GƏLƏCƏK GƏLMƏYƏCƏK

ƏBÜLFƏT MƏDƏTOĞLU
38361 | 2014-05-31 06:38
Öncə "Gələcək gün" romanından başlamaq istəyirəm. Mənə elə gəlir ki, indi mütaliə səviyyəmiz bir az aşağı düşdüyündən yəqin ki, bir vaxtlar bizlərin sevə-sevə oxuduğu həmin o romanın (hətta orta məktəb dərsliyində də müəyyən hissəsini bizə öyrədirdilər - Ə.M.) nədən, kimdən bəhs etdiyini, eləcə də müəllifini yeni nəsil o qədər də yaxşı bilmir, tanımır. Məhz bu səbəbdən də xalq yazıçısı Mirzə İbrahimovun həmin o romanının adından ipucu kimi yapışıb təkcə xoş günlərin, uğurlu sabahların deyil, həm də dünənin, bu günün eyni olan günlərin də gələcəyinə körpü salmaq istəyirəm...
Bu günlərin söhbətidi. Eşitdiyim bir xəbər, daha doğrusu, özümə yaxın bildiyim bir insanın kobud hərəkəti əməlli-başlı qəlbimi ağrıtdı və ulduz müğənnilərimizin dediyi kimi, "şoka düşdüm", stress keçirtdim. Və həmin o vəziyyətdən, yəni depressiyadan çıxmaq üçün öz-özümə deyinə-deyinə var-gəl edirdim. Hətta sonradan mənə xatırlatdılar ki, sən demə, üzü-gözümdən də zəhər-zəhrimar tökülürmüş. Belə bir məqamda o qədər ümidsiz, halsız idim ki, yaşamağı da mənasız sayırdım. Elə bilirdim ki, dünya məhz elə bu gündən ibarətldir, bu andan ibarətdir və bu günlə də, bu anla da bitəcək...
Halımı müşahidə edən dostlardan biri məni danlamağa başladı. Sanki nə dünyadan xəbərim var, nə həyatın gedişatından baş açıram, bir sözlə, eləcə avam, türk qardaşlarımız demiş, geri zəkalının birisiyəm. Və dostum da fürsətdən istfiadə edib özünün bütün bildiklərini, üstünlüklərini əsl müəllim peşəkarlığı ilə, dost sevgisi ilə dünyagörmüşlərin müdriklüyü ilə yavaş-yavaş xırdalayırdı. Onun söylədiklərini dinləyə-dinləyə çalışırdım ki, bildiklərimin təkrarı olan bu dərsdən yararlanım. Yəni həmin o şokdan, depresiyadan çıxım, amma bacarmırdım. Sanki deyilənlər, yəni eşitdiklərim məni bir az da dərin, qaranlıq bir quyuya atırdı. Amma onun səsini eşidirdim:
- Elə bil ki, dünyanın axırıdı... elə bil balaca uşaqsan... Sən bir şeyi unutma, dünya, həyat həmişə belədi... Dözümlü, səbrli, hazırlıqlı olmaq lazımdı... Bir şeyi yadında saxla ki, gələcək necə gələcək, özü ilə nələr gətirəcək, nələri dəyişəcək, bütün bunlar sualdı... Heç kim konkret nələrin gələcəyini deyə bilməz. Hətta bəzən nəyinsə gələcəyini gözləyib həmin o gələcəyə gedib qovuşanda görürsən ki, dünən, beş gün ondan əvvəl daha maraqlı, daha gözəl idi. Ona görə də gələcəyin xəyalı ilə yaşamaq, gələcəyin xəyalını qurmaq, gələcəyə biyət etmək o qədər də doğru deyil. Çalışıb bu gün olanın ətəyindən möhkəm tutmaq, bugünü yaşamaq, bugünün içində sabaha bir ümid yaratmaq lazımdı. Yoxsa hər şeyi gələcəyin boynuna atmaq, hər şeyi gələcəyə bağlamaq mənə görə çox yanlış fikirdi...
Hə, mən qulaqlarımda səslənən bu sözləri çətinliklə də olsa həzm etməyə çalışırdım və arada ürəyimdə öz-özümə deyirdim ki, doğrudan da xalq yazıçısı Mirzə İbrahimovun da "Gələcək gün" romanında dedikləri gəlmədi, gerçək olmadı. Biz hələ də o günün gələcəyini gözləyirik... Məni özümə qaytarmaq, yenidən əvvəlki halıma salmaq istəyən könül dostumun söylədiklərində mən gələcək görmürdüm, hər şey bu gündə idi... hər şey bu gün içində olduğumuz anda baş verirdi. Deməli, onun söylədiklərində bir həqiqət var. Ancaq etiraf edim ki, mənim indi anladığım bu həqiqət həm gecikib, həm də müəyyən mənada artıq görünür. Onun artıqlığı isə gələcək üçün bəlkə də bir sərhəd xəttidir, çəpərdi, divardı, nə bilim... nə isə arzuolunmayan bir şeydi...
İndi həmin o depressiyaya düşdüyüm, günə, məqama bir az ayıq, bir az rahat, necə deyərlər, toxtamış bir vəziyyətdə nəzər salıram, ələyib ələkdən keçirirəm... saf-çürük etməyə çalışıram. İstəyirəm həmin o anda gəldiyim nəticəni, çıxardığım qərarı "soyuq başla" qiymətləndirim və bu qiymətin mümkün qədər dəqiqliyini təmin edim. Amma etiraf edim ki, bu da alınmır. Çünki həmin o gələcək söhbəti bu gün də gerçəkləşməyib. Elə beş gün öncə vəziyyət necə idisə, bu gün də, elə arzusunda olduğum həmin o gələcəkdə də hər şey olduğu kimi qalır. Sadəcə, tarix dəyişir, təqvimin vərəqləri qoparılaraq küləklərə verilibdi. Bu heç də ümidsizlik demək deyil. Bu, əslində dünənin qədrini bilməməyin qınağı, bu günü yaşamağı bacarmamağın tənəsidi. Axı dünən də, bu gün də nə vaxtsa bizim üçün gələcək olub. Əgər indi artıq tarixə çevrilmiş, arxivə verilmiş həmin o dünəni köks ötürməklə xatırlayırıqsa, onu yaşamadığımız üçün təəssüf ediriksə, deməli, sabah üçün də, lap ondan sonrakı sabahlar üçün də indi konkretləşdirsəm, həmin o gələcək üçün də biz nə vaxtsa köks ötürəcəyik, nə vaxtsa təəssüflənəcəyik. Deməli, həmin o gələcək elə bugünün özüdü. Bu gün isə...

Bir an,
tək bir an
nə baş verdisə
bilmədim -
inan!
Düşünmək
imkanımı itirdim
və ürəyimi
hisslərə
qurban etdim...
amma mən
ağılla,
ürəklə
hətta doğrusunu
etiraf etsəm
bütün varlığımla-
ruhumla sevdim!..
Sonda,
lap sonda
son görüşdən
geriyə
özümlə
bir cənazə gətirdim-
başın sağ olsun!..


***

Onda telefonum susmurdu. Hətta gecənin tən yarısında da elə hay-həşir salırdı ki, yuxudan hövlnak qalxırdım. Bu da səbəbsiz deyildi. Birinci səbəb bu idi ki, mobil telefon məmləkətə təzə qədəm basmışdı. Adamlar təzə-təzə başlamışdılar ondan yararlanmağa. Odur ki, bəzən üzbəüz oturanlar da telefonunu göstərmək xatirinə bir-birinə ya mesaj atırdı, ya da zəng vururdu. Bu da vardı. İkinci səbəb isə gərəkli olmağım yaxınlar üçün, tanış-bilişlər üçün əsas məsələyə çevrilmişdi. Mənə də, mənim bağlı olduğum "yuxarı"lara da hansısa bir sözü çatdırmaq telefon sahibləri üçün vərdişə çevrilmişdi. Ona görə də bəzən əsəbləşib telefonu söndürmək, hətta ondan imtina etməyi də düşünmüşdüm. Lakin qaçqın həyatı yaşayan yaşlı valideynlərimdən narahat olmağım məni bu fikrimdən daşınmağa məcbur etdi və hər yaranı sağaldan zaman özü-özlüyündə bu problemi də çözdü...
Çözüm də çox sadə oldu. Hər kəs ya nəğd, ya kredit yolu ilə telefon sahibinə çevrildi, daha onu göstərməyə ehtiyac qalmadı. İkinci məqam isə artıq gərəksiz olmağım, yuxarılara sözü çatdıra bilməməyim adamların əlini məndən üzdü və onlar başqa yollar axtarmağa, başqa ünvanları narahat etməyə başladılar...
Bütün bunları səbəbsiz yazmıram. Yəni bu yazdıqlarımın da kökündə bir gələcək durur. İndi anlayıram ki, həmin o gələcək sən demə gəlibmiş, mən onu görməmişəm, hiss etməmişəm. Bir az fikirlərimi çılpaqlasam, onda nə dediyim yəqin ki, anlaşılan olar. Belə ki, həmin o telefonumun susmayan günlərində vəziyyətdən istifadə etmək, maddi, mənəvi durumu yaxşılaşdırmaq, önə çıxarmaq, mövqe səlahiyyəti qazanmaq daha asan idi. Buna şərait də imkan verirdi. Amma mən öz xəyallarımda qalıb sadə dildə desəm, qapımın kandarına, ayağımın ucuna gəlib çatmış gələcəyi görməmişəm, tapdalayıb üstündən keçmişəm. Bax, bu məqamda depressiyaya düşəndə mənə həyat dərsi keçən könül dostumla razılaşmaya bilmirəm. Çünki onun dediyi həqiqətdir... Mənim gözlədiyim gələcək onda mənim üçün zəhmətə qatlaşıb, özünə əziyyət verib durub gəlibmiş. Bu sayğını, bu diqqəti görmək bacarığım sən demə onda gözü bağlı imiş. Gözübağlılar isə indi kifayət qədərdi...
İnsan daha çox bar ağacına bənzəyir. Pöhrə verir, böyüyür, çiçək açır və bar gətirir. Bütün bunlar bir növü ardıcıl, yəni elə formada gerçəkləşir ki, onu müşahidə etmək və bu müşahidədən zövq almaq çox rahat olur. Bax, ağacın o çiçək dövründə qəfil dolu, qəfil şaxta, qəfil qasırğa nədisə, elə xəyallarla yaşayanın gələcək günü də onun əks üzüdü. Oturub pöhrəni, çiçəklənməni, barı gözləyə-gözləyə gəlib-gedən günlərin gələcək olduğunu heç ağaclar da bilmir. Bir də onda xəbər tutur ki, xəzan başlayıb, yarpaqlar küləklərin oyuncağına çevrilir...
Hə, bütün bu əhval-ruhiyyəni alt-üst edən notlardan sonra elə həmin notların poetik ifadəsi kimi yazdığım misraları sizə də, özümə də xatırlatmaq istəyirəm.
Ürəyimi az çək şişə
Səndə daşdı, məndə şüşə...
Zülüm çəkmək oldu peşə -
Dözmək də alım yazımdı.

Yatmadım yuxum axsıya
Gecəmi çəkdim ağ suya...
Yer yoxdu məni saxlıya -
Bezmək də alın yazımdı...

Yol kəsənim duman, çəndi,
Qəm sevincə babdı, təndi!..
Dərd də mənə bir vətəndi -
Gəzmək də alın yazımdı...

***
Mənim bu yazımın oxucusu ola bilsin ki, barəmdə ümidsiz bir adamın durumunu düşünüb gözünün önünə gətirsin. Yox, inanın, bu heç də belə deyil. Sadəcə, mən yaşadığım günün, anın eyni rəngini, eyni sifətini qəbul edə bilmirəm. Elə bil bir rəng, bir durum, bir əhval hər şeyə hakim kəsilib, diqtəni o edir. Və bu diqtə də həm əsəblərimə toxunur, həm də ürəyimə. Bütün hallarda müdriklərin dediyinə görə, ümid sonda ölür. Amma gələni və gedəni, gələcəyi və gedəcəyi, bir sözlə, olmuşla olacağı bir müstəvi üzərinə gətirirəm... bir ədalət tərəzisində çəkməyə çalışıram. Nədənsə həmişə olmuşlar, keçmişlər, dünənlər daha ağır gəlir. Bax elə bu da məni daha çox yandırır, daha çox ağrıdır. Çünki mən onu anında, zamanında görməmişəm, hiss etməmişəm...
Bir bayatı da var. Deyirlər ki, "həyata bir pəncərədi, hər gələn baxıb gedir". Üstəlik onu da deyirlər ki, "gündə bir kərpic düşür ömrümün sarayından"... Hə, bunlar həqiqətdi. Amma mənim içimdə bir sual var: Niyə ancaq baxıb getmək?.. Niyə ancaq kərpic düşməlidi?..
Deyəcəksiniz ki, çoxbilmişlik edirsən və yaxud təzə amerika açmaq istəyirsən... Amma nə deyirsiniz deyin, mən tam əminəm ki, gələcək gəlməyəcək! Çünki o, artıq bu yazını oxuduğunuz vaxt gəlibdi... Bu yazını oxuduğunuz vaxt yanınızda olub... Bax, bu yazını mənə yazdıran vaxt da o yanımızda idi. Deməli, bütün günahlar gələcəkdə yox, elə bizim özümüzdədi. Və bir də Füzulinin Məcnunu bir dəfə gəlib gedib. Daha gəlmək fikri də yoxdu. Amma biz onun barəsində xəyallar qurub, onu arzulayır, onu görmək istəyirik. O isə... Siz özünüz deyin: Gələcək, Gəlməyəcək?!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV