adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ŞƏKiL

ƏBÜLFƏT MƏDƏTOĞLU
32876 | 2007-04-20 15:52
İnsan həyatı xatirələrlə zənginləşdikcə bu xatirələri özündə əks etdirən, onu daha da dolğunlaşdıran ən xırda hissəcikdən, detaldan tutmuş, şəkilə qədər hər şey əziz olur, doğma olur. Bax, bu doğmalığın içərisində insanın zaman-zaman baxıb kövrəldiyi şəkillər və bir də oxuyub yaş dolmuş gözlərini xəlvətcə sildiyi məktublar xüsusi önəm daşıyır. Bilmirəm, bu hər kəsdə olan haldı, yoxsa duyğulu insanlar daha çox bu məqamlara fikir verir... Amma hər halda insani hisslər baxımından maraqlıdır, elə deyilmi?
   
   Bir vaxtlar kitablardan oxumuşdum ki, dinimizə görə ta qədimdə insanlara şəkil çəkmək, şəkil çəkdirmək yasaq edilib və bu da onunla əsaslandırılıb ki, insanın şəklini bir dəfə böyük Yaradan özü çəkir. Görünür elə buna görədir ki, bu yasaqlar müqəddəslərin də şəklini çəkməyə imkan verməyib. Hətta söz adamlarının, şair və yazıçıların, elm xadimlərinin, ustadların, müdriklərin, üləmaların şəkilləri də çəkilməyib. Ona görə də biz Nəiminin də şəklini fəhimlə çəkmişik... Nəsiminin də...
   
   Köhnə şəkillər təkcə ötən, tarixə çevrilən gün deyil, köhnə şəkillər həm də yaddaşdır. Bir az da fərqinə varsaq, yaddaşı oyadan, danışdıran bir təsir qüvvəsidir. Qıcıqlandırır və məcbur edir ki, özün-özünlə və həm də səni dilləndirən həmin o şəkilin özüylə söhbətləşəsən. Söhbət də get-gedə o qədər səni öz əhatəsinə alır ki, hətta şəkilin səsini də eşidirsən. Qulaqlarında, çevrəndə həmin o səsin kədərini də, sevincini də duyursan və az qalırsan ki, o səsi ...qucaqlayıb bağrına basasan. Amma...
   
   Amma danışan şəkil o qədər ruhi bir görüntüdə, məzmunda, formadadır ki, onu ancaq dinləmək mümkündür. Başqa cür olsaydı nə vardı ki. Və bir də bütün şəkillər axı danışmır. Yox, düz ifadə etmədim. Bütün şəkillər danışır, sadəcə bütün şəkillərlə danışmaq mümkün deyil. Bəzən eqoistliyimiz, bəzən dilbilməzliyimiz imkan vermir ki, şəkillərlə danışaq. Bəlkə elə belə yaxşıdı. Axı, şəkillərlə hamı danışsa, yenidən o qədər suallar, ittihamlar, çək-çevirlər başlayar ki, bu gün unudular, özümüzü yaddan çıxararıq.
   
   Elə bil hardansa qulağıma bir şəkil səsi gəldi. Dedi ki, olsun da, bir az özünüzü unudun, qoyun bizim səsimiz eşidilsin.
   
   Məndə xüsusi əzizlədiyim bir neçə şəkil var. Özü də bu şəkillərin müəyyən hissələri yanıb. Müharibə şəkillərdi. Daha doğrusu, döyüş vaxtı yandırılmış evdən götürdüyüm şəkillərdi. O şəkillərdən mənim tanıdığım və indi bəzilərini yalnız rəhmətlə xatırladığım, bəzilərini isə ara-sıra gördüyüm adamlar mənə baxırlar. Onların heç birinə də deməmişəm ki, bir vaxtlar çəkdirdiyimiz, amma sonradan məlum hadisələr nəticəsində yanmış şəkilləri saxlayıram. Bəlkə də gülməli gəlir, amma bu həqiqətdir. Çünki doğulduğum kənddən, doğulduğum yurddan gətirdiyim bir neçə əşya və bir də bu şəkillər məni tez-tez o yerlərə çəkib aparır. Və mən o şəkillərlə həmsöhbət olduqca təkrar-təkrar keçmişə qayıdıram. Yəqin ki, indi yazacağım cümlə çoxlarına tanışdı. Adətən şəkillərin arxasında yazırdılar (Bilmirəm indi də yazırlar, yoxsa yox)"::"Baxıb xatırlama, xatırlayıb bax".
   
   Bəli, xatırlayanda da, baxanda da eyni hisləri keçirirəm. Çünki şəkillərlə danışa bilirəm. Elə yazı stolumun üstündə də şəkillər var. Danışıram onlarla da. Bir-birimizə nə deyirik, nə soruşuruq təkcə özümüz bilirik. Amma ən maraqlısı odur ki, bu şəkillərin hər biri mənim yazı stoluma nəzər salan insanlar üçün çox fərqlidir. Yəni, o şəkillərin dedikləri də, elə onların özləri də hər kəsdə bir fikir doğurur. Olsun, bunun, necə deyərlər, qorxusu yoxdur. Qorxusu onda ola bilərdi ki, bu şəkillər adicə hansısa bir kağız parçası və yaxud da əl-ayağa dolaşan mənasız bir əşya olsaydı. Axı, mənimlə danışan şəkillər elə mənim dilimi bilən, mənim iç dünyamdan xəbəri olan insanların, müqəddəslərin, doğmaların, dostların və nəhayət yaxşı insanların şəklidir. Və mən onlarla baş-başa qalanda daha çox dünənin adamı oluram... Dünən isə mənim daha çox ümidli günüm idi.
   
   Sabahın şəkilləri isə hələ çəkilməyib... Sabah da şəkilləri ilə birlikdə yol gəlir...
   
   P.S. Bir şəkil saxlayıram, nisbətən böyük bir çərçivəyə salınmış şəkildi. O şəkili vaxtı ilə böyük bir inzibati binadan düşmənlərin təhqirindən xilas edib, kənddəki ata evimizə gətirmişdim. İşğaldan sonra da harda yaşadımsa, mənimlə birlikdə oldu. Bu gün də evimdədi. Və hər dəfə o şəkilə baxanda o qədər suallar gəlir ki, dilimin ucuna.. Amma nə mən sual verirəm, nə də o şəkildən baxan mənim suallarıma cavab vermək həvəsini hiss etdirir. Yəqin ki, ya dillərimiz fərqlidi, ya da münasibətlər qura bilməmişik.

TƏQVİM / ARXİV