adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SPARTAKiada

MƏZAHİR ƏHMƏDZADƏ
39557 | 2014-05-31 08:00
...Rəsmi xəbər agentliklərinin çox qəribə bir məlumatı yayılmışdı. Qəzetlər yazırdılar ki, planetimizdə 27 milyon(!!!) nəfər qul qeydə alınıb. Düzdür, bu qulların ayaqları və qollarının zəncirli, burunlarının sırğalı və damğalı olmaları barədə heç nə deyilmir. Hər halda ekzotik hadisə və ya görüntü də deyil. Qulun nə olduğunu, hansı məna daşıdığını tarix dərslərinə orta səviyyədə diqqət yetirən adi məktəbli də bilir, formasiya ayrıca bölmə kimi şərh edilir. Yəni quldarlıq dövrü bizdən min illərlə uzaqlarda qalsa da müəyyən məqamlarda xatırlanaraq yada düşür. Bu, vəziyyətin bizi qane edən tərəfidir. Ancaq dərinə getdikdə bir məsələni də nəzərə almalı olursan ki, bəziləri tarixin bu ən amansız quruluşu haqqında normal bilgiyə malik olmayıb, çox şeyi, eləcə həmin məlumatı da zarafat kimi qəbul edər. Bu səbəbdən də o ilginc xəbərə "çox ciddi şəkildə" münasibət bildirəcəm.
Quldarlıq quruluşu, məlumdur ki, insanın insan tərəfindən istismarına əsaslanan ilk sinifli ictimai- iqtisadi formasiya olub. Bundan əvvəllərə qədər isə, yəni eramızdan əvvəl beşinci-dördüncü minilliklərdə köləlik kəşf olunmamışdı. Tayfalar, qəbilələr, bəlkə də tarixə məlum olmayan hansısa dövlətkimilər təbiət hadisələri ilə, eyni zamanda qarın doyurmaq uğrunda mübarizələr aparırdılar. Təbii ki, ov və meyvələr üçün münbit ərazi, həmçinin yaşayış məskənləri üçün daha əlverişli və təhlükəsiz yerlər uğrunda döyüşlər, müharibələr də olurdu. Ən qısa döyüşlərdə belə tərəflərdən biri və ya hər ikisi itkilərlə bərabər, əsirlər də verirdi. Bunlar qaçılmaz idi. Bilmirdilər neyləsinlər. Lap əvvəllər əsirləri bişirib yeyirdilər. Əsasən də öldürürdülər. Qədim insanların, sevimli əcdadlarımızın ağlına gələndə ki, əsirlərin əməyindən istifadə etmək onlara fayda verər, hətta alıb-satarlar da, quldarlıq quruluşunun başlanğıcı qoyulmuşdu. Qulların böyük əksəriyyətindən təbii ki, əzələ enerjisi kimi istifadə olunurdu. Ancaq quldarlıq quruluşunun klassik nümunəsi hesab olunan Qədim Roma imperiyası kimi daha çox inkişaf etmiş dövlətlərdə zehni əməklə məşğul olan qullar təbəqəsi də var idi.
... İndi nə Mesopotamiya var, nə də Qədim Misir, Qədim Yunanıstan, Qədim Roma... Quldarlıq quruluşunun dağılıb tarixə qovuşmasından da 1500 ilə yaxın uzun bir zaman keçib. Oturub adi hesablamalar aparanda görürsən ki, o vaxtlar bəşəriyyətə məlum olan insan məskənlərində üst-üstə 2-3 milyon qul ola, ya olmaya. İndi isə 27 milyon! Düzdür, planetin əhalisi də yüz illər boyu xeyli artıb, çoxalıb. Elə ölkələr var ki, kosmosdan baxanda qarışqa yuvasını xatırladır. Bütün hallarda yenə də 27 milyon qulun mövcudluğu qorxulu faktdır. Birdən "O" qayıtmış, gəlmiş oldu? Adamın hərdən sadəlövh damarı da tutur ey. Yoxsa tarixçilərimiz bizə atıblar, quldarlıq quruluşu hələ tam dağılmayıb? Demirlər ki, filan yerdə hələ də feodalizm qanunları hökm sürür? Bəlkə quldarlıq da eləcə...
Başqa şübhə və nümunələr də var ki, mübahisələr aparmağa yol açır. Məsələn, quldarlıq quruluşunun süqutundan, eramızın V əsrindən sonra tarix meydanına çıxmış germanlar, slavyanlar və bir sıra digər xalqlar quldarlıq quruluşunu keçmədən ibtidai icma quruluşundan birbaşa feodalizmə adlamışlar...
Dayan bir! Bəlkə bu 27 milyon qul dedikləri romalılara əsir düşmüş həmin o cəsur frakiyalının törəmələridir, artıb-çoxalıb, yayılıblar yer üzünə? Yadınızdadırmı, eramızdan əvvəl 74-cü ildə Kapuya şəhərindəki qladiator məktəbində Spartakın başçılığı ilə möhtəşəm qullar üsyanı başlamışdı. Hələ onlara bir çox qaçqın qullar, icarədar kəndlilər də qoşulmuşdu. O dövrlər üçün ciddi hərbi intizama malik olan Spartak ordusunun maksimum 70 min nəfər döyüşçüsü olardı. Ancaq Roma imperiyasını lərzəyə salmışdı. Senat Spartakın üzərinə məşhur konsulların başçılıq etdiyi nizami orduları göndərirdi. Spartak e.ə. 72-ci ildən başlayaraq Lentulun, Gellinin, Kassinin qoşunlarını böyük itkilərlə məğlubiyyətə uğratmışdı. Spartak Siciliyaya keçmək istəyirdi...
...İndi nə Siciliyaya, nə Pompeyə, nə də... Tora-Bora kahalarına ehtiyac var. Artıq bu cür düşüncələr, eləcə də Covanyolinin, Yanın və başqalarının əsərlərini təkrar oxumaq da, Hollivud şedevrlərinə tamaşa etmək də sən deyən ciddi maraq doğurmur. İndi tamam başqa, yeni bir Spartak lazımdır. Əsl adı Tom olsun, Samandra olsun, lap elə Mehrabalı olsun, fərq etməz. Yığsın başına həmin o binəva insanları, yürüş etsin demokratiyanın "mərkəzi bazarına" doğru.
27 milyon ey! Gör BMT-nin binası və bütün Nyu-York necə lərzəyə gələcək. Ağlı, qaralı, sarılı - bütün demokratiya oyunçularını kəllə-mayallıq eləyib... quldarlıq quruluşunun birdəfəlik ləğv olunmasını rəsmən təsdiq edəcəklər. Ağzında min illərdən qalma qul deyirsən. Məsələ bitdikdən sonra dilə yatdı-yatmadı o qəhrəmanın adına romanlar, baletlər yazılacaq, filmlər çəkiləcək, yeni xalq komandaları, həmkarlar ittifaqları yaradılacaq. Bu qəhrəman hər kim olacaqsa, durmasın, cəld tərpənsin...
2010

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV