adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GÜNAHSIZ

VƏSİLƏ USUBOVA
29967 | 2014-05-31 05:20
***
Barmağının arasında papirosu sönmüşdü. Yandırmaq istədi, yandırmadı, külqabıya basdı...
-Ölürük başqasının sirrini bilməkdən ötrü, - Bu şoğəribin...- yumruğunu sol döşünə elə vurdu ki, elə bil oranı dağıtmaq, içində nə varsa, çıxardıb ortalığa tökmək istəyirdi, - bu şoğəribin səsini həmişə boğuruq. Qoymuruq içimiz açılsın, tökülsün...
Kəndin o başında xoruz banladı. Hindəkilər də qanadlarını şaqqıldadıb çığrışdılar. Oğlan qurcuxdu; uşağı oyatmasalar yaxşıdı. Qonşu otağa qulaq verdi. Hənirti yoxdu, bərk yatmışdılar. Özünün yuxusu qaçmışdı. Qonağın bu səsləri eşidən halı yoxdu. Əlləri əsə-əsə bir papiros da yandırdı. Bayaqdan bəri yandırdıqlarının heç birini axıracan çəkməmişdi. Sifəti boğulub qalmışdı, kepkanın yeri qalmış iri alnında tər damcıları yağış çisəyi kimi artırdı. Ömür boyu bir işin qulpundan yapışmayan hamar əllərinin ətli barmaqları da getdikcə saralırdı...
Nigarançılıqla oğlana baxdı. Qorxusu əbəsdi; ev yiyəsinin yuxusu qaçmışdı, hələ ertədən xumarlanan gözləri intizarla, bir qədər də səbirsizliklə ona zillənmişdi. Bunu görüb dirçəldi, əllərini yerə dayayıb qıçlarını dəyişdi, bir az da rahatlanıb arxayın görkəm aldı...
-Onda bildim ki, adam ürəknən yaşayanda Şeytanın da ona gücü çatmırmış. Elə bil, gözlərimdən içimə ilıq, yumşaq bir şey axıb məni əridirdi. Ürəyimin guppultusu başıma düşür, damarlarımda qanın giziltisini eşidirdim. Bu nimdaş, yamaqlı paltarın bürüdüyü vücud mənim içimdəki şeytandan qat-qat güclüydü. O dəmdə, o yerdə dünyanın ən yazığı, ən biçarəsiydim mən...
Yulğunluğun o başında biri görükdü. Çayda yuyunub çıxana oxşayırdı. Saç-saqqalı, sinəsinin tükləri yaşdı. Gəlinin yanına çatanda çömbəldi, dizlərini yerə atıb təngənəfəs döş əmən körpənin başından öpdü, sonra... burnunu gəlinin boğazında, qulağının dibində gəzdirdi...
İçimdəki Şeytan dirildi. Dönüb əvvəlki adam oldum... Bundan sonrasını müxtəsər danışacam. Bayaqdan bəri başıma dolub özümü də heyrətdə qoyan yumşaq fikirlərin yerini yırtıcı həvəs tutdu. Ürəyimin döyüntüsü dəyişmişdi, qol-qıçıma yayılan xoş taqətsizlikdən əsər-əlamət qalmamışdı. Belə gözəlin yoluq bir gədənin arvadı olması içimi doğrayıb tökürdü. Mənim bildiyimə görə, - arxayınlıqla bir papiros da yandırdı, - hər şeyin xası ancaq dövlətlilərə yaraşırdı. Kasıblar ağzımızdan qalanla dolanmalı, əlimizin artığıynan yaşamalıydılar. Başqa cürəsini nə görmək, nə eşitmək istəyirdim...
Həmin ilin qışında dağdan beş-altı külfət köçmüşdü kəndimizə. Bu cavan ər-arvad da onldardandı. Oğlanın atası-anası yoxdu. Qızı da başqa kənddən qaçırdıbmış... Nə başuvu ağrıdım, o günnən Şeytan boğazıma uzun bir kəndir keçirdib ucunu da bağladı həmin gəlinin ayağına. Hara getdisə, məni də qolubağlı qul kimi sürüdü dalıycan. Kef-damaqdan, ovlamaqdan-quşlamaqdan başı aynımayan canım ilişib qaldı axmazın qırağındakı yulğunluqda, qamışlıqda... At belində dala-qabağa boylanmaqdan boğazım da uzanmışdı. Tay-tuşlarım deyirdi, çox sınıxmışam, rəngim boğulub, gözlərim bərələ qalıb. Bir vaxtlar sevdalanıb fikir çəkənlərə gülərdim Bığlarımı eşə-eşə, bir arvad nədi ki, onnan ötrü özümü dərdə salım, deyərdim. Hamısı bu lələşinə qurbandı. Qurban olduğum bu it qızdarının hamısını Adəm babamızın qabırğasından yaradıb. Etibar yoxdu heç birinə... O günə kimi arvad tayfası mənnən ötrü ova gedəndə atımın quyruğuynan qaçan, vurduğum quşları axmazın qamışlığından tapıb suyu süzülə-süzülə mənə çatdıran, sonra da şöngüyüb yaltaq baxışlarını üzümdən çəkməyən qayışbaldır tulamnan başqa bir şey döyüldi. Gəl ki,... bu it qızı dinimi-imanımı qaçırtmışdı...
Qısa danışmağa söz vermişdi. Sözünü tuta bilmirdi. Ürəyi boşalmırdı. Bilinirdi ki, olanları indiyəcən heç kimə danışmayıb. İndi nə olmuşdu, görəsən?...
-Gündüzlər at belində dolaşar, uzaqdan da olsa, onu görürdüm. Gün batanda sinəm daralırdı. Vurnuxur, başımı qatmağa heç nə tapmırdım. Ayıb eləməsəydilər, gecələri də onu gördüyüm yerlərdə gəzib-dolaşar, yuxum gələndə də bir kolun-kosun dibində yatardım. Başıma gələnnərdən heç nə anlamırdım. Mən bilməmişdim, istək nədi, kiməsə mehr salmaq nə olan şeydi. Deyəsən, Məcnuna dönüb bu yerləri də Ərəbistan çölləri kimi dilə-dişə salacaqdım. Saç-saqqalımın, dırnaqlarımın uzanıb məni insan cildindən çıxarmağına az qalmışdı ki, içimdəki Şeytan dadıma çatdı. Əyilib qulağıma pıçıldadı: a kişi, nə əzmə-büzmə olmusan? Hanı o burov-burov elədiyin günlər? Sən ki, af-uf eləyən deyildin...
Mənə qalsa, arvadları nəyə desən bənzədərdim, Şeytandan başqa. Şeytanın bacardığını onlar da bacarsaydı, heç bir pislik edə bilməzdik onlara. Şeytan bizim içimizdədi. Bu dəfə də məni yol üstə qoydu...

***
-Oğlanın tay-tuşlarından ikisini ələ aldıq. Qoyunları yuyanda zarafatlaşa-zarafatlaşa gəlinin ərini suda batırdılar. Axmazın qırağındakı kötüyə fikir vermüsən? Üstündə arvad-uşaq pal-paltar yuyardı o vaxtlar. Həmin kötük iki o boyda idi. Boynuna da həmin kötüyün yarısını bağlayıb axmazın dibinə endirdilər...

***
Yaxasını açdı... Papiros axtardı... Qutu boşalmışdı. Ev yiyəsinə baxdı. İndi onun da sifəti bozarmışdı...
-Gecə düşən kimi gəlini körpəsiynən oğurlatdırıb binələrə apartdırdım. Özüm də atı dallarıycan uçurtdum...
Evin arvadı məni gəlinin yanına apardı.... Bilmirəm, sən canavarın ağız atdığı, ancaq yeməyə macal tapmadığı əmlik quzu görmüsən, ya yox. Gəlin özünü bundan onqat betər günə qoymuşdu. Yoluq-yoluq elədiyi pırtlaşıq saçları dırnaqlarıynan şırımladığı yanaqlarına, boyun-boğazına yapışmışdı. Od içində yanan bədəni başı kəsilmiş toyuq kimi çırpınır, gərilirdi. Adam-zad tanımırdı....
Bir həftə belə ötdü. Heç kəs ona bir tikə çörək yedizdirə bilmədi. Tez-tez özündən gedir, ayılanda qışqırıb ağlayır, başına, dizinə döyürdü. Uşağına tərəf baxmırdı da. Döşləri südnən dolub şişmişdi. Bu da bir tərəfdən qızdırma verirdi...
Gündüzləri kənddə hərlənir, hava qaralan kimi atı binələrə çapırdım. Gəlinə yaxınlaşa bilmirdim. Evin arvadı körpəni keçi südüynən birtəhər yedizdirib saxlayırdı. Gecə keçənəcən daxmaların arasında vurnuxur, işıqlaşana yaxın kəndə qayıdırdım. Günü birtəhər başa vurub it qurddan seçilməz olanda təzədən binələrə at sürürdüm...
Həmişə qabalıq eləmişəm, acı danışmışam, qarşımdakının sözünü kəsib, qəlbini qırmışam. Bilməmişəm xoş danışıq, şirin söhbət nə olan şeydi. İndi ürəyimə o qədər həzin, isti kəlmələr dolurdu ki, məəttəl qalırdım. Bu sözlərin yiyəsi kimiydi, hardan gəlib ağlıma dolurdu, özüm də bilmirdim...
Uşaqlıqdan aylı gecələrdə vahimələnirəm. Böyüklər danışanda eşitmişdim, deyirdilər, Ayın aydınlığı göz-gözü görməyən qaranlıqdan qorxuludu. Mənsə, aylı gecələrdə özgə heç nədən yox, ancaq özümdən qorxurdum. Səbəbini indiyəcən bilmirəm... O gecə daxmanın ağzındakı kötüyün üstündə tək-tənha oturub papiros çəkirdim. Çobanlar qoyun-quzunu yaylıma aparmışdılar. Daxma yiyəsinin arvadı içəridə çıraq işığına palaz toxuyurdu. Palazı elə asta-asta kirkitləyirdi ki, adamı mürgü basırdı. Həvəni guppuldadanda elə bilirdim daxmanın üstüynən kimsə yüyürür. Bir də cırcıramalar dil-boğaza qoymurdular. Daxmanın böyründəki artırmadan--gəlini saxladığımız yerdən səs gəlmirdi... Yaxınlıqdakı yamacın o üzündən Ay qalxırdı. Pörtmüş sifətini yamaca sürtə-sürtə üzü bəri gəlirdi. Qalxdıqca rəngi durulur, gecəni aydınlaşdırırdı. Sərin meh qalxıb yamacdan üzü bəri əsirdi. İsti yay gecəsində Ayın işığı adamı üşüdürdü. Göz işləyən dörd bir yanda qaraltı görünmürdü. Sakitlikdən adamı vahimə bürüyürdü. Arvad da deyəsən, yuxulamışdı. Sənə deyim ki, əzəldən heç nədən çəkər-bəkərim olmayıb. Çöl-bayır adamı olmuşuq, at belində keçinib aranı dağa, dağı arana qatmışıq. Qorxu-hürkü bilən döyürəm. Tay-tuşlarımnan mərcdəşib çox qorxulu işdəklərin dalıycan getmişəm. Amma... o gecə cücəyə dönmüşdüm. Tutdüğüm işə peşimançılığımı öz-özümə də boyun almaq istəmirdim. Getdikcə başa düşürdüm ki, bu işin altından çıxmaq çətin olacaq...
Deyəsən, mürgüləmişdim. Elə bil, yanımdan kimsə keçdi. Paltarının küləyi məni vurdu elə bil. Kürəyim buza döndü, əlim-ayağım gizildədi. Hava qaralandan bəri tək-tənha oturmuşdum buralarda, dördbir yanda gözə dəyəcək bir qaraltı da yoxdu. Bu nə olan iş idi?!... Məni qara basırdı, yoxsa? Başıma hava gəlirdi bəlkə... Ay da boynumun ardından basıb başımı aşağı əyirdi. Ağzım torpağa çataçatda... içəridə uşaq qurdalandı, zıqqıldadı, halsız-halsız ağladı. Özümü içəri saldım Arvad kirkit qucağında alnını hananın kücüsünə söykəyib yuxulamışdı. O da neçə gündü yorğundu. Körpəni qucağıma aldım. Yenə narazılıqla zıqqıldadı. Sonra səsini kəsdi. Məni adam bildi binəva. Yumruqlarını ağzına salıb marçıldatdı. Ayağımın ucunda anasının yanına apardım. Tanrının heç bir ayıb vermədiyi, çırpınmaqdan, aclıqdan-susuzluqdan həkdən düşmüş gəlin böyrü üstə uzanmışdı. Əlimə girəvə düşmüşdü. Aylardan bəri dərdindən adamlıqdan çıxdığım qadının gücsüz, zəif vücudu qarşımdaydı. Aralı qalmış qapıdan süzülən Ay işığında çəkdiyi əzablardan belə gözəlliyini itirməyən üzünün ifadəsi adamı varından-yoxundan edirdi. Qızdırması vardı, sinəsi tez-tez qalxıb enirdi. Yəqin canavar da şikarını parçalamamışdan qabaq dayanıb ona gözdolusu tamaşa eləyir, qarnından qabaq gözlərini doyuzdurmaq istəyir. Həmin dəqiqədə mənə bircə şey məlum idi; Yer üzünə məndən murdarı, məndən qansızı gəlməmişdi bu günəcən. Uşaq da kirimişdi, sakitcə barmaqlarını sorurdu. Özümə gələndə o da qurcuxdu. Səsi çıxmasın deyə, tez dizlərimi yerə atdım. Gəlinin qolunu yana eliyib yaxasını açdım... Sinəsi ocaq kimi közərirdi, quymaq kimi yumşaq döşləri dolub bərkimişdi. Adamın əlindən sürüşürdü. Belim üzülür, dizlərim taqətdən düşürdü. Eynən axmazın qırağında yulğunluqdakı kimi isti, şirin bir şey içimə axıb təzədən əridirdi məni. Ölü kimi qalmışdı. Körpənin başını qaldırıb sifətini anasının sinəsinə yaxınlaşdırdım. Uşaq səbirsiz-səbirsiz əl-ayağını oynatdı, dodaqları axtarıb-axtarıb döşün giləsini tapdı... Hər şey də elə bu dəqiqədən başladı. Uşağın dili-dodağı elə bil oda yapışdı; nəfəsi kəsildi, bir-iki dəfə hıçqırıb gərildi. Birdən... dəli kimi bərkdən çığırıb göynəyə-göynəyə, qarala-qarala ağlamağa başladı. Ağlım kəsəndən körpə uşağın belə göz yaşı axıtdığını görməmişdim. Ay işığında gicgahlarına süzülən göz yaşları da adamın əlini yandırırdı... O səsin indiyəcən o dağlardan çəkildiyinə inanmıram. Gəlin səsə gözlərini açdı. Yuxulu, key baxışlarla mənə, qucağımdakı uşağa baxdı... Bbədirlənmiş Aydan da gözəl sifəti tutuldu, nazik qaşlarını çatıb baxışlarını bircə üzümdə saxladı... Bəbəkləri böyüdü, çənəsi sıxıldı. Başı balışa düşdü...
...Bu əhvalat baş verəndə camaatın çoxu yaylaqdaydı. Arandakı qulağıkəsiklərin də çoxunun xəbəri olmadı. Xəbəri olan danışa bilmədi, danışmaq istəyən də dil tərpədib söz soruşmağa ürək eləmədi. Bir kişinin qeyrəti çatmadı desin ki, ay filan-filan olmuş, sən axı, bu dünyaya adam balası kimi gəlmişdin, niyə dönüb canavar oldun? Demədilər, qardaş, demədilər...Desəydilər, nə vardı ki,... Qaragöz çobanla onun ayıbsız arvadının əhvalatını açıb-bükən olmadı...

(ardı var)

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV