adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MÜƏLLİMİN SƏSİ

KAMALƏ ABİYEVA
85215 | 2014-05-31 04:18
Cənab prezident! Sizə sadəcə təhsilin bugünkü durumundan narahat bir müəllim, vətəndaş kimi müraciət edirəm. Problemlərdən uzun-uzadı yazmaq fikrim yoxdu. Sizin və Mehriban xanımın təhsilimizə göstərdiyiniz diqqət və qayğınısa vurğulamamaq olmaz. Və nə qədər təşəkkür etsək azdı. Digər məsələləri, problemləri özümüz-vətəni sevən hər kəs həll etməlidi. Təbii ilk öncə müəllimlər. Hələki problemlər qalmaqdadı. Nazirimizi dəyişdiz. Prezidentin qərarına hörmət etmək hər bir vətəndaşın borcudur, mənim də. İndi məktəb, tədris yalnız şagird, tələbə kimi yaddaşında qalan cavan nazirimiz nələr edəcək kimsə dəqiq deyə bilməz. Bəlkə yaxşı olacaq. Yəni ümidimiz bunadı. Hələki qarmaqarışıqlıq içindəyik.
Bu qarmaqarışıq vəziyyətdən müəllimlər öz təcrübəsi, bacarığı, savadıyla birtəhər çıxmağa çalışırlar. Məni narahat edən məktəbin, müəllimin getdikcə nüfuzdan düşməsi, yeniyetmələrdə məsuliyyət hissinin azalması, laqeydliyin artması, kasıb ailələrin savadlı uşaqlarının təhsillərini davam etdirmək istəməsidi. Hamı kimi mən də düşünürdüm ki, hörmətli nazirimiz mütləq bu sahədə ciddi addımlar atacaq, tədbirlər görəcək. Nə oldu? Hələki heç nə. İndi andiçmə, imtahan vermə kimi məsələlər çıxdı. Çoxları narazıdı. Ancaq mən yalnız öz adıma danışmaq istəyirəm. Orta məktəbi və Pedaqoji universiteti əla qiymətlə bitirmişəm. Pedoqoji fəalliyyətimin 40 yaşına çox qalmayıb. Müəllim ailəsində böyümüşəm. Dəqiq desəm üç əsrdən artıq pedaqoji təcrübəsi olan bir müəllim nəslinin nümayəndəsiyəm. Təkcə anam 75 illik ömrünün 55 ilini müəllim işləyib. 50-ci illərdə fizika-riyaziyyat fakültəsinin adlı təqaüdünü alan ilk tələbələrdən, qızlardan birincisi olub. Necə deməyim ki, APU-da can qoyub, pedaqoq yetişdirib. Mən də yaxşı müəllim olmağa çalışmışam həmişə, həmişə də sevilən, seçilən olmuşam. "Əməkdar müəllim" adı ala bilməsəm də "Qabaqcıl təhsil işçisi"yəm. Hal-hazırda tədris olunan 10-11-ci siniflərin Fizika dərsliyinin rəyçilərindən biriyəm. Təkcə 10-cu sinfin fizikadan dərslik - maketinə verdiyim 109 irad və təklifin səksənə yaxını qəbul olundu. Hətta mən oxuduğum dövrdən "Reaktiv hərəkət"mövzusunda tərifini tapa bilməyən peyklərə verdiyim tərif hal-hazırda da dərslikdədir. (FİZİKA 10 səh.44. 3.9). "İdeal, Nümunəvi insan, müəllimə, ürəyinin sultanı, əvəzsiz,.." hesab edən, həyatlarında olmağımla fəxr edən, özünü xoşbəxt sayan şagirdlərim, məzunlarım da yüzlərlədir. Özüm də yazı adamıyam. Dörd şeir kitabının müəllifi, AYB-nin üzvüyəm. Hamının "Məktəblilərin himni" adlandırdığı "Məktəb illəri" mahnısının söz müəllifiyəm. Deməyim o ki, bütün bunlara rəğmən niyə imtahan verəcəyimi anlaya bilmirəm. Əslində HÖRMƏTSİZLİK kimi anlayıram sadəcə. Özü də tək özümə deyil, bütün müəllimlərə, məktəbə, şagirdlərə-təhsilə, cəmiyyətə. İndi sınaq imtahanından keçməyənlər, ya zəif yazanlar kursa gedəcək, oxuyacaq. Kurslar onsuz da var, müəllimlər də gedir, oxuyur il boyu. Bu sınaq imtahanından keçə bilməyənlər attestasiyaya buraxılmayacaq. Nələr olacaq bilmirəm. Ancaq mən bu imtahanların keçirilməsinə etiraz olaraq sınaq imtahanlarında iştirak etməyəcəm. Çünki mən MÜƏLLİM olmuşam. Kimə imtahan verməliyəm? Niyə imtahan verməliyəm? Müəllimə qarşı nə ədalətsizlikdi bu? Müəllim nüfuzunu gözdən salmaqdı sadəcə. Eybi yox, qoy məni işdən çıxarsınlar.
Cənab prezident! İstənilən məktəb rəhbəri zəif, savadsız, rüşvətxor müəllimini də tanıyır, məktəbin, təhsilin nüfuzunu öz çiynində daşıyan, qoruyan müəllimini də. Bu danılmaz həqiqətdi. Bununçün müəllimləri belə aşağılamaq gərək deyil. Hamı oxuyub, ali məktəb bitirib. Cavanlar magistratura qurtarıblar, işə qəbul testlə aparılır. Bu nə üçündü? İnanmıram ki, təhsilə yardım üçün edilir. Təhsilə ən yaxşı yardım savadlı, işini, məktəbi, uşaqları sevən, vicdanlı, ən əsası təcrübəli məktəb direktorlarının olmasıdı. Ən əsas APU-nə qəbulu tənzimləmək lazımdı. Pedaqoji universitetdə çox az tələbə tapılar ki, müəllim olmaq üçün orda təhsil alır. Bir də yüz test imtahanı olsun, yüz texniki vasitədən istifadə edə bilsin, insanın ağlı, ürəyi, vicdanı müəllim deyilsə, təhsilimiz irəli getməyəcək. Belə insanları tapmaq, qorumaq, dəyər vermək gərəkdi.
Cənab prezident! Bu məsələni yalnız SİZ həll edə bilərsiz. Artıq müəllimlər, məktəblər tənqid, gülüş obyektinə çevrilir. Sonrakı müzakirələr nə qədər TƏHSİLİN nüfuzuna ziyan vuracaq! Bunu düşünmək belə istəmirəm. Xahiş edirəm bunun qarşısını alın.

Kamalə Abiyeva
Sayğıyla Yasamal rayon A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin müəllimi, şairə

TƏQVİM / ARXİV