adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Kabab iyi...

SAMİRƏ ƏŞRƏF
26676 | 2014-05-31 07:40
Yenə aləm qarışıb bir-birinə. Evin yaxınlığındakı məktəbdəki keçirilən son zəngin səsi, yay fəslinin gətirdiyi istilərlə ayaqlaşmağa çalışan insanların qara-qışqırığı, bir də bu kabab iyi...
Başımı pəncərədən bayıra çıxarıb evin qarşısındakı orta məktəbdə bayaqdan çal-çağır edən son zəngçiləri izləməyə çalışıram. Hamısı xoşbəxtcəsinə mahnılar oxuyur, şeirlər deyib, nitq söyləyirlər.
Müəllimlər mikrofonu bir-birinə ötürərək onları təbrik edir, ana-bala nəsihəti verirlər. Sanki il uzunu bu yazıq uşaqların dərilərinə saman təpən, onları arxalarınca süründürənlər bunlar deyillər. Müəllimlər bir günlük humanizm elan ediblər.
Son zəng bitdikdən sonra bu zavallı yeniyetmələr əyinlərində məktəbli libası, ya maşınlara doluşub, ya da küçələrin canına düşüb bir az çığırışıb öz məktəblərini, siniflərini mədh edəcəklər. Sonra da dağılışıb gedəcəklər evlərinə. Bu da on bir illik zəhmətin sonu.
Zorla deyil ki, bizim insanımızın fərli düşüncə və əyləncə tərzi yoxdu. Quyuya nə qədər su tökmək olar?! Gərək quyunun da dibində su olsun.
İndi keçək kababa məsələsinə... Amma yox, bir ayaq saxlayım. Sevda Sultanovanın statusu fikrimi qarışdırır. Avtobusda günümüzü qara edən gonbul xalalar haqqında yazıb.
Bu gonbul, yaşı əllini yenicə keçmiş xalalar elə bil Bakı şəhərinin bütün avtobuslarını nəzarətə götürüblər. Bəli, məhz avtobuslarını. Onların səsi heç bir haqsızlığa qarşı çıxa bilmir. Gücləri heç kimə çatmır. Təkcə avtobusdakı oğlu, qızı yerində olan cavanlardan başqa...
Vay o gündən ki, bir yorğun-arğın gənc tələbə marşuruta minib boş oturacaqların birində əyləşsin. Qurban olduğum, o dəqiqə hardansa bir ətli-əndamlı xalanı nazil edir həmin tələbənin qənşərində. Yazıq gənc elə təzəcə oturub dincini alıb, ayaqlarının zoqqultusundan dincəlir ki, xala iki yüz əlli sərinləşdirici gücündə nətər of çəkirsə, tələbənin marka saç lakı ilə düzəltdiyi kəkili həmin ofun küləyi ilə darmadağın olub bir-birinə qarışır.
Tələbə üzünə dayanıb yerindən qalxmır. Xala isə əlindəki çantasını az qalır soxsun tələbənin gözünün içərisinə. Bir, iki dəfə bunu etməyə də nail olur. Daha sonra öz gonbul əndamı ilə tələbəni oturacağın bir küncünə sıxışdırır. Yenə heç bir nəticə əldə olunmadığını görən xala başlayır ucadan söz toxumağa. "İndikilərdə abır-həya qalmayıb, anası yerində qadınılara yer vermirlər, mərfətsiz, qanacaqsız nəsil yetişir" və s.
Bu insanları başa salmaq olmur ki, heç olmasa öz əttökən, abırdan düşmüş mentalitetinizi avtobuslara daşımayın. Ay qadanız alım, bir dəfəlik başa düşün ki, hamı sizin kimi pul verib ümumi nəqliyyatdan istifadə etmək hüququ qazanır. Bundan sonra avtobuslardarda, metrolarda kim oturdu, kim oturmadı məsələsi bəxtəbəx bir şeydi. İndi kimsə on beş dəqiqə, yarım saat ayaq üstə yol gedəcək deyə bir başqasının gününü qara eləməlidi?! Ola bilər ki, kimsə xəstə, zəlil gündə olsun, ona hər bir vicdanı olan qalxıb yer verər. Daha buxağından yağ daman xalalar üçün düzəldilməyib ki, həmin oturacaqlar. Bunun altı, yeddi saat universitetlərin pisdən, yaxşıdan tozunu udub günün sonunda bir sosiska çörək belə yeməyə iştahı olmayan tələbəsi, günün doqquz saatı kompyuter qarşısında gözünü ağını aparıb işləyən işçisi, göyün yeddinci qatında palçıq qarışırıb suvaq vuran həyatı sığortasız fəhləsi var.
Belə qəhrəmansınızsa, avtobuslarda niyə ayaq üstə getməyinizin səbəbini daha səlahiyyətli şəxslərdən xəbər alın.
Yazını bu yerində açıq pəncərədən içəri dolan kabab iyi yenə fikrimi məşğul edir. İlin günün bu vaxtında kimdi belə cızhacızla kabab bişirən?!
Yenə eyvandan boylanıram. Balkon qonşumuz Sona xala mənə baxıb qımışır.
-Bir klubumuz vardı, onu da söküb şadlıq sarayı etdilər.
Mən Sona xalaya baxıb təəccüblə soruşuram
- Hansı klub?
- Eeee. Sən də elə bil heç bu qəsəbədə, bu binada yaşamırsan. Bütün günü kitabların içində itib-batmısan. (Vallah mənim də adım çıxıb e. Evdə paltar yuyanda da elə bilirlər kitab oxuyuram). Klubumuzun orasını, burasını düzəldib şadlıq sarayı qurdular. Görmürsən kababın iyi aləmi götürüb?
Mən Sona xalanın əlini tuşladığı səmtə baxıram. Doğurdan e, klub dediyimiz binanın yerində tamam başqa dəbdəbəli bir görkəm var. Aha, deməli, kabab iyi həmin "saray"dan gəlirmiş.
Daha mənim klubun müdürünə də, oranı şadlıq sarayı edən adama da sözüm yoxdu. Sən illər uzunu camaatın gedib bir-iki saat istirahət etdiyi klubu söküb şadlıq sarayı et, insanları mədəniyyətdən, incəsənətdən ayrı sal, üstəlik bu da yetmirmiş kimi hələ bir gecə-gündüz kababın iyini bu bir qarnı ac, bir qarnı tox millətə iylət.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV