GORUN çATLASIN, LENiN

ƏBÜLFƏT MƏDƏTOĞLU
30161 | 2007-04-23 23:07
Bir vaxtlar böyük bir məmləkət vardı, adına Sovetlər İttifaqı deyirdilər və bu ittifaqın da, yəni əslində quruluşun təməlqoyanı da Vladimir İliç Lenin olmuşdu. Bu həmin Lenin idi ki, ona "baba" deyirdik və "baba" deyib ətəyindən tutaraq 70 ildən artıq dünyada Sovet vətəndaşı kimi tanındıq. Necə deyərlər, dilimizdən, dinimizdən asılı olmayaraq, millətimiz yada düşmədən hamımız olmuşduq Sovet vətəndaşı. Və hər il də babamızın doğum gününü xüsusi qeyd etməklə onun ölmədiyini, yəni "Lenin yaşayıb, yaşayır, yaşayacaq" şüarını bir nəfəsə, gözüyumlu içimizdən keçirərək o yazığı ("yazıq" sözünü sovet dönəmində ağlıma nədi, heç yuxuma, xəyalıma da gətirə bilməzdim, ən azı yanımdakılardan ehtiyatlanıb - axı yerin də qulağı var) bir mavzoleydə şüşə altında saxlaya-saxlaya qurudub qaxac eləmişdilər, torpağa da tapşırmağa bilmirəm əlləri qalxmamışdı, yoxsa qorxmuşdular ki, ulu rəhbəri torpaqdakı həşəratlar yeyər və baba da biiman olar. Nə isə...
   
   Qəzetlər ötən həftənin son və bazar nömrələrini demək olar ki, Leninin doğum gününə bir işarə vurmaqla xatırlatdılar və mən də keçmişin adamı olduğumdan buna bir balaca təəssüfləndim. Zarafat deyil, dünyanın səmtini dəyişən, yeni bir quruluşun özülünü qoymuş və qurduğu dövlət də 70 ildən artıq dünyaya meydan oxumuş bir insanın, bir ideoloqun, bir tarixi şəxsiyyətin doğum gününü belə suyu sovrulmuş şəkildə, necə deyərlər, xala-xətrin qalmasın, "quş qoymaq" adına yola vermək heç yaxşı iş deyil. Bu da öz yerində. Məsələ orasındadır ki, sən demə Seymur Baycan da Leninlə eyni gündə doğulub (bunu Seymur özü yazıb qəzetdə, nə qədər həqiqətə uyğundur özü bilər). Yaşıd olmasalar da, yəni aralarındakı yaş fərqinə baxmayaraq, amma öz aramızdı, yaxşı gündə doğulub. Çünki Lenin də, elə Seymur Baycan da çox gəzib, çox yerlər görüb və çoxlu-çoxlu söz-söhbətlərin, fikirlərin müəllifi olublar. Torpağı sanı yaşasın, Seymur elə bu gün də öz gəzməyində, özəl fikirləriylə (adı postmodernizmdi) mətbuatda da, ziyalı mühitində də, öz "kruqunda" da, öz "kruqundan" kənarda da "qığılcımdan alov törədir".
   
   Və hər dəfə də Seymurun əsasən radikal qəzetlərdə işıq üzü görən həmin o qığılcımları alova çevrilməyə imkan tapmamış hiss olunur ki, Seymur həqiqətən aprelin 22-də doğulub. Necə deyərlər, damarında üsyan ritmləri at oynadır. İndi özünüz fikirləşin, bir halda ki, Seymur da aprelin 22-də anadan olub, deməli, onun da dediklərinin, yazdıqlarının ən azı ömrü bir xeyli olacaq. Çünki mayasında inqilab ruhu var. Bax, bütün bunlarla yanaşı mənim təəssüf etdiyim bir məqamı mütləq qeyd etməliyəm. O da bundan ibarətdir ki, Seymur nahaq ən azı getdiyi yerlərdən, gəzib-gördüyü ünvanlardan, məsələn, Tiflisdən, İrəvandan, Stepanakertdən, Almatadan, Rostovdan və daha nə bilim haralardan məktublar yazmır. Çünki Lenin babamız belə məktublarla əqidə yoldaşlarına və bütövlükdə inqilabi hərəkata cəlb etdiyi hər kəsə məsləhətlər verirdi, qurduğu partiyanın yolunu, istiqamətini müəyyənləşdirirdi. (Amma burda bir məsələni mütləq etiraf etməliyəm, Seymur Baycan da bir dəfə İrəvandan qayıdandan sonra "525-ci qəzet"də Leninin məktublarına bənzər etiraf müsahibəsi də vermişdi).
   
   Leninin də ad günü keçdi, Seymur Baycanın da... Hə, yadımdan çıxmışdı, elə Hitlerin də ad günü arxada qaldı. Amma qulağı kəsilmiş Andronikin ad günü, yəni aprelin 24-ü artıq yaşadığımız tarixdi. İndi ermənilər öz tayqulaqları üçün nə fikirləşirlər, bilmirəm, amma biz Dağlıq Qarabağda, eləcə də işğal olunmuş ərazilərimizdə ermənilərin at oynatdığını unutmamalıyıq. Çünki ermənilər özlərindən uydurduqları həmin o genosid deyilən günü, yəni 24 apreli bizə, Türk dünyasına nifrət günü kimi zaman-zamandır ki, təkrarlamaqdadırlar...
   
   Son olaraq. Ad günü arxada qalmış Seymur Baycanı gec də olsa təbrik edir, ona ən azı Leninin qurduğu hökumətin ömrü qədər ömür arzu edirəm. Zarafat deyil, o boyda Leninlə bir gündə anadan olmaq...
   
   P.S. Lenin dünyaya Volodya kimi gəlmişdi, amma öləndə, daha doğrusu mavzoleydə Lenin kimi yaşadı. Seymur da dünyaya Seymur kimi gəlib, sonrası necə olacaq, bunu zaman göstərər və bir də yəqin ki, özü bilər...

TƏQVİM / ARXİV