşından da tez çatacağıq"-deyib, onu atla səfərə çıxmağa razı salmışdı. Təzəcə nallanmış atların ayaqları altında xırçıldayan yol daşları sağa-sola səpəlnir, başı göylə əlləşən Kəhər at uçmağa qanad kəzirdi.
Rəhbər işçilərin işi çox ağır idi. El yaylağa köçəndə, onlar həm yaylaqdakı, həm də arandakı təsərrüfatın qayğısına qalırdılar, te-tez dağa qalxır, arana enirdilər.
İspalkom Əfənd, ( adı Əhməd olmasına baxmayaraq çox zaman onu soy adı ilə çağırırdılar) Hajandan böyük və həmdə ağır taxtlı, batman gəl olduğundan, sədr ona hörmətlə yanaşır, xətrini çox istəyirdi.
Qeyd edək ki, Əhməd Əfəndi uzun illər kəndin Sovet Sədri işləmişdı. Dolu bədənli, tökmə boylu, sarı bənizli, ala gözlü bu kişinin zəhmindən hamı çəkinirdi. Elə erkən yaşından ipə-sapa yatmayan oğlu Ağamalı,- Ağamalı Sadiq Əfəndi də təkcə atasının zəhnindən çəkinirdi.
Hajan gil, Çayqoşanda binələnmiş yurd yerində bir neçə gün qalıb, sonra Sarıbulağa, Armudduya, Göy dağa, Quzu dağına səfər edərək camaatın güzaranıyla tanış olmalıydılar.
Sədrin gəlişi münasibətiylə "Saldat bulağı"-nın üstündə böyük bir məclis qurulmuşdu.
"Saldat Talası" Çayqoşanın sağ tərəfindəki meşəliyin ətəkləri idi. Həmin talanın ətəyindən qaynayan bulağa da "Saldat bulağı" adı vrmişdilər. 1918-ci illərdə Türk qoşunları Azərbaycana gələrkən, burada ermənilərlə döyüşmüş və bir şəhid vermişdi. Həmin şəhidin adını əbdiləşdirən İncəlilər, o vaxtdan buranın adını belə çağırmışlar.
Məclis, əhli hallar məclisi idi. Qara qoç kəsilib görüc ağacının budağından asılmışdı. Hamı bilirdi ki, sədr ancaq qara qoç əti yeyir. Ona görə onun gəlişinə başqa heyvan kəsilməzdi.
Bulaqdan 20-30 addım aralıdakı iri gövdəli fısdıq ağacının altı yamyaşıl məxmərə oxşayırdı. Sədrin şərəfinə düzənlənmiş məclisə erməni qonaqları da təşrif buyurmuşdu. Barana rayonunun milis rəisi Markaryan Raçik, Hajanın xətrini çox istədiyindən bir neçə dostuyla onu salamlamaq məqsədiylə gəlmişdi. Raçikin sağ tərəfində oturmuş hündür boylu, enli kürəkli erməni həmin rayonun ferma müdiri idi. Boynunun əti qat bağlamış bu erməni təkcə Hjandan çəkinirdi. Hajan isə onların mehribanlığına məhəl qoymadan hər vəshlə erməni xislətlərini sındırmağa cəhd edər, həmişə də qalib tərəf olardı.
Çubuq şişlərdə qızarmış kabablar süfrəyə gətirildi. 50 litirlik palıd çəlləkdən iri buynuzlara qanqırmızı çaxır süzüldü, sağlıqlar deyilməyə başladı.
Kefi kökəlmiş Hajan, məclisdən xeyli aralıda oynaşan gəhc oğlanları Raçıkə göstərib dedi:
-Kirvə, cavanları güləşdirəkmi? - Onun məqsədi yenə erməniləri sındırmaq idi.
Raçik, bir yanında outran boynu yoğun ferma müdrinə, bir də kənardan onlara tamaşa edən uşaqlara baxıb, şeşə bığlarını qurdaladı. Erməni gəncləri ilə dostluq edən İncəli gəncləri də, həmişə Hajanın gəlişində bir yarışın olacağını bilirdilər.
Əhməd Əfəndinin yeniyetmə oğlu Yasnalı da bu uşaqların arasında idi.
Hajan Yasnalını yanına çağırdı:
-Hə, Raçik kirvə, bunun qabağına bir cəngavər çıxarın görüm.
Raçik qürurunu sındırmadan , Yasnalıdan boyca uça və dolu bədənli bir dığanı yanına çağırdı:
-Bu Türkü dığanın kürəyini yerə vura bilərsənmi?- deyib, onun kürəyinə sığal çəkdi.
Göy otun üstündə qarmalaşan gənclər bir xeyli çarpışdılar, çəmənliyi eşim-eşim eşdilər.
Qeyzə gəlmiş sədr Hajan, üzünü Sofu müəllimə tutub:
- Ayə, qarmonda bir "Cənki" çal!- deyib, Yasnalının qanını oynatmaq istədi.
Cəngi sədasını eşidən Yasnalı İlahidən güc almış kimi, erməni dığasını çiyninin üstünə qaldırıb yerə çırpdı və qizil quş kimi sinəsinə çöküb kürəyini yerə sıxdı.
Oğlunun qələbəsinə o qədər də məhəl qoymayan Əhməd Əfəndi:-"Sədr, nə mənası var bunun?"- deyib, sədri eyhamla məzəmmət etdi.
Xasiyyətcə fərqli olan Hajan, Yasnalını yanına çağırıb alnından öpdü. Şofer Vəli isə mükafat olaraq Qaz-51-in açarını ona verdi ki, get kefin nə qədər istəyir sür. Kefləri pozulmuş ermənilər özlərini o yerə qoymayıb yenə çaxırla dolu badələri Hajanın şərəfinə içdilər.
Kefi kökəlmiş Hajan üzünü Sofu müllimə tutub dedi:
- O cavannara de, pörtdəməni gətirsinlər. Sarımsaqlı qarığı da bol eləsinlər. Özün də qarmonu dilləndir görək.
Onun bütün məclisləri ağır keçər, iki illik erkəyin əti tamam yeyilməmiş, çaxır çəlləyi boşalmamış məclis səngiməzdi.
Kəndin baməzə kişilərindən biri ortalıqda deyibmiş ki, Hajan bu kolxozun sürülərini yeyib qurtaracaq. Söz qulağına çatan Hajan, həmin adamı Ceyrançölə gedərkən özü ilə aparır, iri bir erkək kəsdirib onu da süfrəyə dəvət edir. Bir neçə tikədən sonra doyan baməzə kişi əllərini siləndə Hajan dillənir:
- Holdu a köpək oğlu, ye dana.
-Doydum a sədr.
-Canın çıxacaq, mənimlə axıra kimi yeyəcəksən.
-A kişi, mən səninlə bacara bilmərəm. Sən hara, mən hara?
- Onda dilini dinməzinə qoy, elə bilirsən yeyib-içmək hər kişinin işidi?-deyib baməzə kişinin cəzasını belə vermişdi.
Doğrudan da Hajanla bir məclisdə axıra qədər oturmaq hər kişinin işi deyildi. Başı dumanlanmış Raçik onun xasiyyətini bildiyindən ehtiyatı əldən vermirdi.
Buğlanan qazanın ağzı açıldı, bozartma iri cəmlərə tökülüb süfrəyə düzüldü. Sofu müəllim qarmonu çaldıqca havalanan sədr, hərdən heykirir, Əhməd əfəndinin zəhimli baxışlarına məhəl qoymadan: "Ay ala gö, ay ala göz" deyərək nəriltiyə bənzər səslə heykirirdi.
Əlində tutduğu bud sümüyünün ətini yeyib, sümüyü Racikin yanında oturmuş yekə peysər ferma müdrinə tərəf uzatdı:
- Hansınız bu sümüyü sındıra bilərsiniz, adınızı kişi qoymusuz, oğulsunuz bu sümüyü əlinizdə sındırın.
Ferma müdiri bilirdi ki, bu sümüyü sındırmaq mümkün olan şey deyil, ona görə dedi:
- Ara, Hacan can, bu sümüyü sən sındırsan, ela mənim boynumdakı bu donuz tükünü də sındırmış olarsanş- deyib, ona kinayə etdi.
Hajan bu sözün altında gizlənən eyhamı anlayırdı. Sümüyü sındırmaqla erməniləri sındıracağını ermənilərin də etiraf edəcəklərini gözəl biliddi. Odur ki, sümüyü dizinə zərblə çırpıb sındırmaq istədi. Amma sümük sınmadı. Bundan pərt olan sədr, bic-bic gülümsəyən ferma müdrinə baxdı.
-Kirvə, bu sümüyü sındırsam, fermandan bir qara qoç gətirəcəksən. Qoçu özümüz seçəcəyik. Sındıra bilməsəm, mən iki qoç verəcəyəm, razısanmı?
-Razıyam kirvə, sən onu sındıranda mənim boynumun ardındakı o donuz tükünü də sındırarsan.- deyib yenə rişxəndlə gülümsündü.
Qanı damarlarına sığmayan Hajan :
-A Vəli, cib yaylığını mənə ver.- deyib, oz cib yaylığını dq çıxardı. Yaylıqları sümüyün hər iki başına dolayib, Sofu müəllimin üstünə bağırdı:
-Bir "Ala göz" çal!- deyib ayağa qlıxdı. - "Ala göz, ala göz"- deyərək heykirdi. Qəfil bir zərbəylə aşağıdan yuxarı sümüyü çənəsinə necə çırıpdı sa, iki bölünən sümüyün hərəsi bir əlində qaldı. Qeyzlə sümükləri ermənilərin qabağına tullayıb, gözləri bərəlmiş ferma müdrünün üstünə yeridi. Ferma müdiri tezcə əllərinin ikisini də qaldırıb": Haladı sənə Hajan can. Daha sənə sözüm yoxdu, adamını göndər fermaya."- deyib təslim oldu.
Şəstini pozmayan Əhməd Əfəndi, yenə də:- "Ay sədir, nə mənası var bunun"- deyib, yenə də onun belə hərəkətlərini bəyənmədiyini bildird.
Markaryan Raçik Hajanın bu hərəkətinə heyran qalsa da içindən bir nifrət hissi də keçdi. Hajan isə erməniləri sındırdığına görə özündən çox razı idi və şofer Vəlini yanına çağırıb tarşırığını verdi ki, fermaya gedirsən, ən iri qoçu seçib gətirirsən bura. Sonra isə üzünü ətrafda toplaşan uşaqlara tutdu:
-A cavahlar, indən belə sizin məclisiniz başlayacaq. Hay vurun, bütüb uşuqlar bura toplaşsın. Ermənilərin qoçunu siz yeyəcəksiniz.
Bayaq Yasnalıya məğlub olmuş erməni dığasına da eyni tapşırığı verdi:- Səndə erməni uşaqlarını cəm elə, erkəyi yeməmiş bir yana getməyin.
Bu əhvalatı mənə nəql edən Səməd müəllim sanki, bir anlıq o illərə qayıtmışdı:
-Dəmirçoğlu, bu hadisə baş verəndə mən də orada idim. Sürünün gözünü gətirmişdi Vəli dayım. Fema müdiri qoçu görəndə başına hava gəlmiş kimi bağırdı:- Eviniz yıxılsın, bunu hardan tapdınız?
Hajan dayım qoçu kəsdirib bizim ixtiyarımıza verdi. İnan ki, o ətrafda nə qədər adam var idi yedi, amma qoçun əti qurtarmadı.
Onun maraqlı əhvalatları çoxdu. Bir dəfə də bir məclisə girir. Görür ki, 5-6 nəfər kart oynayır. Traxtirist Qını, Ayvaz doktur, İsrafil müəllin və başqaları. Bank şişib, stuk olubmuş . Sədri görən oyunçular çaş-baş qalır, Hajan isə bankir olan Ayvaz doktura deyir ki, mənə də kart payla. Növbə ona çatanda banga bir kart istəyir. Ayvaz doktor: -Ay sədr, mənə də bir az saxla, bütün bangı vurma- deyir. Ona məhəl qoymayan sədir bir kart alıb": Özünə get"- deyir. Canını qorxu alan doktor 16-ya kart çəkir və yandırır. Bütün bangı qabağına çəkən sədr kartını ortalığa atır. Bir valeti, bir karolu görən Ayvaz doktur deməyə söz tapmayır. O pulu xışmalayır və onlara tapşırır ki, bir də qumar oynamayın. Bu sizə dərs olsun.
Ən maraqlı olanı da budur ki, günlərin birində onu işdən azad edirlər. Qardaşı ilə bir damın altında yaşadığını o zaman duyur ki, əlində - ovcunda pul qalmayıb. Sədr olduğu illərdə pulunu sağa-sola sovurub, özünə, balalarına bir kümə tikməyib. Həyat yoldaşı Pəri xanım onun bu pəjmüdrə halını görüb soruşur ki, nə olub, niyə dərd çəkirsən? Hajan qağam isə dərdini açır ki, həncəri əlim pulla oynayanda balalarıma bir kümə tikmədim, indi nəynən alacam ev-eşiyi? Pəri mamam ona təsginlik verib soruşur:- Ev neçəyədi ki? O isə: -Az, a veranın qızı, 50 min, 60 min, ninersən soruşub, ev almağa gücümüzmü çatar- deyir. Belə olduqda Pəri mamam sandığı açıb iri bir bağlamanı onun qabağına qoyur ki, bu da 60 min, get al dediyin evi. Hajanın gözü kəlləsinə çıxır ki, a Pəri, bu pulları hardan almısan? Pəri mamam da gülümsəyərək deyir ki, sən hər evə gəlib yatanda cibindən sürüşüb düşən pullardı, yığıb saxlamışamg
Söhbətlər qurtaran deyildi, vaxtın çatdığını hiss edib, sağollaşmaq qərarına gəldim. Səməd müəllim mətləbimi anlayıb sazı yenidən sinəsinə qaldırdıdı:
-Əfəndim, bir hava da Məmməd İlqardan oxuyaq, sonar sənə yaxşı yol.-deyib, sazı "Yurd yeri" havasına köklədi:

Bu dağların baxtı bir də durulmaz,
Cığırları bulaqlara burulmaz.
Həsrət-həsrət gözləməkdən yorulmaz,
Kimi gözlər köç yolları,yurd yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri".

Mən demirəm, torpaq deyir, göy deyir,
Bu həsrəti əyninə biç, gey- deyir.
Yer üzündə bir nisgil var, hey deyir:
Oğulsan sa götür məni ud, yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri".

Güllü yaylaq heydən düşüb, təklənib,
Ayğır bulaq "Kərəmi"yə kökləhib.
Kar dərənin qulaqları şəklənib,
Od istəyir ocaq yeri, od yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri".

Nə buluddu bu dağları alıbdı,
Nə xəyaldı, bu zirvələr dalıbdıə
Görən niyə tülkülərə qalıbdı,
Bu dünyada aslant yeri, qurd yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri".

Dağ nisgili dərya suyla yuyulmaz,
Nə düşünər, nə daşınar duyulmaz.
Qayaların qırışıları sayılamz,
Bu qırışlar ağrı yeri, dərd yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri".

Fəryadları ağladacaq bu fəryad,
Dağ dadacaq. Yol dadacaq bu fəryad.
Billah babam, bal dadacaq1 bu fəryad.
Təki sazın fəryadıyla ört yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri".

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV