DüNƏNiN çERNOBILI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
24988 | 2007-04-26 23:37
Yaşlı nəsil xatırlayar, SSRİ deyilən bir məkanda dövrünə görə ən böyük faciələrdən biri sayılan Çernobıl qəzasının baş verdiyi vaxtdan xeyli müddət keçibdir. Amma keçən bu illərin təkcə xatirələri yox, həm də buraxdığı izlər, açdığı yaralar hələ də sağalmayıb. Hadisə baş verən zaman Sovet ailəsinin bir üzvü olan Azərbaycan da təbii ki, qəzanın nəticələrini aradan qaldırmağa cəlb olundu. Bu gün rəsmi məlumatlara görə, Azərbaycanda 4689 nəfər Çernobıl əlili yaşayır, üstəgəl bu ailələrin də birlikdə 600 nəfər uşağını, deməli, hadisənin faktiki olaraq acısını bu gün də özləri ilə daşıyan həmin əlillər təkcə özlərinin deyil, həm də bu 600 uşağın da həyatında öz izlərini də istəklərindən asılı olmayaraq qoyublar.
   
   Bu bir həqiqətdir ki, Çernobılda qəza baş verən kimi təkcə SSRİ-də deyil, eləcə də dünyanın əksər dövlətlərində bir həyəcan yaşandı və Sovet hökuməti dərhal hadisələrin nəticələrini aradan qaldırmaq üçün öz imkanlarını səfərbər etdi. Məhz görülmüş operativ tədbirlər nəticəsində qəzanın vurduğu ziyanın radiusunun qarşısı alındı.Yəni qısa bir zamanda hiss olundu ki, hökumət həm öz xalqı qarşısında, həm də bütövlükdə dünya ictimaiyyəti qarşısında məsuliyyətini dərk edir. Digər tərəfdən həmin ziyanın aradan qaldırılmasına cəlb olunmuş insanlar dərhal qeydiyyata götürüldü, onların sağlamlığı qayğısına qalındı və müxtəlif imtiyazlar verildi. Cəmiyyət Çernobıl əlillərini qəhrəmanlar kimi qəbul etdi. İndi isə...
   
   Bu gün SSRİ yoxdur, müstəqil dövlətlər var. Azərbaycan da öz müstəqilliyinə imza atıb və bir dövlət olaraq özünü təsdiq edibdir. Ancaq dünənin Çernobılı bu günümüzün Çernobılı ilə müqayisədə bəlkə də zəifdir. Yəni o qədər də böyük önəm daşımır. Əgər qonşu dövlətlərin Ermənistan və ?ürcüstanın Kür, Araz çaylarına axıtdıqları çirkab sularını, tullantıları, zəhərli maddələri xatırlasaq onun Azərbaycan ekologiyasına, Azərbaycan xalqının genefonduna necə təsir etdiyini göz önündə canlandırsaq adamı vahimə bürüyər. Təbii ki, çox astagəlliklə, yəni zaman-zaman öz təsirini göstərən bu "Çernobıl" hər gün qanımıza, canımıza hopur.
   
   Və yaxud da paytaxtda kəsilib, məhv edilən yaşıllıqlar, təbiətin "öz ağciyərindən" məhrum edilməsi deyilmi? Xəzərə axıdılan neft və digər sənaye məhsullarının tullantıları, baş alıb gedən şoranlaşmanın, harda gəldi zibilliklərin yaradılmasını xatırlayanda şəhərimizdə Çernobılın əlamətlərini dərhal hiss etmək mümkündür. Özü də bu təkcə paytaxtımıza şamil olan problem deyil. Təbii ki, burada bir məqam da xüsusi diqqət çəkir. O da iqtisadi burulğandır. Məhz iqtisadi çətinlik ucbatından ən yararsız qida məhsullarına üz tutmağa məcbur olan kasıb təbəqənin durumu da həmin o faciənin, yəni Çernobıl qəzasının bizim içərimizdə necə yaşadığını, necə yetişdiyini düşünəndə istər-istəməz adamı bir vahimə bürüyür.
   
   Bəli, bu gün Çernobıl qəzası tarixi faktdır, amma onun 4689 əlili 600 uşağı ilə birlikdə hər gün bizə öz problemləri ilə birlikdə nələr yaşandığını və bu gün nələr yaşadıqlarını diktə edir. Hər baxışdan bir kədərlə yanaşı, bir əsəb də, bir ümidsizlik də boylanır bizə. Bu adamlar kimin günahkar olduğunu və niyə həmin günahın canlı şahidlərinə çevrildiklərini bu və ya digər formada bilsələr də, amma yenə də "Niyə" sualını özləri ilə birlikdə istər çayxanaya, istər toyxanaya, istər yas məclisinə, istər küçəyə, bir sözlə, hər yerə daşıyırlar. Təəssüf ki, o "Niyə"nin cavabını heç kim verə bilmir. Və müəyyən mənada da cavab verməli olanların artıq nə deyəcəkləri də elə bir önəm kəsb etmir, çünki "olan olub, torba dolub". Amma bu gün də həmin Çernobıl hadisəsinin daha dəhşətli forması bizi öz ağuşuna alır. Və buna nədənsə çox soyuqqanlıqla yanaşırıq. Bilmirik ki, həyat təkcə bizimlə, bu günlə bitib tükənmir. Axı bu gün içimizdə baş verən həmin o ekoloji fəlakət övladların, gələcəyin ən böyük faciəsi olacaq.
   
   ?örəsən biz niyə bu qədər laqeydik? Məgər məhz göz görəsi və hər kəsin, eləcə də bütün dünyanın xatırladığı Çernobıl qəzası baş verməlidir ki, biz tədbir görək? Axı onsuz da günümüzün Çernobılı bizimlə birlikdədir. Tədbir görməli olanlar isə...

TƏQVİM / ARXİV