STRESS

ƏBÜLFƏT MƏDƏTOĞLU
29196 | 2007-04-13 23:41
Bütün halları götür-qoy etdikdən sonra yalnız bir çıxış yolu gördüm. O da hamının görə biləcəyi bir yoldu, yəni gəldiyim qərar heç də kəşf, ixtira deyil. Sadəcə yaşamın, düşüncənin bəhrəsidir.
   
   Həyatın burulğanı getdikcə tündləşir. Elə bil ki, qanı sorulur və yaxud sanki bu burulğana yuxarıdan üzü aşağı qapqara bir məhlul damızdırılır. Özü də çox sakitcə, heç nəyin, heç kimin xətrinə dəymədən... O qədər sakit ki, hətta bunu təbiət də hiss etmir. Yəni burulğan da fərqinə varmır. Amma duyğularımız və durumumuz getdikcə rəngi tündləşməyə, qaralmağa gedən həmin o burulğanın içərisində o qədər həssaslaşıb ki, az qala psixoz vəziyyətinə gəlib yetişməkdəyik. Xırda bir söz də, ən adi bir hərəkət də, təsadüfi çiyinə, ələ, ayağa toxunma da adamı özündən çıxarır...
   
   Marşrutda, ( onsuz da sürücülərimizin hansı səviyyədə olması hər kəsə bəllidir. Yumşaq desək, elə bil sərnişin yox, kartof daşıyırlar) qəfil tormozlanma nəticəsində mənimlə yanaşı dayanmış cavan bir oğlana toxundum. Üzümə necə tərs-tərs baxdısa, yalan olmasın hələ də özümə gəlməmişəm. Baxma, istəsə vura da bilərdi, söyüb təhqir də edə bilərdi. Sadəcə gözlərinin qəzəbi ilə mənə münasibətini bəyan etdi. Amma sürücüyə, heç kimi nəzər almadan dişinin dibindən çıxanı dedi... Sonra da düşüb qapını çırpıb getdi. Sürücü də öz bildiyində idi. O da həmin cavan oğlanın ardınca eşitdiklərinin daha tündlərini təkrarlamaqla maşını yerindən elə götürdü ki, bu dəfə mənə möhkəm toxundular. Bayaqdan canıma hopmuş həmin o qəzəbli baxışlarla özümdən asılı olmayaraq sadəcə sürücüyə baxdım. Yanımdakına isə "bağışlayın" dedim. Söz ağzımdan çıxmışdı hündürdaban ayaqqabısının ağrısını hələ də hiss etdiyim həmin xanım elə bir söz işlətdi ki, onu dilə gətirmək heç qadına yaraşan deyildi. Amma işlətdi... Və...
   
    Bir anda baş verən bu iki hadisənin arasında çox qəribə bir bağlılıq var. O da təbii ki, cəmiyyətin durumu və insanların yükləndiyi qayğılardan qaynaqlanır. Hər kəs özü ilə birlikdə özü boyda ağrını-acını, problemi evdən-işə, işdən xeyirə-şərə, müxtəlif tədbirlərə, marşrutlara daşıyır və adi bir təsirdən qıcıqlanaraq (bəlkə də bunu bəhanə edərək) bir az da problemini unutmaq istəyir. Amma düşünmür ki, ağzının acısını kiminsə üstünə tökməklə problemdən qurtulmaq mümkün deyil. Bu qurtuluşun bircə yolu var, o da...
   
   Düşünə bilərsiniz ki, niyə qurtuluş yolunu göstərmədim. Təbii ki, bunu demək, göstərmək olardı, amma hər kəsin öz problemi olduğu kimi öz qurtuluş yolu da var. Və mən inanmıram ki, mənim məqbul hesab etdiyim yol kimlərinsə xoşuna gələ və yaxud da qəbul edə bilərlər. Sadəcə olaraq "sabunlu kəndir" məsəlini yada salmamaq daha məsləhətlidir. Ən azı Allahın iradəsi əleyhinə getməmək üçün...
   
   Bəli, bu gün hisslərə qapılıb yaşamaq çoxlarına xoş gəlməsə də şəxsən məni bir az aldadır, bir az yaşadır. Elə bu bir azlara görə də hələ ki, çiynimdəkiləri zorla da olsa özümlə çəkib apara bilirəm. Hara kimi? Bax, bu başqa sualdır. Yazının ovqatına görə hər kəsdən üzr istəyirəm, amma yazmaya bilmədim. Çünki bu həyat pıçıltılarıydı...

TƏQVİM / ARXİV